Növbəti “İpək
Yolu” musiqi festivalı tarixə çevrildi
Hər bir hadisə özlüyündə bir tarixdir.
Amma o hadisələr tarixin yaddaşında qalır ki, onlar
xalq üçün, ölkə üçün əhəmiyyət
kəsb edir. Mədəni həyatda da həmçinin. 2010-cu
ildə Azərbaycanın mədəniyyət təqviminə
daxil olan və hər il müxtəlif ölkələrdən
musiqi kollektivlərini, ifaçıları bir araya gətirən
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı da
belə hadisələrdəndir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz
Əlizadənin bədii rəhbəri olduğu bu festival hər
yay qədim diyarımız Şəkidə musiqi bayramı
kimi keçirilir. Bu illər ərzində ümumilikdə 35
ölkədən musiqiçilər öz
çıxışları ilə “İpək Yolu”nda iz
qoyub.Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki Şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə bu dəfə də festival zəngin proqramı ilə
sənətsevərlərə musiqi ziyafəti bəxş
etdi. 5-7 iyul tarixlərində
keçirilən XIII Şəki “İpək Yolu” Beynəlxalq
Musiqi Festivalı tarixi hadisə kimi yaddaşlarda qalacaq.
***
İndi isə festivalın proqramından bir qədər
ətraflı bəhs edək.
İyulun 5-də, festivalın ilk günü öncə
“Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində
Rusiyanın Kazan şəhərindən (Tatarıstan
Respublikası) gələn mahir bayan ifaçısı Aydar
Salaxov bizim ifaçılar Kamil Mustafayev (bas-gitara) və
Əli Nəsiblə (zərb) bir səhnəni
bölüşərək maraqlı repertuarla
çıxış etdilər. Qonaq musiqiçinin
ifasında A.Vivaldinin “İlin fəsilləri”ndən
“Qış”, Montinin “Çardaş”, öz bəstəsi olan
“Təsadüfi görüş” və digər əsərlər
tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı.
Axşam “Marxal” istirahət kompleksinin Yay teatrında
festivalın təntənəli açılış mərasimi
oldu.
Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov, festivalın bədii rəhbəri
Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycanın
TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı
çıxış edərək festivalın əhəmiyyətindən
danışdılar, festivalın işinə uğurlar dilədilər.
Sonra səhnə “İpək Yolu”nun qonaqlarından
indoneziyalı musiqiçilərin – “Mila Art” rəqs qrupu və
“Hamdani” musiqi qrupunun ixtiyarına verildi.
“Mila Art Dance” 2012-ci ildə Mila Rozinta Totoatmojo tərəfindən
yaradılmış qadın artistlərdən ibarət rəqs
qrupudur. Qrup birgə sənət, yaradıcılıq və təcrübə
məktəbidir. Yarandığı il 8 üzvdən ibarət
olan “Mila Art” qrupu hazırda 22 sənətçi ilə
İndoneziyanın musiqi mədəniyyətini dünyada təmsil
edir. Qrup həm də həvəskarların istedad və
yaradıcılıqlarının inkişafı
üçün “Mila Art Dance School” məktəbini yaradıb.
“Hamdani” musiqi qrupunun əsas xüsusiyyəti
İndoneziyanın milli musiqi alətlərindən istifadə
ilə bu ölkənin musiqisini inkişaf etdirməkdir. Qrupun
repertuarı həm ənənəvi, həm də müasir
İndoneziya musiqi elementlərini özündə birləşdirir.
Bir çox festivallarda çıxış etmiş “Hamdani”
2022-ci ildə İndoneziyanın Bakıdakı səfirliyi tərəfindən
təşkil edilmiş mədəni tədbirlərin də
iştirakçısı olub.
Kollektivlər “İpək Yolu” festivalında müəyyən
süjet xəttinə əsaslanan kompozisiyalarla çıxış etdilər. Rəqslərin
bəzilərində onların vokal ifaları da səslənirdi.
İndoneziyalı musiqiçi və rəqqasların
çıxışları da maraqla qarşılandı.
***
“İpək Yolu” festivalı öz ənənəsinə
sadiq qalaraq, yenə də yolunu Şəki Musiqi Kollecindən
saldı. Bu musiqi təhsili ocağı festivalın
keçirildiyi ilk illərdən onunla birgə yol gəlir.
2010-cu ildə festivalın bədii rəhbəri Firəngiz
Əlizadə kollecə öz şəxsi royalını hədiyyə
edib. Hər dəfə kollecin müəllim və tələbə
heyəti festivala öz çıxışları ilə
xüsusi rəng qatır.
Bu dəfə “İpək qızlar” (bədii rəhbər
Xatirə Orucova) qrupunun ifasında Oqtay Rəcəbovun “Anam Azərbaycan”
mahnısı, kamera ansamblının ifasında (bədii rəhbər
Gülnar Həsənova) İ.S.Baxın c-moll konsertinin I hissəsi,
Y.Doqanın “Vals”, eləcə də Emin Sabitoğlunun “Ad
günü”, “Ölsəm, bağışla”, “Özgə
ömür”, “Təhminə” kinofilmlərinə
yazdığı musiqidən nümunələr səsləndi.
Tələbələrdən Səma Mustafayevanın
ifasında Qara Qarayevin “Eskiz” (müəllim Gülnar Həsənova),
Xoşqədəm Paşayevanın tələbələrindən
Aytac İbrahimova və Selcan Alimova Q.Qarayevin 4 və 6-cı
prelüdü, a-moll əsərlərini məharətlə
ifa etdilər. Mənsur Qaffarovun tələbəsi Yaqub
Mustafayev də tarda A.Siqankovun “Ay parlayır” pyesini ifa etdi.
Sonda direktor Sərdar Şərifov Xalq artisti Firəngiz
Əlizadəyə “İpək Yolu” festivalı çərçivəsində
kollecə göstərdiyi diqqətə görə təşəkkürünü
bildirdi. Firəngiz Əlizadə və Azərbaycanın
TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı
müəllim və tələbələrə uğurlar dilədilər.
***
6 iyul proqramı, ilk növbədə, Hindistandan gələn
“Bhangra” rəqs qrupunun çıxışı ilə də
yadda qaldı. “Bhangra” xalq rəqsi növü kimi
Hindistanın Pəncab bölgəsində fermerlər
arasında mədəni və sosial bayram kimi yaranıb və
demək olar ki, bu ştatın simvoluna çevrilib. Zəngin
hind mədəniyyətinin bir layını təmsil edən
qrupda bir neçə rəqqas qısa mahnılarla yellənən
qolların müşayiəti ilə bədənin enerjili
sıçrayışlarını nümayiş etdirir. Rəqs
dhol nağarasının müşayiəti ilə ifa olunur,
bhangra musiqisinin əlaməti olan
sinxronlaşdırılmış ritmik xarakter verir. “İpək
Yolu” festivalına təşrif buyuran “Bhangra” rəqs qrupu
üzvlərinin hər biri bacarıqlı, peşəkar ifa
ilə yadda qaldılar.
Konsert çərçivəsində həm də
Hindistan və Azərbaycan milli mətbəx nümunələri
və adət-ənənələrinin bəzi atributları
nümayiş olundu. Hindlilərin xınayaxma mərasimi və
Şəkinin qədim təkəlduz sənəti üzrə
ustad dərsi keçirildi. Bu qarşılıqlı
münasibətin musiqi təcəssümü də səhnədə
öz əksini tapdı. Əvvəlcə azərbaycanlı rəqqaslar
“Zəfər” rəqsini, sonra Namiq Aslanov “Şəki”
mahnısını ifa etdilər. Hindistanlı sənətçilərin
rəqslərini maraqla izləyən tamaşaçılardan
bir neçəsi hətta konsertin sonunda səhnəyə
çıxaraq birgə rəqs etdilər. Bu faktın
özü “İpək Yolu” festivalının xalqlar
arasında mənəvi körpü olmasına əyani bir
misaldır.
***
Artıq bir neçə ildir ki, festivalın təşkilində
TÜRKSOY da yaxından iştirak edir. Bu il də onların dəvəti
ilə Türkiyənin Bursa vilayətindən “İnəgöl”
xalq rəqsləri qrupu, Qazaxıstandan isə Xalq artisti
Baxtiyar Taylakbayev və Lara Rısbay festivalda iştirak etdilər.
İyulun 7-də Şəkidəki Heydər Əliyev Mərkəzində
keçirilən bu konsert də maraqlı gedişatı ilə
tamaşaçılara xüsusi zövq verdi.
Əvvəlcə səhnəyə çıxan
L.Rısbay Ələkbər Tağıyevin “Sən gəlməz
oldun” mahnısı ilə sanki Azərbaycan və qazax
xalqlarının dostluq münasibətini ifadə etdi.
B.Taylakbayev da öz növbəsində qazax və Azərbaycan
xalqlarının dostluğunun möhkəmlənməsində
festivalın əhəmiyyətini vurğuladı, öz
ifalarını təqdim etdi.
Qazaxıstanlı müğənnilərlə
Türkiyə rəqs qrupunun ifaları növbələşməklə
maraqlı bir proqram təqdim olundu.
***
Axşam saatlarında isə “Marxal”ın Yay
teatrında festivalın təntənəli bağlanış
mərasimi oldu. Xalq artisti, “Şəkinin fəxri vətəndaşı”
Ağaverdi Paşayevin rəhbərliyi və dirijorluğu ilə
Dövlət Xalq Çalğı Alətləri Orkestri və
Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı
xüsusi repertuarla çıxış etdi. Bu il 100 illik
yubileyləri qeyd olunan unudulmaz bəstəkarlarımız
Şəfiqə Axundova və Süleyman Ələsgərovun
əsərlərindən ibarət musiqi çələngi təqdim
edildi.
Əməkdar artistlər Almaz Orucova (xanəndə),
Çinarə Heydərova (qanun), Xəyyam Məmmədov
(kamança), müğənnilər Səbinə Ərəbli,
Vəfa Vəzirova, Nurlana Abdullayeva, Zabitə Alıyeva, Sərxan
Bünyadzadə, Taleh Yəhyayev, eləcə də Əməkdar
artist Ceyhun Qubadovun rəhbərliyi ilə rəqs kollektivi
tamaşaçılara musiqi zövqü aşıladılar.
Proqram dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından
“Cəngi” ilə tamamlandı.
Konsertin repertuarı təsadüfi seçilməmişdi.
Festivalın bədii rəhbəri Firəngiz Əlizadə
Üzeyir Hacıbəylinin tələbələri Şəfiqə
Axundova və Süleyman Ələsgərovun yad
olunmasını və festivalın son musiqi nömrəsinin də
Üzeyir bəyin əsəri seçilməsini öncədən
təklif etmiş və kollektivlərin bədii rəhbəri
Ağaverdi Paşayev proqramı bu istiqamətdə tərtib
etmişdi. Sonda Üzeyir bəyin “Cəngi”sini həm xalq
çalğı alətləri orkestri, həm də mahnı
və rəqs ansamblı birgə ifa etdi. Bu kollektivlərin də
hər birini Üzeyir bəy yaradıb və bu gün də
onun ənənələri yaşamaqdadır.
***
Sonda qısa olaraq “İpək Yolu” festivalının ənənələrinə
də nəzər salaq. Hər il olduğu kimi, bu dəfə
də Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən
festivalın simvolu hazırlanmışdı. İcra başçısı Elxan
Usubov və festivalın bədii rəhbəri Firəngiz
Əlizadə hər konsertdən sonra səhnəyə
çıxaraq həmin simvolu Rusiya, Hindistan, İndoneziya,
Qazaxıstan, Türkiyə, eləcə də Azərbaycanı
təmsil edən kollektivlərə təqdim etdilər.
Daha bir ənənə festivalın bağlanış
mərasimində Bəstəkarlar İttifaqı, Şəki
Şəhər İcra Hakimiyyəti və TÜRKSOY təşkilatı
tərəfindən iştirakçıların, eləcə
də festivalın işində fəal iştirak edənlərin
təltif olunmasıdır.
İcra başçısı Elxan Usubov Bəstəkarlar
İttifaqının 90 illiyinə həsr olunan medalı Xalq
artisti Firəngiz Əlizadəyə təqdim etdi.
Festivalın təşkilində xidmət göstərən
Şəki şəhər nümayəndələri də fəxri
fərman və diplomlarla təltif
olundular. Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlıya “Şəkinin fəxri vətəndaşı”
plaketi verildi. Elçin Qafarlı isə bir qrup sənətçimizə
TÜRKSOY-un medal və fəxri fərmanlarını, təşəkkürnamələrini
təqdim etdi.
XIII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi
Festivalında zəhməti olan hər kəsə verilən
mükafatlar da festival tarixinin bir səhifəsidir. Beləliklə,
Şəkidə sayca 13-cü “İpək Yolu” festivalı
tarixə çevrildi.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət .-2024.-
10 iyul,№51.- S.1;3.