“Elza və kuklalar” dueti
İyulun 9-da Azərbaycan Dövlət Kukla
Teatrında Əməkdar artist, bəstəkar və
ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr
olunmuş “Elza və kuklalar” adlı tədbir keçirildi.
Tədbir teatrın foyesində bəstəkarın
fortepianoda süitalarını ifası ilə başladı.
Bu qısa performansda ona sənət dostları – kamera kvarteti və
bacısı Rasimə də dəstək verdi.
Yubilyarla bağlı videoçarx nümayiş olundu.
Kadrlarda uşaqlı-böyüklü hər kəsin “Ələkbər
əmi” kimi tanıdığı Azərbaycan Dövlət
Kukla Teatrının aktyoru və baş rejissoru olmuş mərhum
Ələkbər Hüseynovu da görürük. O,
yaradıcılığına, fərqli üslubuna önəm
verdiyi E.Seyidcahanı televiziyada apardığı verilişlərə
dəvət edib.
Yubiley gecəsində təbrik
çıxışları da oldu.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı, Xalq artisti Məmmədsəfa
Qasımov, Əməkdar artistlər Firuzə İbadova,
Gülzar Qurbanova, Azərbaycan Dövlət Kukla
Teatrının direktoru Əməkdar mədəniyyət
işçisi Rəşad Əhmədzadə, teatrın
quruluşçu rejissoru Səidə Haqverdiyeva bəstəkarı
təbrik etdilər.
İstər mahnı, istərsə də digər
musiqi janrlarında ərsəyə gətirdiyi əsərlərin
bəstəkarın yaradıcılıq zövqünün məhsulu
olduğu vurğulandı.
Tədbir bəstəkarın bir növ səhnə
adamlarının himninə çevrilən “Mən aktyoram”
adlı kompozisiya ilə davam etdi. Dövlət Pantomima
Teatrının aktyoru, Əməkdar artist Bəhruz
Vaqifoğlu səhnə insanlarının ruh halının bu
musiqi əsərində plastik izharını verdi.
E.Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm,
Məngülüm” tamaşası da nümayiş olundu.
2017-ci ildən repertuarda olan tamaşaya teatrın baş
rejissoru Anar Məmmədov quruluş verib. Tamaşadakı
mahnıları isə teatrın aktrisası Ülviyyə
Əliyeva oxuyur.
Alqışlarla qarşılanan tamaşadan sonra
yubilyar səhnəyə çıxdı. “Oyuq” uşaq
studiyası yetirmələri, Siyəzən rayon 1 saylı orta
məktəbin şagirdi Mirhidayət Kazımov və nəvəsi
Səmərruh ilə birgə populyar mahnılarını ifa
etdi.
Sonda yubilyara teatrın rəssamları tərəfindən
hazırlanmış öz kuklası hədiyyə olundu.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.5.