44 günlük müharibədə
də düşmənə divan tutmuşdu...
Vətən torpağının hər
qarışı, şəhidlərimizin tökülən
qanı ilə suvarılıb. Onların göstərdiyi qəhrəmanlıq
sayəsində bu gün biz öz torpaqlarımızda sərbəst
yaşaya bilirik. Şəhidlərimiz bizə yalnız
torpağımızı deyil, həm də millətimizin
qürurunu, şərəfini və milli birliyimizi miras
qoyublar. Hər bir şəhidin hekayəsi, onların
döyüş meydanında göstərdikləri igidliklər
bizim üçün ilham mənbəyidir.
“Vətən fədailəri” rubrikasında bu dəfə
şəhid Ucal Nərbala oğlu Babaşovu
xatırlayacağıq.
1995-ci il aprelin 9-da İmişli rayonunun Xəlfəli
kəndində dünyaya göz açan Ucal Vətən
sevgisi ilə böyüyüb. Orta məktəb illərində
müəllimlərinin sevimlisi olub. Həm ağıllı, həm
də cəsur bir gənc olan Ucal Vətənin hər
qarış torpağının nə qədər dəyərli
olduğunu bilirdi.
2014-cü ildə N saylı hərbi hissənin kəşfiyyat
bölüyündə baş kəşfiyyatçı kimi
xidmət edən Ucal öz nümunəvi xidmətinə
görə əsgər və zabitlərin hörmətini
qazanır. Ana yurdun müdafiəsi üçün hər
zaman hazır olduğunu özünə söz verir.
2020-ci ilin 27 sentyabr günü. Vətən
torpağını uzun illərdir işğal altında
saxlayan düşmənə yerini göstərməyin
vaxtı gəlib çatmışdı. Ucal da minlərlə
Vətən oğlu kimi heç tərəddüd etmədən
silaha sarılır. Düşmənə qarşı
döyüşlərdə bir çox uğurlar qazanır,
savaş meydanında yağıya layiqli dərs verir, Zəngilan,
Laçın və Xocavənd rayonlarının
işğaldan azad edilməsində böyük qəhrəmanlıq
göstərir.
Vətən müharibəsindəki şücaətinə
görə Ucal Babaşov Prezident İlham Əliyevin
müvafiq sərəncamları ilə Zəngilan,
Laçın, Xocavəndin azad olunmasına görə və
“Vətən müharibəsi iştirakçısı”
medalları ilə təltif edilir.
Ucal Babaşov müharibədən sonra əməliyyat
kəşfiyyatı ixtisası üzrə komanda
başlanğıc kursunu bitirir. Sırada Qarabağı Ermənistan
ordu birləşmələrindən və separatçı
rejimdən təmizləmək missiyası vardı. Azərbaycan
Ordusu erməni terrorçuları yurd yerimizdən təmizləmək
üçün 2023-cü ilin 19-20 sentyabr tarixlərində
Qarabağda lokal xarakterli antiterror əməliyyatı həyata
keçirir. Ucal da cəsur kəşfiyyatçı kimi bu əməliyyatlara
qoşulur. O, böyük qəhrəmanlıq göstərərək
Xocalı rayonunun Dəhrəz kəndi istiqamətindəki
döyüşlərdə şəhidlik zirvəsində
yüksəlir.
Doğulduğu Xəlfəli kənd qəbiristanlığında
torpağa tapşırılan Ucal Babaşov ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni və “Vətən
uğrunda” medalı ilə təltif olunur.
Şəhidin qardaşı Natiq Babaşov Ucalla
bağlı xatirələrini dilə gətirir: “Ucalla bir
müddət birlikdə tikinti sahəsində
çalışmışıq. O, çox zarafatcıl,
gülərüz insan olmaqla yanaşı, Vətənə
bağlı idi. Torpaqlarımızın işğal atında
olmağı ilə heç vaxt barışmırdı. 44
günlük Vətən müharibəsi zamanı bir
çox döyüşdə iştirak etdi. O, bizə
müharibədə necə döyüşdüyünü,
necə şücaət göstərdiyini
danışırdı. Vətən müharibəsində
iştirak etməkdən çox böyük qürur duyurdu.
Deyirdi ki, çox xoşbəxtəm ki, Qarabağı
düşməndən azad etmək mənə də nəsib
oldu. Allah bütün şəhidlərimizə rəhmət
eləsin”.
Vətən uğrunda şəhid olan hər bir igid,
sanki bir ulduz kimi göy üzündə parlayır və millətinə
əbədi nur saçır. Heç düşünmədən
öz canını bu yolda fəda edən Ucal Babaşov kimi.
Ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda şəhid olmuş hər bir qəhrəmanın
əziz xatirəsi qarşısında əyilərək
deyirik: “Sizlər daima qəlbimizdəsiniz, qəhrəman
şəhidlərimiz!”.
Nurəddin
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.6.