“O qızı tapın” filmindən
nadir foto
Xalq artisti Həsən Seyidbəylinin lentə
aldığı “O qızı tapın” (1970) bədii filminin
çəkiliş prosesindən nadir foto təqdim olunub.
Telejurnalist Həmid Məcidovun ailə arxivindən əldə
etdiyi fotoda görkəmli yazıçı, kinodramaturq,
rejissor Həsən Seyidbəyli, filmin texniki heyəti və
çəkilişin ərsəyə gəlməsində
iştirak edən sakinlər yer alıblar.
Foto ilə bağlı məlumat verən jurnalist
deyib: “Əksəriyyətiniz 1970-ci ildə istehsalı olan “O
qızı tapın” filminə (çəkilişlər
1969-cu ilin yayında olub) baxmısınız. Bu ekran işinin
bir sıra fraqmentləri Nardaran kəndinin dənizin sahilində
yerləşən Səfxanı məhəlləsində, rəhmətlik
Qüdrətəli babamın həyətində lentə
alınıb. Bu foto da o vaxt çəkilib. Mərkəzdə
qayanın üstündə oturan babam Qüdrətəli
kişidir, sağında filminin rejissoru, əslən
nardaranlı Həsən Seyidbəylidir. Fotonun 45 yaşı
var. “O qızı tapın” filminin Nardaranın Səfxanı məhəlləsində
çəkilən fraqmentləri o qədər uğurlu
alınıb ki, sonradan “Azərbaycanfilm” kinostudiyası həmin
ərazidə və ondan bir qədər aralıda film çəkilişləri
üçün pavilyon xarakterli iki xudmani ev də tikib. Kinostudiyanın
tikdirdiyi bu evlərdə sonradan ayrı-ayrı rejissorlar tərəfindən
“Bayquş gələndə”, “Yapon və yaponiyalı” və
digər filmlər çəkilib. Heyf ki, indi onların
yalnız qalıqları görünür”.
Əlavə edək ki, Nardaranın adıçəkilən
ərazisində “Azərbaycanfilm” tərəfindən 10-dan
artıq filmin fraqmentləri lentə alınıb.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.2.