Hər bir rəsm
müəllifinin zövqündən xəbər verir
Xətai Sənət Mərkəzindən rəngli təəssürat
Xətai Sənət Mərkəzi fəaliyyətə
başladığı gündən sənət həvəskarlarının
ən sevimli məkanlarından birinə çevrilib. “Rəsm
əsəri bir zövq göstəricisidir” devizi ilə fəaliyyət
göstərən mərkəzin rəhbərliyi
düşünür ki, evlərdə, ofislərdə
asılan əsərlər zövq oxşamalı, nostalji hisslər
yaratmalıdır. Hər bir əsərə baxanda həm rəssam,
həm əsərin sahibi, həm də əldə edildiyi
qalereya diqqət çəkir. Çünki qalereya rəssamla
alıcı arasında vasitəçi rolunu oynayır.
Mərkəzə həm ziyarətçi, həm də
alıcı kimi xarici turistlər və sənətsevərlər
təşrif buyururlar. Müxtəlif sərgilərin və mədəniyyət
tədbirlərinin təşkili, rəsm əsərlərinə
maraq yaratmaq üçün bir sıra təşkilatlarla əlaqəli
iş mərkəzə gələnlərin sayını
gündən-günə artırır. Mərkəzə təşkil
olunan ekskursiyalar da uşaqların estetik və bədii təfəkkürünün
formalaşmasına böyük təsir göstərir. Qədim
əşya, milli suvenir, heykəl, rəsm əsəri, poster,
çərçivə sifarişi, rəssamlıq ləvazimatının
bir məkanda olması buranının bir sənət mərkəzi
obrazını formalaşdırıb.
2008-ci ildən fəaliyyət göstərən mərkəzdə
mütəmadi olaraq gənc rəssamların qrup sərgiləri,
uşaq rəsm festivalları, yaradıcılıq müsabiqələri,
müxtəlif mövzulu sərgilər keçirilir. Burada fəaliyyət
göstərən rəsm kursları isə müxtəlif
yaş qruplarında həvəskarlar üçün təkcə
rəsm çəkməyi bacarmaq imkanı deyil, həm də
dünya rəssamlıq nümunələri ilə
tanışmaq imkanı yaradır. Mərkəzdə təşkil
edilən ustad dərsləri də öz tematikası ilə fərqlənir.
Uşaqlar yağlı boya, sulu boya ilə işləmək
bacarıqlarını inkişaf etdirirlər.
Mərkəzin direktoru Zahid Əvəzov deyir ki, 16
illik fəaliyyəti dövründə mərkəz daim
yeniliklər, maraqlı layihələr təqdim etməyə
çalışır.
Burada sərgilənən əsərlər diqqəti
cəlb edir. Onlar həm də satış üçün təqdim
olunur. Mərkəzdəki qalereyanın zəngin fondu var və
vaxtaşırı ekspozisiyadakı əsərlər yenilənir.
Əsərlər ayrı-ayrı guşələrdə,
mövzular üzrə qruplaşdırılıb. Bu da ziyarətçilərə
rahat şəkildə əsərlərlə tanış
olmaq imkanı yaradır. Miniatür əsərlərin yer
aldığı guşə xüsusilə diqqəti cəlb
edir. Burada təqdim olunan nümunələr miniatür rəssamlıq
məktəbimiz haqqında geniş təəssürat
yaradır. 30-dan çox müasir rəssamın miniatür
üslubda işlədiyi əsərlərin nümayiş
olunduğu sərgi tamaşaçıları sanki
nağıllar dünyasına səyahətə aparır.
Beynəlxalq Sulu boya Cəmiyyətinin (IWS) Xətai
Uşaq Sənəti Qalereyası da burada fəaliyyət
göstərir. Qalereyada bu ilin fevral-aprel aylarında
keçirilmiş “Baharın rəngləri” uşaq rəsm
turnirində fərqlənən əsərlər
nümayiş olunur. Zahid Əvəzov deyir ki, ekspozisiya turnirdə
10-21 yaş arası yeniyetmə və gənclərin bahar
mövzusunda ərsəyə gətirdiyi əsərlər
hesabına formalaşıb. Qalereyanın bədii rəhbəri
rəssam-pedaqoq Gündüz Həbibov, kuratoru rəssam-pedaqoq
Ədilə Qasımovadır. Müxtəlif üslub və
janrlarda peşəkar müəlliflər tərəfindən
yaradılmış nümunələrin yeniyetmə və gənclərin
əsərləri ilə eyni məkanda təqdimatı gəncliyin
yaradıcılıq həvəsini stimullaşdırmaqla
yanaşı, onların sənət zövqünün zənginləşdirilməsinə
də xidmət edir.
Xətai Uşaq Sənəti Qalereyasının bədii
rəhbəri Gündüz Həbibov burada əsərlərin
növbəli şəkildə sərgiləndiyini deyir:
“Əsərlərin hər biri uşaqların öz əl əməyi
və göz nuru ilə yaranan işlərdir. Əsərlər
təmiz fransız kağızı üzərində işlənilib
və Xətai Sənət Mərkəzi tərəfindən
bütün ləvazimatlar uşaqlara təmənnasız təqdim
olunub”.
Günü-gündən yeniliklərə yelkən
açan Xətai Sənət Mərkəzinin kollektivinə
uğurlar arzulayaraq bu sehrli məkandan xoş əhval və rəngarəng
duyğularla ayrılıram.
Lalə Azəri
Mədəniyyət .-2024.-
10 iyul,¹51.- S.7.