Ustad balabançı Nizami Abbasov vəfat
edib
Azərbaycan aşıq sənətinə itki üz
verib. Ustad balabançı Nizami Abbasov 78 yaşında vəfat
edib.
Nizami Əli oğlu Abbasov 1946-cı il iyulun 1-də Gədəbəy
rayonunun Parakənd kəndində anadan olub. Sənətin sirlərini
dövrünün tanınmış
balabançılarından olan atası Əli Abbasovdan öyrənib.
1970-ci illərdən kənd mədəniyyət evində bədii
rəhbər vəzifəsində çalışıb.
Nizami Abbasov uzun illər Gədəbəy rayonunda ustad
sənətkar İsfəndiyar Rüstəmovun rəhbərlik
etdiyi “Xalq aşığı” ansamblında balabançı
kimi çıxış edib. Rayon və respublika miqyaslı tədbirlərdə,
folklor festivallarında, beynəlxalq tədbirlərdə
aşıqları uğurla müşayiət edib. Sənətkarın
Moskva, Ankara və Təbrizdə Azərbaycan
aşıqları ilə birgə ifaları xüsusilə
yadda qalıb. Nizami Abbasov eyni zamanda milli musiqi alətlərinin,
o cümlədən balabanın hazırlanmasında zəhmət
sərf edib, gənc ifaçılara ustad və müəllim
kimi köməklik göstərib.
O, Azərbaycan aşıqlarının IV, V və VI
qurultaylarının iştirakçısı olub, Azərbaycan
Aşıqlar Birliyinin Fəxri diplomu, Mədəniyyət
Nazirliyinin “Fəxri mədəniyyət işçisi”
nişanı ilə təltif edilib.
Ustad sənətkar Nizami Abbasovun xatirəsi onu
tanıyanların, sənət yoldaşlarının qəlbində
yaşayacaq.
Allah rəhmət eləsin.
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.4.