Davamlı inkişaf
yolunun başlanğıcı
14 iyul Azərbaycan tarixində xüsusi əhəmiyyətə
malik günlərdəndir. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu ilin həmin günündə keçirilən
plenumunda Heydər Əliyev respublikanın rəhbəri – Azərbaycan
KP MK-nın I katibi seçilib. Bu, Heydər Əliyevin
böyük siyasətə gəlişi idi. Qarşıda onun
rəhbərliyi altında Azərbaycanın böyük
quruculuq illəri vardı.
Əlamətdar tarixin 55 illiyi münasibətilə
bölgələrdə bir sıra tədbirlər
keçirilib.
Quba-Xaçmaz RMİ ilə YAP Qusar rayon təşkilatı
birgə Qusar rayon Heydər Əliyev Mərkəzində “Tərəqqi
yolunun başlanğıcı” mövzusunda konfrans
keçiriblər. Çıxış edənlər 1969-cu
ilin 14 iyulunda Ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbər seçilməsini ölkəmizin müstəqillik
tarixinin, parlaq və işıqlı yolunun
başlanğıcı kimi qiymətləndiriblər. Qeyd
olunub ki, Ümummilli lider həmin vaxta qədər
keçmiş SSRİ-nin aqrar respublikası olan Azərbaycanın
yüksək sənaye inkişafı, mədəniyyəti ilə
tanınmasına nail olub.
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
YAP Siyəzən rayon təşkilatı ilə birgə
keçirilən tədbirdə çıxış edənlər
bildiriblər ki, 14 iyul 1969-cu il tərəqqi yolunun
başlanğıcı, müstəqil və qüdrətli
Azərbaycan dövlətinin təməlinin qoyulduğu
gündür. Ölkəmizin çoxəsrlik dövlətçilik
tarixində Heydər Əliyev epoxasının müstəsna
yeri vardır. Onun siyasi hakimiyyətə gəldiyi gün
xalqımızın tarixi taleyində oynadığı
misilsiz rolu ilə daim xatırlanır.
***
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində
“Tariximizin şanlı səhifəsi” mövzusunda tədbir
keçirilib. Çıxışlarda qeyd olunub ki, Ulu öndər
Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə
müasir Azərbaycanın tarixində yeni səhifə
açıldı, gələcək müstəqil
respublikanın iqtisadi təməli qoyuldu. Tədbir
iştirakçıları Ulu öndər Heydər
Əliyevin həyat yolu və siyasi fəaliyyətinə həsr
olunan filmi izləyiblər.
***
Ağstafa rayon Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdəki çıxışlarda da
Azərbaycanın davamlı inkişaf yolunda 1969-cu ildən
sonrakı mərhələnin əhəmiyyəti
vurğulanıb. Ulu öndərin dövlətçilik fəaliyyətindən,
Vətən, xalq qarşısında misilsiz xidmətlərindən
bəhs olunub, tarixi videokadrlar nümayiş etdirilib.
***
Şirvan şəhər Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdə əvvəlcə Heydər
Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs
edən film nümayiş etdirilib. Tədbirdə
çıxış edənlər dahi liderin siyasi hakimiyyətə
gəlişindən 55 il ötdüyünü, dövlət
müstəqilliyimizin möhkəm təməllərinin və
etibarlı bünövrəsinin məhz onun tərəfindən
qoyulduğunu diqqətə çatdırıblar.
Biləsuvar rayon Heydər Mərkəzində “Tarix
yazan şəxsiyyət” mövzusunda mühazirə saatı təşkil
edilib. Gənclər üçün keçirilən
mühazirədə mərkəzin elmi işçisi Lamiyə
Dadaşova Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti
barədə məlumat verib. Növbəti gün mərkəzdə
“Xalqa həsr olunmuş ömür” adlı qısametrajlı
film nümayiş etdirilib.
Əlamətdar günlə bağlı Neftçala
rayon Heydər Əliyev Mərkəzində də tədbir
keçirilib. Tədbir çərçivəsində gənclərin
əl işləri nümayiş etdirilib, Ulu öndərin həyatı
və siyasi fəaliyyətini əks etdirən film izlənilib.
Gənclər arasında bilik yarışı keçirilib. Tədbirin
bədii hissəsində mərkəzin gitara kursunun müəllimi
Murad Abdullazadə musiqi nömrələri səsləndirib.
***
Cəlilabad rayon Alar kənd Mədəniyyət evində
Ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə
gəlişinə həsr olunmuş tədbir təşkil
edilib. Bildirilib ki, Azərbaycan dövlətinin tarix səhnəsində
özünəməxsus yer tutmasını, gerçək
müstəqilliyini əldə edərək qoruyub
saxlamasını təmin edən dahi Heydər Əliyev olub.
Onun 1969–1982-ci illərdə rəhbərliyi dövründə
həyata keçirilən islahatlar fonunda Azərbaycan SSRİ
miqyasında xüsusi çəkiyə malik respublikaya
çevrilib.
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.4.