“İrəvan
xanlarının məktublar külliyyatı” çap olunub
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin
müdiri tarix üzrə fəlsəfə doktoru Musa Quliyev
uzun illərdir Kəngərlilər, Naxçıvanskilər
və Şahtaxtinskilərlə bağlı bir çox
faktları, tariximizin təhrifə məruz qalmış, yaxud
yanlış bilinən həqiqətləri aşkara
çıxarmağa çalışır. Azərbaycanın
və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın
tərəqqisində mühüm xidmətləri olmuş
şəxsiyyətlərin öyrənilməsi, hazırlanan
şəcərələri də onun imzasını
daşıyır.
Alim bu günədək Tiflis, Sankt-Peterburq, Moskva,
Vladiqafqaz, Odessa, Dərbənd, Bakı və Naxçıvan
arxivlərində çoxsaylı arxiv sənədini
aşkara çıxarıb, həmin sənədləri
araşdıraraq elmi dövriyyəyə daxil edib.
Musa Quliyevin rus dilində yenicə işıq
üzü görmüş “İrəvan xanlarının məktublar
külliyyatı (XVIII əsrin sonları)” kitabı həmin məhsuldar
fəaliyyətin davamıdır. Tədqiqatçı əsəri
çapa hazırlamaqla bərabər, həm də kitaba
yazılmış ön sözün (Azərbaycan və rus
dillərində) və kitaba daxil edilmiş rus dilində əlavənin
müəllifidir. Kitab akademik İsmayıl Hacıyevin və
tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rəyləri,
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı
əsasında “Əcəmi” nəşriyyatında
işıq üzü görüb.
336 səhifəlik kitab İrəvan
xanlığının qonşu xanlıqlarla və Kartli-Kaxetiya
çarlığı ilə apardığı diplomatik
münasibətlərin təsvir edildiyi məktublardan bəhs
edir. İrəvan xanlığının münşisi
(sarayın katibi, tarixçisi – red.) olmuş Mirzə Məhəmməd
Müslimin (Qüdsi) həmin məktublardan ibarət farsca
külliyyatı rus qafqazşünası K.N.Smirnov tərəfindən
rus dilinə tərcümə edilib. Həmin külliyyat Musa
Quliyevin Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində
qafqazşünas K.N.Smirnovun şəxsi fondunda
apardığı axtarışlar nəticəsində əldə
olunub.
Beləliklə, XVIII yüzillikdə İrəvan xanlarından
Hüseynəli xana və onun oğulları Qulaməli xana, həmçinin
Məhəmməd xana məxsus 268 məktubdan ibarət
külliyyat və İrəvan xanlarının qonşu
xanlıqlarla yazışmalarına aid 116 məktub da
aşkarlanaraq Naxçıvana gətirilib. Həmin sənədlər
İrəvan xanlığının tarixi, eləcə də
qonşu xanlıqların və digər Azərbaycan
xanlıqlarının tarixi ilə bağlı əsaslı və
etibarlı mənbədir. Əldə olunan məktublar nəinki
İrəvan xanlığının, həm də digər Azərbaycan
xanlıqlarının Türkiyə (Osmanlı) ilə
diplomatik əlaqələrinin öyrənilməsində
böyük əhəmiyyət kəsb edir.
Mədəniyyət .- 2024.- 12 iyul,№(52).- S.6.