Türkiyədə “Azərbaycanın
sirləri” kitabı nəşr olunub
Türkiyə Prezident Administrasiyasının
İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən
“Bir millət, iki dövlət” şüarı ilə
hazırlanan “Azərbaycanın sirləri” kitabı nəşr
olunub. Nəşrdə Türkiyə-Azərbaycan
qardaşlığı, Qarabağ Zəfəri, Azərbaycanın
dərin tarixə malik mədəniyyəti əksini tapıb.
Ön sözün müəllifi Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğandır.
Türkiyə Prezidenti nəşrdə Azərbaycanla
bağlı fikirlərini belə ifadə edib: “Ana yurdu
Ergenekonda dəmir dağını əridən Türkün əzmi
Azərbaycanda 44 günlük Qarabağ Zəfəri ilə
yenidən ortaya çıxaraq bəxtini bir daha dəyişdi.
Ərazi bütövlüyünü uğurla bərqərar
edən Azərbaycanın yaşadığı haqlı
qürur və sevinci bütün türk xalqları
paylaşır. Bu Qələbə Zəngəzur dəhlizi
vasitəsilə türk dövlətlərinin coğrafi
bütövlüyü və qardaşlığını
daha da gücləndirmək imkanı, regionda və bütün
dünyada sülhün təminatı olmaq fürsətini
yaradıb. Çünki güclü Türk birliyi bəşəriyyətə
sülhün dayağıdır. Bir ağacın budaqları
kimi türk ölkələrinin mədəni
qardaşlığı ortaq bir qovluqla Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilmiş çoxsaylı miraslarımızda da əks
olunur...”.
Qeyd olunur ki, eyni dildə danışan, tarixi, mədəniyyəti
bir, 300 milyonluq çox böyük bir ailənin üzvləri
olaraq inanırıq ki, əldə etdiyimiz hər uğur,
çatdığımız hər məqsəddə təkcə
Türkiyənin deyil, bütün türk dövlətlərinin
bayrağını dalğalandırırıq. Qolunda
Türkiyə bayrağı ilə yanaşı, qardaş Azərbaycanın
bayrağını da kosmosun ürəyinə aparan türk
astronavtımızda da bu anlayışın dərin izini
gördük.
Altı fəsildən ibarət kitabda ölkələrimiz
arasındakı qardaşlığın tarixi kökləri,
“Bir millət, iki dövlət” şüarı, ölkələrimizin
ortaq baxışı, fəaliyyəti və müqavilələri,
Qarabağ Zəfəri, Şuşa Bəyannaməsi (2021),
Ortaq Media Platformasının yaradılması, Azərbaycanın
milli bayramları, mətbəxi, xalçaçılıq,
simli alətlər, ipəkçilik kimi mədəniyyət
nümunələri, tarixi abidələri və s.
mövzularda məqalələr yer alıb. Azərbaycanın
şanlı Zəfəri ilə nəticələnən
İkinci Qarabağ müharibəsi xüsusi
hazırlanmış infoqrafiklə təqdim edilib.
Azərbaycan, türk və ingilis dillərində nəşr
edilən kitabda hər mövzuya dair fotoşəkillər
verilib.
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.8.