Doğrudan, “dərzi
öz söküyünü tikmir?”
Teatrda hər kəsi bəzəyənlə söhbət
“Mən artıq əsəri oxuyandan və rol
bölgüsünü görəndən beynimdə geyimləri
ölçüb-biçirəm”
Üzərində “sex rəisi” sözləri
yazılan qapını astaca döydüm. “Buyurun” kəlməsini
eşidib içəri keçdim. Mənzərə gözlədiyim,
daha dəqiqi, arzuladığım kimi idi.
İşıqlı və böyük otaq. Geniş oval masa
üzərində rəngbərəng parçalar, 2-3
cansız maneken, üzəri iynələnmiş, yəni
tikiş prosesində olan paltarlar, parça rəfi, iri
ütü, heç vaxt heç bir dərzidə görmədiyim
qayçı (sonradan bəlli oldu ki, bizim iddialı dərzi
xanım onu xüsusi sifarişlə Amerikadan gətirdib və
ondan başqa heç kimdə yoxdur), tikiş
maşını, metrə, üskük, saplar...
Həvəsləndim. “Arşın mal alan” deyib, rəngarəng
parçalar içərisində bir avaz oxuyacaqdım ki, birdən
yadıma düşdü ki, Akademik Musiqili Teatrda, yəni
peşəkarlar arasındayam. Üstəlik, hər şeyi
öz arşını ilə dəqiq
ölçüb-biçən dərzi ilə üz-üzəyəm.
Kiridim.
Söhbətə başlamazdan öncə “Dərzi
öz söküyünü tikmir” atalar misalı yadıma
düşdü. Amma qarşındakı xanımın sadə,
səliqəli, dəbli geyimi bu misalı heç yaxına
buraxmır. Zövq və dəb anlayışları
arasında “Mənə yaraşan elə dəbdir” prinsipi ilə
yaşadığı aydın sezilir.
***
Gəlin, onu yaxından tanıyaq. Nübar Hüseynova
Akademik Musiqili Teatrın geyim sexinin rəisidir. 1999-cu ildən
bu teatrda çalışır. Dəbə, modelyerlik peşəsinə,
dərzilik sənətinə maraq onda ta uşaqlıdan
yaranıb. Elə bu sevgi və maraqla da illərdir ki, bu
işlə məşğul olur. Teatrın, demək olar ki,
bütün səhnə geyim-kecimi onun əlindən
çıxır.
– Uşaqlıqdan bu sahəyə həvəsim
vardı. Deyim ki, teatrın dəlisi idim, məni cəlb elədi,
gəldim, yox. Sadəcə, modaya, populyar olan bu sahəyə
marağım vardı. İstəyirdim ki, tikdiyim paltarları
hamı görsün. Həmin dövrdə Yüngül Sənaye
İnstitutunda parça və geyim üzrə rəssam-modelyer
ixtisasına yiyələndim. Bir müddət bu istiqamətdə
başqa müəssisədə çalışdım. Sonra
da, necə deyərlər, ömrümü teatra
bağladım.
– Teatrda çalışmaq ilk mərhələdə
çətin olmadı ki?
– Teatrda çalışacağımı deyəndə
həyat yoldaşım olacaq insan yaxşı
qarşılamadı. Dedi sən hara, teatr hara? Baxmayaq ki, təhsillidir,
üstəlik sənətə bağlıdır. Amma ilk illərdə
razılaşmırdı. Tikməyi sevirdim deyə çox da
mane olmadı. Heç mən burada işə başlayanda
indiki ştatlar da yox idi. Eləcə, biçici, dərzi və
s. vardı. Teatrın əsaslı təmir-bərpasından
sonra ştatlar da dəyişdi. Bir ildir ki, tikiş sexinin rəisiyəm.
Amma heç bir fərqi yoxdur. Əsas odur ki, mən sevimli
işimi görürəm.
– İş prosesiniz necə olur, haradan başlayır?
– Eskiz təqdim olunur. Sözsüz ki, bu mərhələ
bizə qədər quruluşçu rəssam və rejissor
arasında müzakirə olunur. Biz isə təqdim olunan eskiz əsasında
işləyirik. Amma mən işimə fərqli prizmadan
yanaşıram. Məsələn, səhnələşdiriləcək
yeni əsərlə maraqlanır, tapıb oxuyuram. Obrazlar və
onların xarakterlərini özüm üçün
saf-çürük etməyə başlayıram. Yəqin
ki, bu da modelyerliyimdən, rəssamlıq
bacarığımdan irəli gəlir.
– Bəzən rejissor, quruluşçu rəssam elə
qəliz, texniki baxımdan elə müşkül iş istəyə
bilər ki, bunu icra etmək mümkünsüz olsun?
– Bəzən olur və elə əsas müzakirələrimiz
də bu zaman başlayır. Peşəkarların müzakirəsi
və mübahisəsi ümumi işə xidmət edir deyə
daim müsbət nəticələnir. Bilirsiniz, teatrda işləyən
hər kəs – dərzi və ya adi səhnə maşinisti –
gərək ilk növbədə teatral olsun. Onu sevsin, az da
olsa, hiss eləsin. Bu mənada, birgə işimiz hər zaman
yaxşı olur.
– Teatr dərzisinin nə kimi özəllikləri
olmalıdır?
– Baxın, bu gün şəhərimizdə kifayət
qədər modern, bütün avadanlıqlarla və vəsaitlərlə
təmin olunmuş atelyelər, moda evləri var. Amma onların
heç birində teatr geyimləri tikən dərzilərin
özəllikləri yoxdur. Mən sizi əmin edirəm ki, nə
qədər gözəl tikiş tikənlər olsa da, bizimkilər
onlardan mütləq fərqlənirlər.
– Nübar xanım, parçanın rəngindən
materialınadək seçim elə də asan olmur. Üstəlik,
səhnənin işıq, fərqli rakurslardan
aydınlanması məsələsi də var.
– İndi mən deyənə gəldiniz
(gülür). Parçanın işıq
düşdüyü zaman verdiyi effektlə paltarın tikildiyi
ifaçının bədən ölçülərinədək
hər şeyi yüz ölçüb, bir biçirik. Səhnə
başqa bir cazibədədir və bu zaman hər detal
düşünülməlidir.
– Görürəm, əlinizin altında “Əliqulu
evlənir” tamaşasının eskizləri var...
– Bəli, libretto müəllifi Xalq artisti İlham
Namiq Kamal, quruluşçu rəssamı Nabat Səmədova,
geyim üzrə rəssamı isə mənəm. Nabat
xanımın çəkdiyi eskizlər əsasında geyimləri
tikirik.
***
Bayaqdan bizə mane olmadan səssiz-səmirsiz
çalışan xanımları söhbətə cəlb
etmək üçün Nübar xanıma onlarla bağlı
da suallar verirəm. Amma nə tikiş maşınında
cınqırı belə çıxmadan işləyən dərzi,
nə də buxarlı ütü ilə zərif
parçaları sürətlə ütüləyib asan
biçici bizə məhəl qoymur. Düzü, bir neçə
məqamda gah buxarlı ütünün
fısıltısı, gah da maşının
tıqqıltısı ürəyimi üzdü. Hər dəfə
elə bilirdim ki, ya xanımın maşının iynəsi
sındı, ya da bayaqdan gözüm qalan mavi uzun don
yandı...
Sözsüz ki, səriştəli qızlar nəyi
necə etdiklərini yaxşı bildiklərindən Nübar
xanım çox rahat söhbətini edir. Mənim ani
nigarançılığıma dodaqaltı gülməyi də
unutmur.
***
Bu məqamda əməkdaşları, onların
işlərini xəbər alıram:
– Beş nəfər xanımıq. Hərə öz
işini biləndə, çətinlik olmur. Üstəlik,
çox mehriban dolanırıq. Yəqin bu da ondan irəli gəlir
ki, ümumilikdə bizim teatrımızda mehribanlıq hökm
sürür. Bəlkə də, məni buraya bağlayan elə
bu amildir.
Müsahibimdən iş zamanı əlindən
çıxan hansısa xəta və bununla bağlı ona
olan münasibəti soruşuram:
– Özünü tərifləmək kimi olmasın,
elə bir hal yaşanmayıb. Olanda da tez qızlarla düzəldirik.
Biz cəld işləyirik. Deyilən vaxtdan 3-5 saat yox, 5-10
gün əvvəl hər şeyi tikib, hazır edirik. Bunu
kollektivdə hamı təsdiqləyər.
– Parçaları haradan alırsınız?
Hamımızın bildiyi bazarlardan, yoxsa xaricdən sifariş
verilir?
– Bəzən sifarişlə də alırıq.
Xüsusilə, aksesuarları. Məsələn, “Leyli və Məcnun”
tamaşasının.
– Hə, o tamaşanın ən yaddaqalan məqamı
həm də geyim və aksesuarları idi.
– Biz hər incə detala fikir veririk. Yəni
parçanın qalınlığı, oyun zamanı
aktrisanın əynində duruşu, templi səhnələrdə
xüsusən qısa ətəklərin yarada biləcəyi
maneələrin hamısını gözdən
keçirdirik.
– Amma bəzi tamaşalarınızda bunun əksi olan
geyimlərə də rast gəlirik.
– Siz gördüyünüzü biz də
görür və tez bir zamanda aradan qaldırırıq. Məsələn,
gözəl parça və ya ondan tikilən geyim
tamaşanın sonrakı hissələrinə və ya mizana
uyğun olaraq hər hansı elementin əlavəsindən
sonra (deyək ki yağış yağanda və ya külək
effekti veriləndə) görünüşünü dəyişib
qeyri-estetik mənzərə də yarada bilir.
– Fərqliliyi yaratmaq üçün seçim də
çətin olur, yəqin.
– O qədər... Bəzən bir parçanı
neçə dəfədən sonra seçirik. Ona qalsa,
dükan-bazar geyimlərlə doludur. Mən artıq əsəri
oxuyandan və rol bölgüsünü görəndən
beynimdə ölçüb-biçirəm. Xüsusən,
qadınların boy, bədən ölçülərinə,
hətta xarakterlərinə uyğun parçalar seçirəm.
Sağ olsunlar, hər zaman da razılıq edirlər.
– Aktrisaların səhnə geyimi ilə bağlı
narazılıqları olurmu?
– Artıq psixoloq olmuşuq (gülür). Gəlib
parçaya, geyimə baxanda, əhvallarının dəyişdiyini
hiss edirəm və çox sevinirəm. Aktrisa geyinir,
başlayır obrazına girib replikalarını deməyə.
Aha, deməli, bəyəndi. Mən illərdir məhz o andan ləzzət
alıram və bütün yorğunluğum
çıxır... Yəni eskiz var və biz ona əsaslanırıq.
Bəzən rəssamdan icazə alaraq o geyimi geyəcək
aktyorun, aktrisanın da istəklərini
reallaşdırmağa çalışırıq.
– Aktyorlarla işləmək çətindir, yoxsa
aktrisalarla?
(Gülür). Məncə, aktrisalarla. Kişi geyimləri
o qədər də maraqlı olmur axı. Kostyumdur,
uzağı bir az dəyişiklik edə bilirsən. Amma
xanımlarda çox şey dəyişir – ayaqqabıdan
baş aksesuarınadək. Onlarla iş daha maraqlı olur.
– Ola bilməz ki, tikdiyiniz hər hansı geyimə
vurulub onu sınaqdan keçirməyəsiniz. Yaxud da, birini də
özünüzə tikməyəsiniz...
– Olur, qadın deyiləm? (gülür). Elə birinci
özüm baxıram ki, məsələn, filan aktrisa ilə
bədən quruluşum bənzərdir. Mənə olursa, deməli,
onun da əynində yaxşı oturacaq və sair. Çox
vaxt tikdiyim paltara vurulub “Bu nə qəşəngdir, gərək
birini də özümə tikim” dediyim məqamlar da olur.
İnanırsınız, bu, söz olaraq da qalır. Nə
zamanım olur, nə də həvəsim. Elə bil paltarı
tikə-tikə onu əynimdə təsəvvür edib,
zövqü alıram. Beləcə, marağım azalır.
– Teatrda olduğunuz müddətdə sizin
üçün nələr dəyişdi?
– Təcrübə sayəsində insanları
tanımağı öyrəndim. Özüm öz yerimi
bildiyimdən hər kəsin də yerini bilir və dil
tapıram.
– Öz aramızdır, sizin otaqda da çox sözlər
danışılıb. İllərdən bu yana, Allah bilir,
boğçada nə söhbətlər var...
– (gülür) Elə o boğça bağlı
qalsa yaxşıdır. Bir də adamın yanında söz
danışarlar da. Onlar danışır, mən tikirəm. Nəyimə
lazımdır? Qoşulmuram. Əksinə, xəbər alanda
da deyirəm bilmirəm, eşitməmişəm, görməmişəm.
Özü də intriqa təkcə teatrlarda olmur ki, elə həyatda da elədir. Hər
zaman orta xətti saxlamağa, qalmaqalı yatırmağa
çalışıram.
– Sənət adamları həssas olurlar, yoxsa tələbkar?
– Fərqli xarakterli insanlarla işləyirik. Həm də
bilirik ki, onlar səhnəyə çıxacaq, rol oynayacaq.
Onların ovqatını korlaya bilmərik. Aktyor səhnədə
özünü rahat hiss eləməlidir. Bunun başlıca səbəblərindən
biri də geyimdir. Çünki geyim özümüzə
güvənin, görkəmimizdən məmnuniyyətin ilk mərhələsidir...
– Aktrisalarla, ümumən sənət adamları ilə
dostluq edirsinizmi?
– Yox, həyat tərzim başqadır. Adi həyatda da
yaxın rəfiqəm yoxdur. Mənim üçün ailəm
var, doğmalarım var.
***
Söhbətin bundan sonrakı hissəsində
teatrın mətbuat katibi Fəridə Rüstəmova da
iştirak etdiyindən bir növ “qadın müzakirə klubu”
formatına keçdik. Sonda hamılıqla razılığa
gəldik ki, qadınları anlamaq çətindir. Amma həm
də mümkündür...
Söhbət zamanı qəhrəmanımızın
timsalında bir daha onu da yəqin etdim ki, “Dərzi öz
söküyünü tikmir” və ya “Aləmi bəzər,
özü...” kimi deyimlərin ünvanları, əslində,
peşəsinə vurğunlardır. Çünki onların ən
sevdiyi iş başqalarının gözəl geyimindən
zövq alaraq daha yaxşısını tikmək
üçün daim çalışmaqdır. Dəb isə yəqin bunun
davamıdır. Dünya dəbinin ikonası sayılan Koko
Şanelin fikrincə, dəbdən düşən paltarlar
deyil, elə dəbin özüdür...
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət .- 2024.- 12 iyul,№(52).- S.7.