Teatrlar pərdələri
bağlayır
Mövsümə necə və nə ilə yekun
vurulur?
Daha bir teatr mövsümü də, beləcə,
başa çatır. Yayın bu cırhacırında məsələyə
soyuq başla nəzər salsaq, sözsüz ki, mövsüm ərzində
maraqlı, yaddaqalan, tamaşaçı diqqətini cəlb edən
teatr xəbərləri oldu. Amma ümumilikdə sənət
hadisəsindən bəhs etməyə çətinlik çəkirik...
Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir
sıra teatrlar xaricdə qastrollarda, festival və konfranslarda
iştirak etdilər. Bundan başqa, nazirliyin təşkilatçılığı
ilə teatrların regionlarda qastrolları bu mövsümdə
də davam etdi. Həmçinin ölkə miqyasında bir
sıra mədəniyyət layihələrində, bədii
proqramlarda teatr kollektivləri də yer aldılar.
Bununla yanaşı, cari teatr mənzərəsində,
repertuar tərtibindən təqdimatadək yenə pərakəndəlik
özünü göstərdi. Buraya xüsusilə eyni əsərlərin
fərqli teatrlarda qurulmasını aid edə bilərik.
Amma bütün bu və digər nüanslara rəğmən
ölkədə fəaliyyət göstərən sənət
ocaqları 151-ci teatr mövsümünü ümumən rəngarəng
etməyə çalışdılar. Mövsümün
yekunları, özəlliklə teatrların beynəlxalq
festivallarda iştirakı və qastrolları barədə
ayrıca yazımız olacaq. Hələliksə, pərdələrini
bağlayan (və bağlamağa hazırlaşan) teatrlarla
bağlı ümumi icmalı təqdim edirik.
***
Bildiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının binası əsaslı təmir-bərpa
prosesindədir. Bu səbəbdən il ərzində teatr
tamaşaçılarını fərqli məkanlarda
qarşılayıb. Yəqin həm
də bu səbəbdən sənət ocağı operasevərlərlə
nisbətən erkən sağollaşıb.
Mövsümün son tamaşası olaraq iyunun 20-də
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası
(quruluşçu rejissor Əməkdar incəsənət
xadimi Hafiz Quliyev) Opera studiyasında göstərilib.
Mövsümün sonunda Akademik Opera və Balet
Teatrı adına çox əlamətdar hadisəni qeyd etməliyik.
Teatrın balet truppası bu günlərdə Heydər
Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi ilə İtaliyanın Genuya şəhərində
keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak
edir. Balet artistlərimiz nüfuzlu sənət bayramında
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini təqdim
ediblər.
***
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
mövsümü iyunun 30-da başa vurub. Teatrda həmin
gün Cəlil Məmmədquluzadənin “Ölülər”
tragikomediyası
(quruluşçu rejissor Xalq artisti Azərpaşa Nemətov)
oynanılıb
Repertuarını yeni tamaşalarla zənginləşdirən
Milli Dram Teatrı bu mövsüm beynəlxalq sənət əlaqələrini
də inkişaf etdirib. O cümlədən 28–30 iyun tarixlərində
II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli
Teatrlarının Birinci Yay Festivalında (Vladimir vilayətinin
Suzdal şəhərində) təmsil olunub.
***
Cari mövsüm Azərbaycan Dövlət Akademik
Musiqili Teatrı üçün də məhsuldar olub. Teatr təmsilçiləri
114-cü mövsümün sonunda da ənənəvi olaraq
“Premeyeralar paradı” elan edib və bir neçə yeni səhnə
işini tamaşaçı ilə
görüşdürür.
Mövsümün son tamaşası isə 19 iyulda
nümayiş olunacaq. Bu, Üzeyir Hacıbəylinin “O
olmasın, bu olsun” (quruluşçu rejissor Xalq artisti Cənnət
Səlimova) musiqili komediyasıdır.
***
Akademik Rus Dram Teatrı da artıq mövsümü
başa vurub. Mövsüm ərzində bir premyera edən
teatr xaricdən qonaq kollektivlər də qarşılayıb,
özü də beynəlxalq sənət tədbirlərinə
qatılıb. O cümlədən may ayında ilk dəfə
“Melixovo baharı” Beynəlxalq Teatr Festivalında (Moskva vilayəti,
A.P.Çexovun “Melixovo” muzey-qoruğu) iştirak edib.
Yaradıcı heyət tamaşaçıları ilə
Georq Büxnerin eyniadlı pyesi əsasında ərsəyə
gətirilən “Voysek” tamaşası ilə (quruluş: Xalq
artisti Aleksandr Şarovski) iyunun 30-da sağollaşıb.
***
Yuğ Dövlət Teatrı üçün 35-ci
mövsüm həm premyeralar, həm də səfərlər
baxımından yaddaqalan olub. Teatr bu yaxınlarda (10-14 iyun)
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti
Günlərində də iştirak edib. Kollektiv mövsümə
iyulun 14-də Xalq yazıçısı Anarın
“Asılqanda işləyən qadının hekayəti” əsəri
əsasında hazırlanan “Asılqan” (quruluşçu
rejissor Əbdülqəni Əliyev) tamaşasının
nümayişi ilə yekun vuracaq.
***
Azərbaycan Dövlət Kukla Teatrında da
mövsümün bağlanışı iyulun 14-nə nəzərdə
tutulub. Həmin gün balaca tamaşaçılara teatrın
bu mövsümdəki premyeralarından biri – Xanımana
Əlibəylinin mənzum pyesi əsasında “Dovşanın
ad günü” tamaşası (quruluşçu rejissoru Səidə
Haqverdiyeva) təqdim ediləcək.
***
Azərbaycan Dövlət Pantomima Teatrı isə
yubiley mövsümünü başa vurur. 30 yaşını
qeyd edən kollektiv mövsümün son akkordunu iyulun 14-də
V.Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında
hazırlanan (quruluşçu rejissor Ceyhun Dadaşov)
eyniadlı pantomima tamaşası ilə vuracaq.
***
Şuşa Dövlət Musiqili Dram Teatrı sadiq
tamaşaçıları qarşısında cari
mövsümdə son olaraq iyulun 19-da sonuncu premyeraları – Nəcəf
bəy Vəzirovun eyniadlı əsəri əsasında səhnələşdirilən
“Dağılan tifaq” (quruluşçu rejissor Əməkdar
artist Yadigar Muradov) ilə çıxış edəcəklər.
***
Bakı Uşaq və Gənclər Teatrında
mövsümə premyera ilə yekun vurulacaq. İyulun 15-də
teatr təmsilçiləri Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının səhnəsində “Arvadım olun”
tamaşasını (quruluşçu rejissor Elşən
Zeynallı) göstərəcək. Fransız
yazıçısı Raffi Şartın əsəri əsasında
səhnələşdirilən tamaşa böyüklər
üçün nəzərdə tutulub.
***
Paytaxtdan kənarda fəaliyyət göstərən
teatrlar da mövsüm ərzində aktivlik nümayiş
etdirməyə çalışıblar.
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrı
mövsümünə iyulun 5-də Həsənəli
Eyvazlının “Araz sahilində doğan günəş” əsəri
əsasında hazırlanan eyniadlı tamaşa
(quruluşçu rejissor Mir Qabil Əkbərov) ilə yekun
vurub. Onu da qeyd edək ki, teatr bu tamaşa ilə muxtar
respublikanın bütün rayon mərkəzlərində
çıxış edib. Teatr bu mövsüm Türkiyədə
qastrolda da olub.
***
Salyan Dövlət Kukla Teatrı təmsilçiləri
iyulun 6-da 30-cu teatr mövsümlərini Xanımana Əlibəylinin
“Dovşanın ad günü” pyesi əsasında hazırlanan
eyniadlı tamaşa ilə (quruluşçu rejissor: Əməkdar
mədəniyyət işçisi Laləzar Hüseynova)
bağlayıblar.
***
Gəncə Dövlət Kukla Teatrının kollektivi
isə son nümayişlərini iyulun 10-una nəzərdə
tutub. Teatrın son premyeralarından olan Korney Çukovskinin
“Milçək Vizilçək” kukla tamaşası
(quruluşçu rejissoru Zülfiyyə Əliyeva) göstəriləcək.
***
Qusar Dövlət Ləzgi Dram Teatrı sevimli
tamaşaçıları ilə mövsümdə
axırıncı görüşünü iyulun 17-nə təyin
edib. Həmin gün Qusar şəhərindəki general Mahmud
Əbilov adına meydanda Mirzəli Rüstəmovun “Yeni
müdir” tamaşası (quruluşçu rejissor: Bağır
Əhmədov) nümayiş olunacaq.
***
Qax Dövlət Kukla Teatrı
yazıçı-dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu
ayı balası” nağılına verdiyi özünəməxsus
quruluşunu iyulun 15-də təqdim edəcək. Xatırladaq
ki, bu, Araz Mehrablının quruluş verdiyi tamaşanın
premyera nümayişidir.***
Füzuli Dövlət Dram Teatrı da mövsümə
“Qarınqulu ayı balası” nağıl-tamaşası ilə
yekun vuracaq. Quruluşçu rejissoru Emin Abışov olan
tamaşanın nümayişi iyulun 13-nə nəzərdə
tutulub.
***
Şəki Dövlət Dram Teatrı da ənənəsinə
sadiq qalaraq mövsümünə premyera ilə yekun vuracaq.
Özü də ölkə teatrları içərisində
ən gec. Xalq yazıçısı İlyas Əfəndiyevin
məşhur əsəri əsasında teatrın
quruluşçu rejissoru Elvin Nuri tərəfindən səhnələşdirilən
“Sən həmişə mənimləsən...” (“Boy
çiçəyi”) tamaşası iyulun sonlarında
nümayiş olunmalıdır. Onu da qeyd edək ki, tamaşa
İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə
hazırlanıb.
***
Qazax Dövlət Dram Teatrından da son xəbərimiz
premyera ilə bağlıdır. Teatr Əli Əmirlinin “Onun
iki qabırğası” komediyasına müraciət edərək,
onu yeni səhnə yozumunda hazırlayıb. Birhissəli məişət
komediyasına teatrın baş rejissoru Əməkdar artist Musa
Eyyubov quruluş verib. Premyera iyulun 13-də olacaq və bununla
da mövsümə yekun vurulacaq.
***
Lənkəran Dövlət Dram Teatrının “Cəmilə”
romantik dramı isə iyulun 19-da son nümayiş kimi nəzərdə
tutulub. Məşhur qırğız yazıçı
Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilən
tamaşanın quruluşçu rejissoru İmran Ali
Qurbandır.
***
Sumqayıt Dövlət Dram Teatrı isə
mövsümün sonu olaraq iyulun 16-da repertuarındakı
“qocaman” səhnə nümunələrindən birini – “Ocaq”
tamaşasını təqdim edəcək. Türkiyə
yazıçısı Turqut Özakmanın eyniadlı əsəri
əsasında hazırlanan tamaşanın
quruluşçu rejissoru Xalq
artisti Firudin Məhərrəmovdur.
Həmidə Rüstəmova
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.5.