TÜRKSOY 31
yaşında
İyulun 12-si Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-un yaradılmasının 31-ci
ildönümüdür. 1993-cü il iyulun 12-də Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkiyə və Türkmənistanın mədəniyyət
nazirlərinin iştirakı ilə Almatı şəhərində
keçirilən toplantıda “Türk Kültür və Sənətləri
Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında
saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı adlanır. TÜRKSOY-un Katibliyi Ankara
(Türkiyə) şəhərində yerləşir.
TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən
savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə
də Rusiya Federasiyasının Altay, Başqırdıstan,
Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları,
Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda
müşahidəçi üzvlük statusuna malikdir.
TÜRKSOY yarandığı gündən qardaş
xalqların ortaq mədəniyyət çətiri altında
söz və sənət dəyərlərimizi bir araya gətirərək
təbliğ edir. Təşkilatın fəaliyyəti hər
il toplantıları keçirilən Mədəniyyət
Nazirləri Daimi Şurası tərəfindən müəyyən
olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik
edir.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri,
keçmiş mədəniyyət naziri Xalq artisti Polad
Bülbüloğlu 1993–2006-cı illərdə TÜRKSOY-un
ilk baş katibi olub. Ondan sonra təşkilata
Qazaxıstanın keçmiş mədəniyyət naziri,
musiqi xadimi Düsen Kaseinov rəhbərlik edib. 2022-ci ildən
Qırğızıstanın keçmiş mədəniyyət
naziri Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un baş
katibidir.
Azərbaycan təşkilatın fəaliyyətində
yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə
bağlı çoxsaylı birgə layihələr həyata
keçirib. O cümlədən “Türk dünyasının
mədəniyyət paytaxtı” layihəsi iki dəfə
ölkəmizdə reallaşıb. 2016-cı ildə bu
adı Şəki şəhəri daşıyıb.
2023-cü ildə isə Azərbaycan mədəniyyətinin
paytaxtı Şuşa “Türk dünyasının mədəniyyət
paytaxtı” olub.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.1;2.