İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (20)
Yay teatrlarda sənət mövsümünün tədricən
yekunlaşdığı, qaynar yaradıcılıq
axtarışlarının nisbətən səngidiyi, sənət
adamlarının qarşıdakı mövsüm ərəfəsində
müəyyən dincəlməyə ehtiyac duyduğu
vaxtdır. Xüsusən, iyul ayından etibarən teatrlar pərdələrini
bağlayır, truppalar ya qastrola, ya da eləcə istirahətə
yollanır.
57 il əvvəl bu günlərdə də
Rusiyanın Şimali Osetiya Muxtar Respublikasından teatr
truppası Bakıya qastrola gəlmişdi. Özü də az
qala repertuarındakı bütün tamaşalarla... Paytaxtda
peşəkar teatrlardan geri qalmaq istəməyən həvəskar
heyətlər, xalq teatrları da yaradıcılıq
axtarışında idi, sıraları genişlənirdi...
Mətbuat xronikasından seçmələrimiz bu barədədir.
Öncəki seçmələrdə olduğu kimi,
yazılarda dövrün orfoqrafiyası da saxlanılıb...
Tamaşaçıların alqışları
Orconikidze (indiki Vladiqafqaz – red.) şəhərinin
respublika rus dram teatrı Bakıda öz qastrollarını
başa çatdırmışdır. Şimali Osetiya artistləri
respublikamızda olarkən Azərbaycan
tamaşaçılarını səkkiz yeni əsərlə,
o cümlədən A.Arbuzovun “Mənim yazıq Maratım” və
V.Rozovun “Ənənəvi toplanış” pyeslərinin ilk
tamaşaları ilə tanış etmişlər. Onlar 60-dan
artıq tamaşa göstərmişlər. Bu tamaşalara 30
mindən artıq adam baxmışdır. Şimali Osetiya
nümayəndələri respublikamızın neftçiləri,
kimyaçıları, mədəniyyət və səhiyyə
xadimləri ilə, döyüşçülərlə
görüşmüşlər.
İyulun 16-da qonaqlar yekun tamaşası vermişlər.
V.Rozovun “Ənənəvi toplanış” pyesi göstərilmişdir.
Tamaşa başlanmazdan əvvəl bakılılar
qonaqları səmimi salamlamışlar. Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin katibi Z.Z.Şükürova
Bakı və Sumqayıt zəhmətkeşlərinə
nümunəvi mədəni xidmət göstərdiklərinə
görə teatrın respublika Ali Sovetinin Fəxri Fərmanı
ilə təltif edilməsi haqqında fərmanı
oxumuşdur. Z.Şükürova yoldaş fərmanı təqdim
edərkən qastrolların müvəffəqiyyətlə
başa çatdırılması münasibəti ilə
artistləri Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti və respublikanın Nazirlər Soveti adından səmimi
təbrik etmişdir.
M.Əzizbəyov adına Azərbaycan Dövlət
Akademik Dram Teatrının direktoru, respublikanın əməkdar
incəsənət xadimi Əliheydər Ələkbərov
Şimali Osetiyanın nümayəndələrinə yeni
yaradıcılıq müvəffəqiyyətləri
arzulamışdır.
Orconikidze teatrının direktoru Y.S.Volodskaya cavab
nitqində fərman üçün səmimi təşəkkür
edib bildirmişdir ki, Şimali Osetiya artistləri Azərbaycanın
tələbkar tamaşaçıları ilə
görüşlər haqqında ən səmimi xatirələrlə
gedirlər.
Yeni xalq teatrı
M.Ə.Sabir adına Balaxanı mədəniyyət
evinin Azərbaycan dram kollektivi qəsəbə zəhmətkeşlərinin
böyük hörmətini qazanmışdır. 1908-ci ildə
yaradılmış bu kollektivin repertuarına “O olmasın, bu
olsun”, “Aydın”, “Solğun çiçəklər”, “Bəxtsiz
cavan” və digər əsərlər daxildir. Həvəskar
artistlər tez-tez Bakının müxtəlif sənaye müəssisələrinin
zəhmətkeşləri qarşısında
çıxış edir, onlara nümunəvi mədəni
xidmət göstərirlər.
Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsi
mədəniyyət evi dram kollektivinin bu gözəl və səmərəli
fəaliyyətini nəzərə alaraq ona Xalq Teatrı fəxri
adı vermişdir.
“Kommunist” qəzeti, 18 iyul 1967-ci il
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.6.