Üzeyir bəyin
“Firdovsi” kantatası necə yaranıb?
Müsəlman Şərqində ilk operanın müəllifi
olan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyli
1910-cu ildə növbəti irihəcmli əsərini –
görkəmli fars-tacik şairi Əbülqasım Firdovsinin
(934–1020) “Şahnamə” poemasının motivləri əsasında
“Rüstəm və Söhrab” operasını yazır.
“Rüstəm və Söhrab” Firdovsinin “Şahnamə”
poemasının ən qəmli dastan-rəvayətidır.
Dastanda ata-oğul bir-birini tanımadan döyüş
meydanında rastlaşırlar və nəticədə bilmədən
ata oğlunu öldürür...
Üzeyir Hacıbəylinin bu dastandan təsirlənərək
yaratdığı “Rüstəm və Söhrab” operası həmin
dövrdə bir neçə dəfə nümayiş olunub,
sonra isə səhnələrdən götürülərək
unudulub. Lakin Üzeyir bəy həmişə Firdovsi
yaradıcılığına rəğbət bəsləyib.
1934-cü ildə Firdovsinin 1000 illik yubileyi bir sıra
ölkələrdə, o cümlədən də Azərbaycanda
geniş qeyd edilib. Dahi şair-dramaturq Hüseyn Cavid “Şahnamə”nin
motivləri əsasında “Səyavuş” mənzum faciəsini
yazır. Üzeyir bəy isə bu münasibətlə ikihissəli
bir kantata ərsəyə gətirir.
“Firdovsi” kantatası musiqişünaslar tərəfindən
maraqla qarşılanır. Yubiley münasibətilə Moskvada
təşkil olunan tədbirdə Azərbaycan ziyalıları
da iştirak edirlər. Heyət Bakıya qayıdır, onlarla
birgə İranın tanınmış musiqişünas-alimi
Səid Nəfisi də paytaxtımıza gəlir. O, Üzeyir
bəylə görüşür. Onlar bir-biri ilə farsca
danışırlar. Səid Nəfisi dahi bəstəkarın
bu dildə səlis danışmasından təəccüblənir.
Bəstəkardan fars dilini necə öyrəndiyini xəbər
alır. Üzeyir bəy gülümsəyir... Çünki
o, uşaq ikən mollaxanada fars dilini öyrənmiş, həmçinin
gürcü və ərəb dillərini də, az da olsa, mənimsəmişdi.
Üzeyir bəy rus dilini isə çox yüksək səviyyədə
bilirdi. Bu dilləri bilmək Üzeyir bəyin həm həyatında,
həm də yaradıcılığında onun köməyinə
çatmışdı. Eyni zamanda
yaradıcılığı uğurlarına öz müsbət
təsirini göstərmişdi...
“Firdovsi” kantatası yazıldığı dövrdə
dəfələrlə ifa olunmuşdu. Lakin sonralar bəstəkarın
yeni musiqi əsərləri ortaya çıxdıqca bu kantata
daha az ifa edilir və yavaş-yavaş unudulur. Üzeyir
Hacıbəylinin Ev-Muzeyində 90 yaşlı bu əsərin
bəzi əlyazmaları qorunur.
Selcan Heydərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin böyük elmi
işçisi
Mədəniyyət .-2024.-
10 iyul,№51.- S.6.