“Media və uşaq
hüquqları” dərs vəsaitinin təqdimatı
İyulun 16-da Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü
əsasında jurnalistika ixtisası üzrə təhsil alan tələbələr
üçün nəzərdə tutulan “Media və uşaq
hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi
keçirilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova müsəlman
Şərqində ilk müstəqil cümhuriyyət quran bir
ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri,
hüquqları, gender bərabərliyini, həm qanunlarda, həm
də yaşam tərzində formalaşdıran bir xalqın
öz milli mətbuatını yaradaraq örnək olduğunu
bildirib.
Dərs vəsaiti ilə bağlı fikirlərini
bölüşən Bahar Muradova bildirib ki, komitə insan
hüquqları ilə bağlı savadlılığın
artırılması üçün Bakı Dövlət
Universiteti ilə sıx əlaqədə işləyir. Təqdim
olunan “Media və uşaq hüquqları” adlı dərs vəsaiti
artıq birlikdə hazırladığımız növbəti
layihəmizdir.
Bakı Dövlət Universitetinin rektoru Elçin
Babayev peşəkar medianın uşaq hüquqlarının
müdafiəsində mühüm rol oynadığını
vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla
bağlı məlumatların yayılması zamanı diqqət
edilməli məqamlardan danışıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev ali
təhsil ocaqlarının səriştə əsaslı kadr
hazırlığı ilə məşğul olan struktur kimi
cəmiyyətin inkişafında və qorunmasında
mühüm rol oynadıqlarını diqqətə
çatdırıb.
Nəşrin müəlliflərindən fəlsəfə
üzrə fəlsəfə doktoru Cabir Məmmədli “Media və
uşaq hüquqları” kitabının məzmunu, hansı zərurətdən
yaranması barədə məlumat verib.
Qeyd edək ki, dərslikdə müvafiq istiqamətdə
qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi,
jurnalist etikası, media məhsullarının
hazırlanmasında uşaqların iştirakı
qaydaları, uşaqlarla müsahibələrin
aparılması, foto və video materialların
yayımlanması, digər məsələlər üzrə
təlimatlar yer alıb.
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.2.