“İllərimi səhnəyə
vermişəmsə, deməli, qismət beləymiş...”
İncəsənət elə bir yaradıcılıq
sahəsidir ki, ömrünü ona həsr edənlərin qəbul
edilmək, tanınmaq, sevilmək, dəyərləndirilmək
kimi umacağı var. Təəssüf ki, bu sadalananların hər
biri sənətə gələn hər kəsin qismətinə
düşmür. Bəzən qəbul edilən
tanınmır, tanınanın sevilmək şansı olmur, ya
da sevilənin əməyi, istedadı layiqincə dəyərləndirilmir.
Hər nədənsə, səhnəmizdə,
çağdaş teatrımızda onlarla (bəlkə də
yüzlərlə) aktyor, aktrisa var ki, ömür verdikləri
sənətin dəyərini almayıblar. Ən azından
onların mətbuat sarıdan qədirbilənlik
umacağı var ki, biz də “Mədəniyyət” qəzeti
olaraq ömür yolunu səhnədən salıb öz
cığırından çıxmayan sənətçilərmizi
daha yaxından tanımaq və tanıtmaq niyyətindəyik.
Beləliklə, “Yolun ki səhnədən
düşdü” silsiləsindən ilk qonağımız Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının aktrisası
Gülcahan Salamovadır.
Həmişə sadə görünüşlü,
üzündə ciddi təbəssüm olan, hətta səhnədən,
ekrandan bizə baxanda da öz tamaşaçılarından,
demək olar ki, heç fərqlənməyən bir xanım.
Teatrın qrim otağında üzbəüz əyləşib
söhbət edirik.
– Gülcahan xanım, necə oldu ki, yolunuz səhnədən
düşdü…
– Sənət, peşə arzularım bəlkə də
bir-birindən çox uzaq idi. Uşaq olanda üç sənətdən
yaman xoşum gəlirdi: bağçada tərbiyəçi,
hüquqşünas, bir də aktyor…
– Maraqlıdır…
– Görürsünüz, bir-birindən tamam fərqli
sahələrdə özümü görürdüm…
– Məncə, ilk
baxışda nə qədər uzaq görünsələr də,
onları birləşdirən incə bir tel var.
– Bəlkə də… Məktəbdə yaxşı
oxuyurdum.
– Yəqin o illərin özfəaliyyət dərnəyində
də çıxış etmisiniz?
– Yox… Hətta universitetə sənəd verəndə
də qabiliyyət imtahanına təkcə
hazırlaşdım. Sadəcə, maraqlandım ki, neyləmək
lazımdır, məndən nə soruşacaqlar, özüm
öyrəndim hamısını…
– Və elə ilk cəhddən də qəbul oldunuz…
– Sizə bir sirr açım. Aktrisa olmağı
arzulasam da, tamaşaçılardan qorxurdum. Bizim teatrın
aktrisası Səmayə Musayeva qonşumuza gəlib-gedirdi. Bir
gün ondan soruşdum ki, aktyor səhnədə
özünü necə hiss edir? Səmayə xanım səhnə
arxasındakı həyəcandan danışdı, sonra dedi
ki, salon dolu olanda biz səhnədə daha həvəslə
çıxış edirik, elə ki, tamaşaya az adam gəlir,
biz də həvəssiz oynayırıq. O
danışdıqca, mən də uşaq sadəlövhlüyü
ilə fikirləşirdim ki, kaş mən səhnəyə
çıxanda salonda tamaşaçı az olaydı; adam az
olsa, mən də həyəcanlanmaram (gülür).
– Qəribə sirriniz varmış…
– İndiyədək heç bir müsahibəmdə
bunu deməmişəm. Orta məktəbi qurtarandan sonra iki il
bağça müəllimliyinə, pedaqoji texnikuma sənəd
verdim və… kəsildim. Üçüncü il fikirləşdim
ki, daha qorxmaycağam, Mədəniyyət və İncəsənət
Universitetinə sənəd verəcəyəm. Qabiliyyət
imtahanında təmsil söylədim, mahnı oxudum,
tapşırılan etüdü yerinə yetirdim. Sonda da məlum
oldu ki, hər birindən 5 almışam.
– Musiqili komediya aktyorluğu ixtisası üzrə təhsil
almısınız. Sənət müəlliminiz kim olub?
– Vaqif Ağayevin (görkəmli aktoyrumuz Əliağa
Ağayevin oğlu) kursunda oxumuşam. Axırıncı kursda
oxuyanda bizim kursu Rafiq Atakişiyevə verdilər. Rafiq müəllim
o zaman Musiqili Komediya Teatrında işləyirdi və
“Qızıl toy” tamaşasını yenicə səhnələşdirmişdi.
Elə bizim diplom tamaşamız üçün də
“Qızıl toy”u seçdi, mənə də Aygün rolunu
tapşırdı. Universiteti bitirib teatra gələndə də
məni “Qızıl toy” tamaşasına daxil etdilər.
Böyük səhnədə də ilk rolum Aygün oldu.
– Əsas məsələ: tamaşa salonunu dolu görəndə
qorxmadınız ki?
– Yox. Yavaş-yavaş alışdım…
– Səhnəyə də alışdınız, bir də
gördünüz ki…
– Hə, bir də gördüm ki, ömür yarı
olub, bu teatra da illərimi vermişəm.
– Bəs qazancınız nə olub?
– Bir-birindən maraqlı rollar, illərlə
repertuardan düşməyən tamaşalarda məşğulluq,
bir də tamaşaçı alqışı,
tamaşaçı sevgisi.
– Bunlar “mən sənətimdən yarıdım” deməyə
kifayət edir?
– …
– Gülcahan xanım, siz susursunuz, ona görə də
mən öz fikrimi deyəcəyəm. Əgər müəyyən
qiymətləndirmə sistemi varsa, o zaman gərək həmin
bölgü ədalətli ola.
– Bəzən adamın ürəyi sınır, fikirləşirsən
ki, niyə belə oldu? Axı, mən sənətə illərimi
verdim. Deyim ki, bir neçə il Prezident
mükafatçısı olmuşam, “Fəxri mədəniyyət
işçisi” nişanı ilə təltif olunmuşam.
İşləyirəm, tamaşalarda varam. Lap bu yaxınlarda
mövsümün son premyerasını təhvil verdik:
Anarın “Adamın adamı” tamaşasında Balaxanım
obrazını mənə veriblər. Seriallara, filmlərə
çəkilirəm. Düzdür, filmlərin çoxu
komediyadır.
– Amma aralarında “Bir
qadın” serialında oynadığınız Firuzə də
var.
– Elədir. Firuzə bəxtəvər qadın deyil,
hətta övladını da itirir serialın sonunda.
– Bildiyim qədər, komik vəziyyət
seriallarında uğurlarınız az deyil...
– “Niyə?” serialına çəkiləndən sonra
küçədə, avtobusda uşaqlar məni göstərib
deyirdilər ki, “bax, bax, Südabə xala!”. Bəzən də
adamlar mənimlə rastlaşanda tanış olmaq istəyir,
rollarım barədə suallar verirlər. Düzdür, ictimai
yerdə belə münasibət görəndə diqqəti cəlb
etdiyim üçün bir az utanıram. Amma bu da işimizin
mükafatı, xalqın sevgisidir.
– Gülcahan xanım, şəxsi sual versəm, inciməzsiniz?
– Çalışaram…
– Bildiyim qədər, təksiniz…
– Elədir.
– Peşman deyilsiniz?
– 50:50-yə. Bir tərəfdən fikirləşirəm
ki, bütün qərarlarımı verməkdə sərbəstlik,
məişət qayğılarından qismən azad olmaq
baxımından belə yaxşıdır. Amma xəstələnəndə,
ya da ürəyini boşaltmağa, dərdləşməyə
adam tapmayanda peşman olursan ki, kaş ailə quraydım, indi
tək olmazdım.
– Niyə ailə qurmadınız? Qarşınıza
çıxanlar sizi “ya səhnə, ya ailə” seçimi
qarşısında qoydular?
– Yox. Boynuma alım ki, teatra təzə gələn
vaxtlarımda evlilik məni qətiyyən
düşündürmürdü, karyera hayında idim. Sonralar
da ürəyimə yatan adamla rastlaşmadım. Sevmədiyin,
ürəyincə olmayan adamla necə birlikdə yaşamaq
olar?
– Hərçənd yaşayanlar var, amma mən sizin
fikrinizə şərikəm.
– Deməli, mənim də qismətim belə
yazılıbmış. Hərçənd mən
özümü tənha saymıram. Çoxuşaqlı ailədə
böyümüşəm. 4 qardaş, 2 bacı olmuşuq. Bu
gün bacımın balalarını, nəvələrini
öz balam kimi sevirəm.
– Keçmişə boylananda nə üçün
darıxırsınız?
– Uşaqlığım üçün. Rəhmətlik
anam Ofeliya Aslanı çox sevərdi. Onu bir obrazının
adı ilə Matan çağırardı. Mən ilk dəfə
deyəndə ki, aktrisa olacağam, anam soruşdu ki, Matan kimi?
Təəssüf ki, universiteti bitirməyimə az
qalmış anam vəfat etdi, məni səhnədə
görmək ona qismət olmadı. Bir də… Bacım
üçün darıxıram. COVİD 19-un sonuncu
dalğası gələndə ikimiz də yoluxduq. Mən
sağaldım, amma bacım yox…
***
Aktrisa Gülcahan Salamovanı çağdaş Azərbaycan
səhnəsindən, ekranından xəbərsiz birinə
göstərsək, onları lap elə şəxsən
tanış etsək, həmin şəxsin bəlkə
ağlına da gəlməz ki, Gülcahan xanım
aktrisadır, özü də komediya əsərlərində
yetişib püxtələşmiş, hər cür tipaj
yaratmağa qabil aktrisa, – inanmaz. Çünki Gülcahan
Salamova yolu səhnədən düşdüyü
üçün, özünü həmin səhnədə
tapdığı üçün xoşbəxt ola bilən,
qalmaqaldan, sənətdə nəyisə qamarlamaq uğrunda
mübarizədən, haqlı-haqsız iddialardan uzaq sənətçidir.
Gülbikəsi, Gülnazı, Aygünü, Qəndabı,
Fatması, Anaxanımı, Qəməri, Gülpərisi,
Gövhəri, Firuzəsi, Südabəsi ilə hər birimizə
yaxın rəfiqə, doğma bacı təəssüratı
bağışlayan xanımdır. Bəlkə də əsl
sənətçi xanım elə onun kimi olmalıdır: təvazökar,
sakit təbiətli, işinin ustası...
Gülcahan Mirməmməd
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.6.