Qonaq Bəxtiyardırsa…
Mədəniyyət Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
(MEMİM) “Nəsildən-nəslə teatr” layihəsinin
icrasına başlayıb. İyulun 9-da Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə
səhnəsində layihə üzrə ilk görüş
keçirildi.
Layihənin “Öz teatrını yarat” adı ilə təqdim
edilən ilk panelinin qonağı Xalq artisti Bəxtiyar
Xanızadə idi.
Görüşdən əvvəl MEMİM-in direktor vəzifəsini
icra edən Vüqar Hümbətov çıxış edərək
layihənin Azərbaycan teatrının inkişafına dəstək
göstərmək, müasir beynəlxalq tendensiyaların
teatra tətbiqi, bu sahəyə marağın
artırılması, eləcə də gənclərin cəlb
edilməsi və nəsillər arasında təcrübə
mübadiləsi məqsədi daşıdığını
vurğuladı.
Sonra teatrşünas Dağlar Yusif panelin
qonağını təqdim etdi.
Belə baxanda, Azərbaycan Dövlət Pantomima
Teatrının yaradıcısı və bədii rəhbəri
Bəxtiyar Xanızadəni kim tanımır ki? Amma yox. Bu
görüş daha çox yaşca bizim pantomim
teatrımızdan kiçik olan nəslə
ünvanlanmışdı deyə, Bəxtiyar müəllimin
teatr və həyat düşüncələri ilə təkrar
tanışlığa ehtiyac var idi.
Bəxtiyar Xanızadə haqqında təqdimatı,
qonağın söhbətinə, xanəndələr
demişkən, “ayaq verdiyi” giriş sözünü zarafatla
“çox elmi” adlandırıb sadə danışmağa
üstünlük verdi. Yəni elə həmişəki tək,
eynilə seyrək müsahibələrində olduğu kimi,
teatrı necə görüb onun barəsində nələri
düşündüyünü çox aydın və səlis
ifadə etdi.
Bir saatdan artıq davam edən görüşdə Bəxtiyar
Xanızadə özünü teatrda necə
gördüyündən, öz teatrını necə
gördüyündən çox səmimi söhbət etdi və
ona huşyarlıqla qulaq kəsilən teatr həvəsli gənclərə
bu sənətdə nələri gözləyəcəklərindən,
nələrlə qarşılaşacaqlarından öz şəxsi
nümunəsində danışdı.
***
…“Tələbə olanda bu teatrın səhnəsində
kütləvi səhnələrə çıxırdım.
Hər tamaşada çıxışa görə o
vaxtın pulu ilə 3 rubl 50 qəpik pul verirdilər. Mənim
də həmin məbləğə ehtiyacım var idi deyə,
kütləvi səhnəyə çıxırdım. Amma
görürdüm ki, artıq teatrda işləyən,
ümumi desək, səhnədə nizə tutan məndən
yaşda azca böyük olan gənc aktyorlar hər gün bu
peşəni seçdiklərinə görə, teatrda işlədiklərinə
görə lənət yağdırırlar. Mən bu teatrda
elə onlara görə qalmaq istəmədim. Qorxdum ki, mən
də onlar kimi olaram”.
…“Pantomima teatrını mən özüm istədiyim
üçün yaratdım. Bu, şəxsən mənim istəyim
idi və mən çətinlikləri normal
qarşıladım. Amma məndən sonra otuz ildə ikinci
pantomim teatrı yaranmadı. Deməli, belə bir teatrı
yaratmaq istəyən yoxmuş”.
...“Hərdən bayağılaşmış sual
verirlər ki, yenidən bu həyata gəlsəydin, yenə bu
həyatı, bu sənəti seçərdin? Mənim ona
cavabım belədir: bəli, seçərdim və 68
yaşıma qədər keçdiyim ömür yolunda
heç nəyi dəyişməzdim. Mən həmişə
teatrda uşaqlara deyirəm ki, mənə hər biriniz hər
gün bir sual verin. Sual vermək o deməkdir ki, səni nəsə
maraqlandırır, düşünürsən. Bir gün də
sual verdilər ki, xoşbəxtlik nədir? Cavab verdim ki,
xoşbəxtlik – bu günə qədər
yaşadığın həyatda heç nəyi dəyişməmək
hissidir”.
“Qərib cinlər diyarında” filminə çəkilməyim
uşaqlıq həvəsi idi. 1977-ci ildən ta 2000-ci ilədək
(“Ovsunçu”) heç bir filmə çəkilmədim. Kino
mənlik deyil. Mən kamera qarşısına çıxanda
tamaşaçını hiss etmirəm. Televiziya verilişlərinə
də buna görə getmirəm: nə bilim, verilişə
kim baxır? Baxın, burada əyləşmişik: bir-birimizi
görürük, münasibəti hiss edirik. Canlı
ünsiyyət ayrı aləmdır. Teatr da
canlıdır...”.
***
Adətən, bu cür tədbirlər bir qədər
soyuq, bir qədər cansıxıcı ola bilir. Təbii ki,
ortamın havası danışandan da, dinləyənlərdən
də asılıdır. O gün Bəxtiyar Xanızadə
açıq mətnlə kimsəyə “Öz teatrını
yarat”, hər şey yaxşı olacaq, demədi.
Özünün də öz teatrını təsdiq
uğrunda nələrdən keçdiyini, hansı stressləri
yaşadığını xatırlamadı. Sadəcə,
“Öz teatrını yarat”maq xəyalında olanlara “Öz
teatrını yarat”mış şəxsin ürək
sözlərini səxavətlə, səmimiyyətlə
çatdırdı.
Bu görüşdən qəribə hisslərlə
ayrıldıq. Bəlkə də kimsə içindəki
teatr diləklərinin üstünə su səpdi, kimsə də
əksinə, arzularını məqsədə çevirməyi
qətiləşdirdi.
Bəxtiyar müəllim “Nəsildən-nəslə
teatr” çərçivəsində ilk ünsiyyət
müstəvisini elə qurdu ki, bu çərçivəni
görkəmli rejissordan sonra doldurmaq hər halda çətin
olar. Bunu gələcək göstərəcək. Hələliksə,
biz bu görüşün xoş aurasındayıq. Əgər
sözünü dinlədiyimiz Bəxtiyardırsa, dinləyənlər
də bəxtiyar olacaq...
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.5.