“Yaşıl
dünya naminə həmrəylik ili” ilə bağlı
müsabiqəyə yekun vurulub
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan
Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik
ili” ilə bağlı elan etdiyi media müsabiqəsinə
yekun vurulub. İyulun 10-da qaliblərin
mükafatlandırılması mərasimi olub.
Hazırda Azərbaycan Dəmiryol Muzeyinin yerləşdiyi
tarixi Sabunçu vağzalında keçirilən tədbirdə
ADY sədrinin müşaviri Aysel Soltanova
çıxış edərək müsabiqənin
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
keçirilməsinin əhəmiyyətini vurğulayıb.
ADY rəsmisi media nümayəndələrini qarşıdan gələn
Milli Mətbuat Günü münasibətilə təbrik edib,
media ilə əməkdaşlığa xüsusi önəm
verdiklərini vurğulayıb: “Müsabiqəyə təqdim
olunan araşdırma materialları Azərbaycanın
“yaşıl təşəbbüsləri”ni və gələcək
planlarını nümayiş etdirir. Azərbaycan Dəmir
Yolları olaraq daha dayanıqlı ətraf mühit
üçün sizin araşdırmalarınızda qeyd olunan
təşəbbüsləri dəstəkləyirik”.
Mətbuat Şurasının sədri Rəşad Məcid
jurnalistlərin analitik yazı, videoreportaj və məqalələrin
hazırlanması üzrə bacarıqlarını əks
etdirən müsabiqənin əhəmiyyətini
vurğulayıb. Şuranın ADY ilə bu yöndə əməkdaşlığının
əsasının ötən il qoyulduğunu diqqətə
çatdıran R.Məcid həm dəmir yolu nəqliyyatı
ilə bağlı fəaliyyətin ictimaiyyətə
dolğun çatdırılması, həm də sahə ilə
bağlı media peşəkarlığının
artırılması baxımından belə müsabiqələrin
davamlı olmasını arzu edib.
Münsiflər heyətinin üzvlərindən
professor Qulu Məhərrəmli və MEDİA-nın
Müşahidə Şurasının üzvü, ADA Universitetinin
müəllimi Şəfəq Mehrəliyeva müsabiqəyə
daxil olan yazılarla bağlı fikir və qeydlərini
bölüşüblər
Qeyd edək ki, müsabiqəyə 1 iyun – 1 iyul
2024-cü il tarixlərində kütləvi informasiya vasitələrindən
(qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV)
dörd istiqamət üzrə 41 iş təqdim olunub.
Müsabiqənin şərtlərinə əsasən, 12 nəfər
əsas (hər istiqamət üzrə 1-ci, 2-ci, 3-cü yerlər),
15 nəfər həvəsləndirici mükafata layiq
görülüb.
Mükafatçılar arasında “Mədəniyyət”
qəzeti də təmsil olunur.
Mədəniyyət .- 2024.- 12 iyul,№(52).- S.6.