Onun ödədiyi ağır bədəllər...
Kinorejissor Niyazi Bədəlovun xatirə gecəsi
Çox sevdiyim Çingiz Aytmatovun belə bir fikri var:
“Bütün hisslərin izahı olmadığı kimi,
onları təsvir edəcək sözlər də yoxdur”. Azərbaycan
kino tarixində rejissor nəslini gözdən keçirdikdə
Niyazi Bədəlovu xatırlayıb köks ötürürəm...
O, görkəmli rus kinorejissoru, bu sahədə məktəb
yaradan Sergey Eyzenşteynin emalatxanasında təhsil
almış cəmi iki azərbaycanlı tələbədən
(digəri Səməd Mərdanovdur) biridir. Üstəlik,
rejissor kimi sənədli kino tariximizdə N.Bədəlov
adı xüsusi xətlə keçir.
Onun filmoqrafiyasına nəzər salsaq, sənədli
kinomuzda bu sahədə ali təhsil alan ilklərdən
olduğu bariz görünür. Amma həmin dönəmdə
müxtəlif səbəblər, bəlkə də intriqalar
(bəziləri kimi) onun da əl-qolunu yığıb. Beləcə,
yüksək kino təhsili almış insan ömrünün
sonrakı illərində bölgələrdə dram dərnəkləri
yaradıb, orada həvəskar aktyorları ətrafına
toplayıb. Kinoda başlanan parlaq yol Salyanda Xalq teatrında
bitməyə məhkum edilib.
Amma 88 ömür sürən sənətkar sonadək
kino ilə yaşayıb, respublikada sənədli kinonun təşəkkülündə
müstəsna rol oynayıb.
İyulun 10-da Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət
Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Niyazi Bədəlovun
(1909–1997) 115 illik yubileyi münasibətilə xatirə gecəsi
keçirildi. Tədbir çərçivəsində sənətkarın
həyat və yaradıcılığını əks etdirən
fotosərgi də açılmışdı.
Əvvəlcə kinorejissor haqqında videoçarx
nümayiş etdirildi.
Niyazi Mustafa oğlu Bədəlov Şəkidə
anadan olub. 1927-ci ildə Şəkidəki “Yeni yol”
kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə
başlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda rejissorluq ixtisası üzrə təhsil
alıb (1931–1936). 1936-cı ildən “Azərbaycanfilm”də
çalışıb. Bir müddət Bakı Teatr
Texnikumunda kino texnikası fənnindən dərs deyib.
Müharibə (1941-1945) illərində cəbhə bölgələrində
çəkilişlər edib. Moskvadakı kinojurnallar
üçün süjet çəkiblər. Rejissor həmçinin
Sovet İttifaqının müxtəlif respublikalarında
istehsal olunan bədii filmləri Azərbaycan dilinə dublyaj
edib. Azərbaycanda həvəskar kino hərəkatının
təşkilatçılarından biri olub.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət
xadimi Cəmil Quliyev Azərbaycan sənədli kino salnaməsinin
yaradılmasında Niyazi Bədəlovun böyük xidmətlərindən
danışdı, fondun muzeyində ona məxsus nadir rejissor
ssenarisinin qorunub saxlanıldığını qeyd etdi.
Bildirdi ki, istedadlı rejissorun fərqli, yenilikçi
“sənətkar gözü” olub. Onun xronikalarda, sənədli
filmlərdə, kinoportretlərdə belə bədiiliyə,
kameranın mümkün imkanları ilə çoxqatlı
keçidlərə yer verməsi zəngin zövqünün
məhsulu idi.
Əməkdar incəsənət xadimi,
kinoşünas Aydın Kazımzadə N.Bədəlov
haqqında xatirələrini bölüşdü,
sağlığında ondan atalıq qayğısı
gördüyünü bildirdi. Qeyd etdi ki, N.Bədəlov
ümumilikdə 40-a qədər sənədli film
(“Övladlarım”, “Xəzərin üzərindən
körpü”, “Azərbaycan aşıqları”, “Onun adı
Serafino idi” və s.), “Ordenli Azərbaycan”, “Gənc nəsil”,
“İncəsənət”, “İdman” və s. kinojurnallar
üçün süjetlər çəkib. Azərbaycan
kinosunda gənclik mövzusunda çəkilmiş ilk sənədli
film olan “Komsomol nəsli” filmi onun müəllif kimi fərdi,
maraqlı, zamana müvafiq estetik
cizgiləri ön plana çıxarır. N.Bədəlovun
maraqlı ekran işlərindən biri də “Azərbaycan
aşıqları” – Aşıqların I Qurultayından bəhs
edən sənədli filmdir.
O da diqqətə çatdırıldı ki,
İkinci Dünya müharibəsi və ondan sonrakı
dövr, müharibə qəhrəmanlarının portretləri
rejissorun yaradıcılığında xüsusi yer tutur. O,
müharibənin, arxa cəbhənin təsvir həllini
özünəməxsus boyalarla əks etdirməyə
çalışıb.
Filologiya üzrə fəlsəfə doktoru Firudin
Qurbansoy sənətkarın öz filmlərinə ürək
qoyduğunun hər ekran işində hiss olunduğunu ddi.
Rejissorun ailə üzvləri adından tarix üzrə
fəlsəfə doktoru Esmira Cavadova çıxış edərək,
tədbirin təşkilinə görə Dövlət Film
Fonduna təşəkkürünü bildirdi.
Tədbirin sonunda kinorejissor Niyazi Bədəlovun “Onun
adı Serafino idi” və “Estafet” sənədli filmləri
nümayiş olundu.
İstər müharibə qəhrəmanları
haqqında olan bu iki filmdə, istərsə də digər
filmlərində rejissor Azərbaycanın tarixini, xüsusən
də xalqımızın İkinci Dünya müharibəsində
iştirak etmiş övladlarının igidliyini sənədli
kinonun imkanları daxilində bacarıqla tərənnüm
edir.
Ümumiyyətlə, onun yaradıcılığında
mövzu baxımından rəngarənglik diqqəti cəlb
edir. O sanki hər mövzuda unikal bilgi sahibi olduğunu və
kino sevgisini izhara tələsir. Məsələn, “Mirzə Fətəli
Axundov”, “Məhəmməd Füzuli”, “Xalq şairi Səməd
Vurğun” filmlərində biz həmin
şəxsiyyətlərin yaradıcılıq
xronikasını deyil, bədii-sənədli filmə xas olan
incəlikləri, təsvir həllindəki ustalığı
görürük.
Rejissor bu filmlərində az sözlə,
yığcam montajla böyük, çoxqatlı fikirlər
ifadə etməyə çalışır. Onun xüsusən
mədəniyyət və sənət xadimləri ilə bağlı
ekran işlərində kütləvi tamaşaçıya
hesablanmış zəngin təsvirçilik geniş yer tutur.
***
Əvvəldə də dediyim kimi, Niyazi Bədəlov
1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti
yanında İncəsənət İşləri İdarəsinin
sərəncamı ilə Salyan özfəaliyyət dram dərnəyi
bazasında Xalq teatrı (bir müddət dövlət
teatrı statusu olub) yaradıb. Uzun illər burada
çalışıb, fürsət düşdükcə də
kinoya qaçıb... və
1997-ci ildə vəfat edib.
Beləcə, bir kino
sevdalı ömür bitib. Başqalarını
kinoyaddaşa köçürən Niyazi müəllimin
özünün xronikası yoxdur. Bircə 90-cı illər
kinosu, onun vəziyyəti ilə bağlı son müsahibəsində
dediyi fikirlərdən başqa...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.1;5.