Qaçaq Kərəmin
durbini, dağ kəlinin buynuzu...
Hüseyn Arifin Ev-Muzeyində daha nələr qorunur?
Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli
nümayəndələrindən Xalq şairi Hüseyn Arifin
(Hüseyn Camal oğlu Hüseynzadə; 1924–1992) anadan
olmasının 100 illik yubileyidir.
Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa
rayonunun Yenigün kəndində anadan olub. 1992-ci il
sentyabrın 14-də dünyasını dəyişib və
doğulduğu kənddə dəfn edilib.
Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il
tarixli əmrinə əsasən, şairin xatirəsini əbədiləşdirmək
məqsədilə Ağstafa rayonunda onun
yaşayıb-yaratdığı ev muzey kimi ədəbiyyatsevərlərin
üzünə açılıb.
Hüseyn Arifin Ev-Muzeyi 2 otaq, 1 zal, 1 foyedən ibarətdir.
Burada 2000-dən artıq eksponat var. Onların əsasını
şairin ailəsinə və özünə məxsus məişət
əşyaları, geyim nümunələri, şairin həyatının
müxtəlif dövrlərini əks etdirən fotolar, sənətkarın
sağlığında ona verilən hədiyyələr,
çap olunan kitabları təşkil edir.
Muzeyin direktoru Rövşanə Mahmudova şairin
ocağında maraqlı eksponatların olduğunu deyir.
Bildirir ki, muzeyə gələn ziyarətçilərin diqqətini
ən çox cəlb edən eksponatlardan biri Hüseyn Arifin
ovladığı və sonra böyük peşmanlıq hissi
yaşadığı, hətta haqqında şeir
yazdığı dağ kəlinin buynuzudur.
H.Arif “Bir dağ kəli yaraladım zirvədə”
adlı şeirində yazır:
Bir dağ kəli yaraladım zirvədə,
Baş titrədi, ayaq əsdi, daş axdı.
Bir canlını candan saldı bir zədə,
İki gözdən iki damla yaş axdı.
Bu hadisədən sonra şairin oğlu Arif çox gənc
yaşında avtomobil qəzasında həyatını itirir.
Şair bu qəzanı həmin hadisə ilə əlaqələndirir
və şeiri belə bitirir:
Birdən-birə elə çırpdı
özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, müxtəsər et sözünü,
Bu qan səni tutasıydı, tutdu da.
Muzeydəki eksponatlardan biri – Qaçaq Kərəmin
durbinin də maraqlı tarixçəsi var. Qaçaq Kərəmin
bibisi Zal qızı Gülnazla H.Arifin babası Bala Hüseyn
ailə qurublar. Bu durbin də H.Arifə babasından yadigar
qalıb. Durbini muzeyə bu mədəniyyət
ocağının ilk direktoru, Hüseyn Arifin həyat
yoldaşı Məleykə Hüseynzadə hədiyyə
edib.
Muzeyin direktoru başqa bir eksponat haqqında da məlumat
verir: “Bir gün Hüseyn Arif Bayıl həbsxanasında məhbuslarla
görüşür. Şairin görüşdüyü məhbuslardan
biri rəssam olur və o, Hüseyn Arifin şeirlərini
çox sevir. Həmin şəxs görüş zamanı
çəkdiyi portreti şairə hədiyyə edir. Həmin
portret bu gün bizim muzeyimizin eksponatları
sırasındadır. Ümumiyyətlə, Hüseyn Arifin
tarixi əşyalara böyük marağı olub. Gəzib
gördüyü yerlərdə bu əşyalar ya şairə
hədiyyə olunub, ya da özü əldə edib. Bunlara
misal olaraq misgərlik nümunələri, saxsı qablar, qədim
məişət əşyaları və s. göstərmək
olar”.
Bunlardan başqa, H.Arifin tut ağacından yonma
obrazı, 20 Yanvar faciəsi zamanı Bakı küçələrindən
öz əlləri ilə topladığı qəlpələr,
çay kənarından əldə etdiyi və üzərində
təbiət təsvirlərinin olduğu daşlar, şairin
yazı masası, ömrünün son illərində istifadə
etdiyi masaüstü şəxsi əşyaları, habelə,
sazı, son əlyazması və s. ziyarətçilərin
marağına səbəb olur.
Direktor söyləyir ki, şairin 100 illik yubileyi ilə
bağlı muzeyin təşkilatçılığı ilə
silsilə tədbirlər keçirilir. Muzey tərəfindən
şairin 100 illiyi ilə bağlı tədbirlər planı
hazırlanıb və Qazax-Tovuz Regional Mədəniyyət
İdarəsi tərəfindən təsdiq edilib: “Hüseyn
Arif hər şeydən öncə təbiət vurğunu
olub. Şeirlərinin əksəriyyətində Azərbaycanın
dilbər guşələrini böyük ustalıqla tərənnüm
edib. Biz də bunu nəzərə alaraq şairin 100 illiyi ilə
bağlı ilk olaraq ağacəkmə aksiyası həyata
keçirdik. “Yaşıl həyat” başlığı
altında keçirilən aksiya zamanı Ağstafa şəhər
Hüseyn Arif adına Uşaq musiqi məktəbinin həyətində,
rayonun Hüseyn Arif adına küçəsində və
muzeyin həyətyanı sahəsində ümumilikdə 100 ədəd
ağac əkildi”.
Muzeylə yanaşı, Qazax-Tovuz Regional Mədəniyyət
İdarəsinin əhatə etdiyi rayonların mədəniyyət
müəssisələrində də şairin 100 illiyi ilə
bağlı müxtəlif tədbirlər təşkil edilib.
Hüseyn Arifin yubiley tədbirləri ilin sonuna kimi davam edəcək.
Direktor deyir ki, həftənin bütün günləri
fəaliyyət göstərən muzeyi ən çox
şagirdlər və müəllimlər ziyarət edirlər.
Həmçinin ədəbiyyat fənnini tədris edən
müəllimlər açıq dərslərini məhz
muzeydə keçirlər.
Nurəddin
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.4.