İtalyan
arxeoloqların “Tava-təpə” tapıntısı
3500 il yaşı olan ayin masası
İtaliyanın Kataniya Universitetinin arxeoloqları Azərbaycanın
Ağstafa rayonundakı Son Tunc dövrünə aid “Tava-təpə”
qədim yaşayış məskənində keramik qab və
3500 il yaşı olan ayin masası tapıblar.
Bununla bağlı “Heritage Daily” portalında dərc edilmiş
məqalədə təxmin edilir ki, “Tava-təpə” Kür
çayı hövzəsi ilə Qafqaz dağları
arasında məskunlaşan köçəri tayfalar
üçün istirahət məkanı ola bilərdi.
Məqalədə bildirilir ki, qazıntılar
zamanı ayin süfrəsi və yaxşı qorunub
saxlanılmış keramika qabları, o cümlədən
manqal üçün gövdələr olan dairəvi gil
konstruksiya aşkar edilib. Qazıntı sahəsinə səpələnmiş
kasa və digər bişmiş keramika qablarının
qırıqları burada qalan qədim köçərilərin
yeməklərini keramika qablarda bişirdiyini göstərir.
Alimlərin fikrincə, konstruksiyaya giriş əvvəlcə
taxta dirəklərlə təmin edilib, damı isə samanla
örtülüb. Perimetr boyunca sütun çuxurları
strukturun ölçüsünü hesablamağa imkan verir;
onun diametri təxminən 15 metr olub.
Dairəvi sahənin xarici hissəsində müxtəlif
heyvan – iribuynuzlu mal-qara, qoyun və donuz sümükləri, həmçinin
saxsı qab qırıqları aşkar edilib. Arxeoloqların
fikrincə, bu tapıntılar “Tava-təpə”də
köçəri tayfaların ümumi süfrəsinin bir
hissəsi olan ayin yeməkləri haqqında yeni fikirlər
verir.
Quruluşun ayin xarakterini xüsusi çuxurlara yerləşdirilmiş
və tanrılara təqdim etmək üçün nəzərdə
tutulmuş nəzir deyən insan heykəlcikləri də
göstərir.
Arxeoloqlar iyulun ortalarında “Tava-təpə”də
tapılan artefaktları təqdim etməyi
planlaşdırırlar. “Heritage Daily” yazır ki,
Siciliyadakı Kataniya Universitetinin bu ilin dekabrında
qazıntıların nəticələrinə dair sərgi təşkil
edəcəyi də gözlənilir.
Qeyd edək ki, “Tava-təpə” qədim
yaşayış məskəni eramızdan əvvəl
XIII–VII əsrlərə aid Son Tunc və Erkən Dəmir dövrünə
aid Xocalı-Gədəbəy mədəniyyətinə məxsusdur.
Arxeoloqlar keramik qabları ötən ilin yayında Ağstafa
rayonunun Aşağı Kəsəmən kəndi
yaxınlığında aşkar ediblər. Qədim
yaşayış məskəninin yerində qazıntı
işləri üç ildir ki, azərbaycanlı mütəxəssislər
tərəfindən Türkiyə və İtaliyadan olan
arxeoloqlarla birgə aparılır.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.1;2.