Diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramı qeyd olunub
Azərbaycan Respublikasının diplomatik xidmət
orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi
qəbul təşkil olunub.Bu barədə Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat
verilib.
Bildirilib ki, rəsmi qəbulda Xarici İşlər
Nazirliyinin rəhbər heyəti, müvafiq dövlət
qurumlarının yüksək səviyyəli nümayəndələri,
habelə ölkəmizdə akkreditə olunmuş diplomatik
korpusun təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov 9 iyul - diplomatik xidmət
orqanları əməkdaşlarının peşə
bayramı günü münasibətilə beynəlxalq
müstəvidə ölkəmizin maraqlarını qoruyan və
təşviq edən bütün əməkdaşlara təbriklərini
çatdırıb, onlara fəaliyyətlərində
uğurlar arzulayıb. Xidməti fəaliyyətləri zaman
dünyasını dəyişən diplomatların xatirəsi
ehtiramla yad edilib.
Ölkə rəhbərliyi tərəfindən
aparılan, milli maraqlara əsaslanan suveren, uzaqgörən və
praqmatik xarici siyasət xəttinin ölkəmizin
bütövlüyünün qorunmasına, vətəndaşlarımızın
rifahına, inkişafına hədəfləndiyi, eyni zamanda,
regional və beynəlxalq səviyyədə dayanıqlı
inkişafa töhfə verdiyi diqqətə
çatdırılıb. Bu istiqamətdə
qarşılıqlı hörmət və daxili işlərə
qarışmama kimi prinsiplərin rəhbər tutulduğu ikitərəfli
və çoxtərəfli münasibətlərin inkişaf
etdirildiyi, habelə müxtəlif, o cümlədən
iqtisadi, energetika, nəqliyyat, humanitar, rəqəmsal diplomatiya
sahələri üzrə təşəbbüslərin irəli
sürüldüyü bildirilib.
Uzun illər ölkəmizin xarici siyasət prioriteti
olan keçmiş erməni işğalına son qoyulması
istiqamətində Ulu Öndər Heydər Əliyev və
onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
görülən böyük işlər nəticəsində
ərazi bütövlüyü və suverenliyimizə beynəlxalq
dəstəyin təmin edildiyi, bununla da Zəfərimiz
üçün zəruri siyasi və hüquqi çərçivənin
yaradıldığı vurğulanıb. Keçmiş münaqişənin
başa çatması ilə bölgədə yeni
reallıqların, sülh, sabitlik və əməkdaşlığın
qurulması üçün yeni imkanların
yarandığı qeyd olunub. Yaranmış bu tarixi şəraitdə
ölkəmizin hər zaman olduğu kimi, dialoq və sülh tərəfdarı
qismində çıxış etdiyi, qarşı Ermənistan
tərəfi üçün isə ərazi iddiaları əvəzinə,
regional əməkdaşlığı seçmək
vaxtının gəlib çatdığı qeyd edilib.
Hazırda beynəlxalq münasibətlər sistemində
hökm sürən qlobal qeyri-sabitliyin fonunda Azərbaycanın
baxışının çağırışlara
qarşı mübarizədə möhkəm əməkdaşlığın
gücləndirilməsi olduğu və bu baxışın irəlilədilməsinin
xarici siyasətimizin yeni proaktiv roluna dəlalət etdiyi
bildirilib. Bu istiqamətdə, xüsusilə ailəmiz hesab
etdiyimiz Türk Dövlətləri Təşkilatının
gücləndirilməsi, habelə COP29-a ev sahibliyimiz çərçivəsində
iqlim dəyişikliyi ilə mübarizə sahəsində
inkişaf etmiş və inkişafda olan ölkələr
arasında körpü yaradılması istiqamətində təşəbbüslərin
əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra çıxış edən Azərbaycan
Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Xarici
İşlər Nazirliyində, o cümlədən xarici
ölkələrdə fəaliyyət göstərən
bütün diplomatik xidmət orqanları əməkdaşlarına,
o cümlədən peşə bayramı ərəfəsində
Prezident İlham Əliyev tərəfindən diplomatik rütbə
ilə təltif olunan diplomatlara səmimi təbriklərini
çatdırıb. Keçmiş işğal və
münaqişənin aradan qaldırılmasından sonra bu
gün diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramının tam fərqli ab-havada qeyd
olunduğu bildirilib.
Ölkəmizin regional və qlobal təşəbbüslərindən
geniş danışan Hikmət Hacıyev xüsusilə
COP29-a sədrliyimizin qlobal çağırışlarla
mübarizəyə sadiqliyimizi nümayiş etdirdiyini bildirib.
Regionumuzda sülh və təhlükəsizlik
quruculuğunun vaxtının yetişdiyi, bölgəmizin
silahlara deyil, əməkdaşlığa ehtiyacının
olduğu diqqətə çatdırılıb. Sülh
prosesinin əsas komponenti olan sülh müqaviləsinin isə
imitasiya xarakterli deyil, həqiqi və səmimi olmasının
vacibliyi, bu istiqamətdə, ilk növbədə, Ermənistanın
daxili auditoriyasının buna hazır olmasının əhəmiyyəti
vurğulanıb.
Ölkəmizdə akkreditə olunmuş diplomatik
korpusun duayeni Nasir Əbdül Kərim Əbdül Rəhim tədbirdə
çıxış edərək Azərbaycanda fəaliyyət
göstərən diplomatik nümayəndəliklərin
adından səmimi təbriklərini çatdırıb.
Müstəqilliyinin ilk illərindən bəri Azərbaycan tərəfindən
qazanılan diplomatik uğurların sevinc doğurduğu qeyd
olunub, ölkəmizə bundan sonra da davamlı nailiyyətlər
arzulanıb.
Daha sonra tədbir iştirakçıları Azərbaycanın
diplomatiya tarixinə həsr olunmuş videoçarxı izləyiblər.
Rəsmi qəbul ziyafət və konsert proqramı ilə
davam edib.