Ədəbi proses necə gedir?
İyulun 10-da AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023”
mövzusunda elmi-yaradıcılıq müşavirəsi
keçirilib.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses”
elmi-yaradıcılıq müşavirəsinin artıq ənənə
halı aldığını söyləyib, AMEA ilə Azərbaycan
Yazıçılar Birliyi (AYB) arasında əlaqələrin
möhkəmləndirilməsi baxımından da tədbirin əhəmiyyətini
qeyd edib. O, 2013-cü ildən başlanan “Ədəbi proses”
müşavirələrini yazıçıların və tənqidçilərin
məsuliyyətli hesabatı kimi dəyərləndirib, bu tədbirlərin
ədəbiyyatımızın inkişafına, ədəbiyyatşünaslığımızın
zənginləşməsinə xidmət etdiyini bildirib.
İsa Həbibbəyli vurğulayıb ki, 2020-ci ildə
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə
olunan tarixi Zəfəri alqışlayan, tərənnüm edən
ədəbiyyat sonrakı illərdə onun mahiyyətini, fəlsəfəsini,
reallığını göstərməyə
başlayıb.
Sonra AYB-nin katibi Səlim Babullaoğlu “Ədəbi
proses” müşavirələrinin keçirilməsinin mənbə
yaratmaq, baş verənləri sistemləşdirmək və
hesabat xarakteri daşımaq baxımından əhəmiyyətini
vurğulayıb. AYB-nin “Dünya ədəbiyyatı” dərgisi
barədə məlumat verən Səlim Babullaoğlu nəşrdə
Ədəbiyyat İnstitutu əməkdaşlarının məqalələrinin
çap olunduğunu diqqətə çatdırıb.
Tədbirdə “İlin ədəbi mənzərəsi”,
“Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Ədəbi gənclik (gənc
nəsillərin yaradıcılığı)”, “Ədəbi
tənqid”, “Publisistika”, “Uşaq ədəbiyyatı”, “Cənubi
Azərbaycan ədəbiyyatı”, “Bölgələrdə ədəbi
həyat” və “Bədii tərcümə” mövzularında
məruzələr dinlənilib. Təqdim edilən məruzələr
toplu halında nəşr olunacaq.
Mədəniyyət .- 2024.- 12 iyul,№(52).- S.6.