II Xələc yaşayış yeri Antik dövrə aid edilir

 

Naxçıvan MR Şərur rayonunun Xələc kəndi ərazisində arxeoloji tədqiqat işləri aparılır. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Arxeoloji xidmət şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə arxeoloji ekspedisiyası iyunun 20-də fəaliyyətə başlayıb. İyulun 10-da AMEA Naxçıvan Bölməsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi əməkdaşlarından ibarət komissiya qazıntı yerinə baş çəkib.

Ekspedisiyanın rəhbəri Zeynəb Quliyeva bildirib ki, ilk qazıntılara II Xələc yaşayış yerində başlanılıb. İlkin qazıntılar zamanı müxtəlif dövrlərə aid keramika nümunələrinin qeydə alınması buranın çoxtəbəqəli abidə olduğunu göstərirdi. Lakin təbəqələr dərinləşdikcə üzə çıxarılan tikili qalıqları burada Antik dövrə aid yaşayış kompleksinin olduğunu deməyə əsas verir. Həmin dövrə aid Azərbaycanın digər bölgələrində – Ağdam, Ağdərə, Tərtər və Qəbələdə geniş arxeoloji tədqiqatlar aparılsa da, Naxçıvanda Neolit, Eneolit, Tunc dövrləri fonunda arxa planda qalmışdı. Bu baxımdan II Xələcdən aşkar edilən tapıntılar Naxçıvanda Antik dövr mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir.

Aşkarlanan nümunələr burada yaşayışın Dəmir, Tunc, qismən də Son Eneolit dövrü kimi daha qədim dövrlərə gedib çıxdığını göstərir. Maraqlıdır ki, bu dövrlərin daha qədim mərhələsinə aid keramika nümunələri I Xələc yaşayış yerindən aşkar edilmişdi. Bu iki yaşayış yerinin bir-birinin davamı olması ehtimalı da mövcuddur. Hələlik əldə edilən ilkin tapıntılar nisbi xronologiyanı e. ə. I minilliyin ikinci yarısı – eramızın III–IV əsrləri arasında müəyyənləşdirməyə imkan verir. Abidənin mütləq xronologiyası isə aparılacaq analizlərlə təyin olunacaq. Qazıntı işləri iyulun 28-dək davam etdiriləcək.

 

Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.6.