Rəqs və oyun
havalarımızın mahir ifaçısı
Milli musiqi xəzinəmizi bənzərsiz ifaları ilə
zənginləşdirən klarnet
ifaçılarımızdan biri də Şəmsəddin
İmanovdur. Tanınmış sənətkar çoxsaylı
bəstəkar və xalq mahnıları, eləcə də
bir sıra təsnif və muğamların mahir
ifaçısı kimi sevilib. O həm də “Bəxtiyarı”,
“Şəbnəmi” və “Arifi” kimi rəqs əsərlərini
ərsəyə gətirib.
Şəmsəddin (Şəmsi) İbad oğlu
İmanov 2 iyul 1930-cu ildə Şuşa şəhərində
dünyaya göz açıb. Uşaq ikən valideynləri
Bakının Əmircan kəndinə köçür. Kəndin
musiqi mühiti onda musiqiyə maraq yaradır. Kənd Mədəniyyət
evində göstərilən teatr tamaşaları, konsertlər
onun musiqi zövqünü oxşayır və sənət təxəyyülünü
formalaşdırır. Klarnet ifaçısı Kərim
Şərifovdan sənətin sirlərini öyrənir.
1950–1952-ci illərdə hərbi xidmətdə olan Şəmsəddin
hərbi hissənin nəfəsli alətlər orkestrində
çalışır, Zaqafqaziya ümumqoşun hərbi hissələrinin
musiqi kollektivləri arasında keçirilən müsabiqə
və festivallarda uğur qazanır.
Hərbi xidməti başa vurub Bakıya
qayıtdıqdan sonra tanınmış klarnet
ifaçılarından Suliddin İsmayılov, Nəsrulla Səmədov,
Nadir Axundov, Bəhruz Zeynalovla tanış olur. Onların lent
yazılarını dinləyərək təcrübəsini
zənginləşdirir. İlk dəfə 1956-cı ildə
radionun fondu üçün səs yazılışına dəvət
alır. İfa etdiyi “Kolxoz rəqsi”, “Xançobanı” oyun
havaları bəyənilir və fonda daxil edilir.
Gündən-günə sənətdə püxtələşən
Ş.İmanovun musiqi təhsili olmasa da, tanınmış sənətkarların
ifaları onun üçün əsl məktəb olur. Məlahətli
və oynaqlığı ilə seçilən ifaları qəlbləri
oxşayır, müəllifinə şöhrət gətirir.
O, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunur.
“Bayatı-Şiraz” muğamı və “Vağzalı”
havasının ifası ilə hər kəsi heyran edir.
Radionun “qızıl fond”unda sənətkarın müxtəlif
illərdə lentə alınan “Tiflisi”, “Bakı”,
“Qazağı”, “Tərəkəmə”, “Dostluq”, “Sülh” rəqsləri
və digər oyun havaları, eləcə də
özünün bəstələdiyi “Bəxtiyarı”, “Şəbnəmi”,
“Mərdəkanı”, “Sabirabadı”, “Arifi” kimi rəqslər,
bəstəkar və xalq mahnıları, “Çahargah”,
“Segah”, “Bayatı-Şiraz” muğamları qorunub
saxlanılır.
Ş.İmanov 1960-cı ildə Azərbaycan Dövlət
Filarmoniyası nəzdində Ağası Məşədibəyovun
rəhbərlik etdiyi “Azərbaycan təranələri”
ansamblına solist-ifaçı kimi qəbul edilir.
Dövrün ustad xanəndə-ifaçıları Seyid
Şuşinski, Zülfi Adıgözəlov, Xan
Şuşinski, Şövkət Ələkbərova, Rübabə
Muradova, Aşıq Pənah, Aşıq Şakir, Əlibaba Məmmədov,
Canəli Əkbərov, Tələt Qasımov və digərlərini
konsert və qastrol səfərlərində uğurla
müşayiət edir.
Araşdırmalarda bildirilir ki, görkəmli xanəndə-pedaqoq
Seyid Şuşinski 1965-ci ildə son mənzilə yola
salınarkən Ş.İmanovdan bir muğam parçası
çalmağı xahiş edirlər. O, göz yaşları
içində “Segah” muğamını ifa edir. Bundan bərk təsirlənən
Xan Şuşinski yanıqlı avazla “Qarabağ şikəstəsi”ni
oxuyur. 1973-cü ildə ümumittifaq “Melodiya” səsyazma studiyasında
sənətkarın ifasında on iki musiqi nömrəsi vala
köçürülür. Böyük tirajla SSRİ məkanında
satışa çıxarılır. Əldən-ələ
gəzən bu vallar ittifaqın sərhədlərini
aşaraq bir çox ölkələrə yayılır. Bir
sıra ərəb ölkələrinin mətbuatında onun
mahir ifaçılığı yüksək dəyərləndirilir.
Tanınmış sənətkarın ecazkar musiqisi təkcə
el şənliklərində deyil, şəhərin park və
xiyabanlarında da tez-tez səslənir. 1978-ci ildə Azərbaycan
Konsert Birliyi yaradılarkən Ş.İmanovun
çalışdığı “Azərbaycan təranələri”
ansamblı da birliyin tabeliyinə verilir.
1987-ci ildə ifaçının səhhətində
problemlər yaranır, əl barmaqları fəaliyyətindən
qalır. Müalicə üçün Almaniyaya getmək
lazım gəlir. Ancaq buna maddi imkan olmur... Həmin dövrdə
tədqiqatçı alim Rafael Hüseynov sənətkarla
görüşərkən ondan “Əgər bir daha imkan
olsaydı, son dəfə hansı əsəri ifa edərdiniz”,
– deyə soruşur. O isə fikirləşmədən “Sabah gəlin
köçəcək qız-gəlinlərimizə
“Vağzalı” çalardım” cavabını verir.
Klarnet alətində milli musiqi nümunələrini
böyük məharətlə səsləndirən,
tamaşaçı və dinləyicilərə sənət
zövqü yaşadan Şəmsəddin İmanov 3 iyul
1997-ci ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.6.