“Türklük,
türkçülük və türkologiya” – AMEA-da məruzə
AMEA Rəyasət Heyətinin iyulun 11-də
keçirilən iclasında Azərbaycanda Atatürk Mərkəzinin
direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda
türklük, türkçülük və türkologiya”
mövzusunda məruzəsi müzakirə olunub.
Məruzədən öncə çıxış
edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son
illərdə dövlətimizin başçısı
İlham Əliyevin liderliyində Azərbaycanın Türk
dünyasının mərkəzində yer
aldığını vurğulayıb. Bildirib ki,
Şuşada (6 iyul) keçirilən Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi Zirvə
görüşü və Qarabağ Bəyannaməsinin
imzalanması bunu bir daha nümayiş etdirdi.
AMEA rəhbəri diqqətə çatdırıb
ki, 1926-cı ildə Türk dünyasını ilk dəfə
birləşdirən Birinci Türkoloji Qurultay Bakıda
keçirilib və Azərbaycan tarixən olduğu kimi, bu
gün də dünya türkologiyasının mərkəzi
sayılır. Türk dünyası ilə bağlı önəmli
tədqiqatlar aparılır, AMEA-nın elmi müəssisə
və təşkilatlarında bu istiqamətdə şöbələr
fəaliyyət göstərir və Türk
dünyasının elmi qurumları ilə əlaqələr
genişləndirilir.
Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin iclasına təqdim
olunan məruzə də Birinci Türkoloji Qurultayın 100
illiyinə hazırlıq işlərinin bir
parçasıdır.
Daha sonra akademik Nizami Cəfərov “Azərbaycanda
türklük, türkçülük və türkologiya”
mövzusunda məruzə ilə çıxış edib.
Akademik qeyd edib ki, XX əsrin əvvəllərindən etibarən
Azərbaycanda türkçülük məfkurəsi sistemli
bir şəkil almağa başlayıb və Əlimərdan
bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə və digər
türkçülərin səyləri nəticəsində
inkişaf edərək günümüzə qədər gəlib
çatıb. Türk xalqlarının geniş
inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə
ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə
böyük zərurət var.
“Türkologiyanın Azərbaycandakı vəziyyətini
anlamaq üçün, ilk növbədə, türklük
anlayışını təsəvvür etmək
lazımdır. Azərbaycanda türklük ondan ibarətdir
ki, biz dildə, ədəbiyyatda, mədəniyyətdə,
tarixdə coğrafiya ilə etnosun münasibətlərini dəqiq
aydınlaşdıra bilək. Azərbaycanın coğrafi sərhədləri
Səfəvilər dövründən artıq müəyyənləşməyə
başladı. Bu gün azərbaycanlı adlanan etnos milləti
yaratmaq mənasında həmin coğrafiyanın
hüdudlarından kənara çıxmayıb. Bəs, bu
etnos bu coğrafiyaya hansı tarixi dövrdən
bağlanır? Ən sadə izahı odur ki, dünya
yaranandan. Bizim üçün əsaslandırılmış,
ənənəvi türklük “Kitabi - Dədə Qorqud”
eposudur. Azərbaycanda türklük xalqın etnososiokulturoloji əsası
olaraq köklərini “Kitabi - Dədə Qorqud” eposundan
alır...”, – deyə Nizami Cəfərov bildirib.
Azərbaycanda türkçülüyün uzun
müddət daxildən və xaricdən böyük
müdaxilələrə məruz qaldığını deyən
alim türkologiyanın elm kimi Avropada, türkləri öyrənmək
üçün formalaşdığını, Azərbaycanda
isə türkologiyanın əsasını Bəkir
Çobanzadənin qoyduğunu söyləyib.
Alim məruzəsində, həmçinin Azərbaycan
dilçiliyi, ədəbiyyatşünaslığı, mədəniyyətşünaslığı,
tarixşünaslığında azərbaycançılıq,
türklük, müasirlik (ümumbəşərilik) parametrləri,
daha az diferensiasiya, daha çox inteqrasiya formulu və digər
məqamlara toxunub.
Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva,
tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İsmayıl
Kazımov, fəlsəfə üzrə fəlsəfə
doktoru Faiq Ələkbərli və başqaları
çıxış edərək fikir və təkliflərini
səsləndiriblər.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.1;2.