“Şəhidlər unudulmur” layihəsində növbəti görüş

 

 

Lənkəran Mərkəzi Kitabxanasının “Şəhidlər unudulmur” layihəsi çərçivəsində Vətən müharibəsinin lənkəranlı şəhidlərinin xatirəsinə həsr olunan “Payızın 44 anı” oçerklər toplusunun həmmüəllifləri – AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli və şair-publisist Xatirə Xatunla görüş keçirilib.

Tədbirdə şəhid anaları, veteranlar, yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Arzu Rufullayeva bildirib ki, “Şəhidlər unudulmur” layihəsi çərçivəsində şəhidlərin həyat və döyüş yoluna həsr olunan kitabların müəllifləri ilə oxucuların mütəmadi görüşləri keçirilir.

Digər çıxış edənlər şəhidlərin döyüş yolundan bəhs edib və “Payızın 44 anı” kitabının müəlliflərinə uğurlar arzulayıblar.

Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.

Sonda müəlliflər tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.4.