Dəlidən doğru əməl
deyiblər, yoxsa…?
Bəli, mövsümün sonuna yetişdik.
Özündən deyən bütün teatrlar
mövsümü, demək olar ki, yeni tamaşalarla başa
vurdular, gərək ki bircə Pantomima teatrından başqa. Yəni
bu teatr həm janr istiqamətinə, həm də
tamaşaçıların təəssüratına görə,
daha çox göstərir ki, danışmır. Hərçənd
onun repertuarında sözlü, mətnli tamaşalar da var…
Uzağa getsək, uzunçuluq olacaq. Qısası,
kollektiv 30-cu mövsümünü “Dəli Domrul”
tamaşası ilə bitirdi. Əslində, bu tamaşa təzə
sayılmaz. O üzdən ki, teatr bu tamaşanı hələ
2011-ci ildə hazırlayıb, sadəcə, bu mövsüm
yenidən bərpa edib.
Statistika aparsaq, məlum olar ki, “Kitabi-Dədə
Qorqud” dastanının boyları arasında ən çox səhnələşdirilən
elə “Duxa Qoca oğlu Dəli Domrul” boyudur. Müxtəlif illərdə
Şuşa, Şəki dram teatrlarında, Bakı və Gəncə
kukla teatrlarında “Dəli Domrul” səhnədə
görüntülənib. Ya “Dəli Domrul”da
iştirakçıların azlığı, ya boydakı əhvalatın
səhnə həllinin rahat tapılma
mümkünlüyü, və ya çox güman, Domrulun
özünü dəliliyə vurub çox ağıllı
adam kimi heç nədən pul qazanmağa cəhd etməsi,
ya da dramaturq Altay Məmmədovun bu boy əsasında qələmə
aldığı pyesin mövcudluğumu onu səhnəmizin qəhrəmanına
çevirib… Bax, bu yerdə “Dayan!” işarəsi vermək
lazımdır. Çünki Azərbaycan Dövlət
Pantomima Teatrının “Dəli Domrul” tamaşası heç
bir məlum pyesin əsasında olmayıb, təxminən elə
bizə dastanın dilində – yəni ortaq dil
kökümüz hesab edilən qədim türkcədə
oynanılır.
Tamaşanın quruluşçu rejissoru və plastik həllin
müəllifi Xalq artisti Bəxtiyar Xanızadə, digər
rejissor isə Əməkdar artist Nargilə Qəribovadır.
Minimalizm üslubunda hazırlanmış “Dəli
Domrul”da çox şey şərtidir: Dədə Qorqudun
gözlərindəki saxta eynəkdən tutmuş onunla
Əzrayılın eyni cür saçaqlı saqqalınadək.
Hələ onu demirik ki, Dədəm Qorqud (Əli Əlizadə)
da Dəli Domrulun başına gələnləri qopuz, yəni
saz çalaraq çatdırmır, elə Domrulun xarakterinə
uyğun gələn bir alətlə – nağaranın
müşayiətilə bəyan eləyir. Dəli Domrul
(Nurlan Rüstəmov) ifası ilə, görkəmi ilə, hisslərini
çatdıran mimikası, səsinin çaları ilə
tamaşaçıya deyir ki, o xəbərini
aldığın Dəli Domrul var ha, elə mənəm ki, mənəm.
Tamaşadakı digər Nurlan, yəni haqqı nahaqqa
qatmış, İlahi həqiqəti cılız bilib yolunu
azan Dəli Domrulun canını almaq üçün Tanrının
elçisi kimi səhnəyə çıxan gənc aktyor
Nurlan Süleymanlı qədər simpatik və gülərüz
(yəqin Domrul canının alınmağından qorxmasın
deyə) Əzrayıl onun indiyədək
gördüyümüz obrazlarından az maraqlı deyildi.
Dəli Domrulun xarakterini xırdalasaq, anlarıq ki, elə
Dədə Qorqudun zamanında da ailə tərbiyəsi, daha
doğrusu, tərbiyəsizliyi uşaqların
davranışına, həyat tərzinə təsir
edirmiş. Məsələn, Domrula təklif gəlir ki, əgər
atası, ya da anası onun əvəzinə Əzrayıla can
təslim edərsə, uca Tanrı bu dəliqanlının günahlarını
bağışlayar. Amma nə şahmat oynayan Ata (Elxan
Şahalıyev), nə də bər-bəzəyi ilə vaxt
öldürən Ana (Zəhra Hüseynova) oğulları
yaşasın deyə, ölməyə razı deyillər. Hətta
Ata oğluna ünvan da göstərir: Anana müraciət et.
Ana da elə oğul dünyaya gətirəndə o
dünyanı görüb qayıtdığını yetərli
sayır. Bircə variant qalır: Domrulun Halalı, iki
oğulcuğunun anası yad qızı (Jalə Novruzova).
Halal dediyin Hərəm də Dəli aşiqinin
yaşaması naminə qurban getməyə hazır
olduğunu elə bəyan edir ki…
Tanrının hökmüylə Əzrayıl onun dərgahına
əliboş qayıdır. Bəs necə, qadın
böyük qüvvədir! Sevən, sevgisi uğrunda ölməyə
hazır qadın isə Tanrının sevimli bəndəsidir
deyə, o, bu cütlüyə 140 il ömür bəxş
edir! Ehhh, sonra da təəccüblənirlər ki, oğullar
ananı yad qızının ayağına niyə verirlər.
Can verdiyin üçün canından keçməyəcəksənsə…
Nə isə, qayıdaq mətləbə.
Mətləb isə ondan ibarətdir ki, pantomimçilər
“Dəli Domrul”da deyə-gülə, gülüşün
qrotesk janrından istifadə etməklə bizə
anlatdılar ki, çox lövğalanıb, mənəm-mənəm
demə, ilahi güc və ədalət səndən qat-qat
güclüdür.
Tamaşada bir düşündürücü məqam
da oldu. Səhnəni simvolik olaraq iki yekə, lap elə deyək,
divar kağızı boyda aşırma bloknot vərəqləri
açıb bağlayırdı. Vərəqlər
çevrildikcə rəssam Sənubər Səmədovanın
hər epizoda uyğun təsvirlər çəkmiş
olduğu həmin vərəqlərdə xeyli boş yer diqqəti
cəlb edirdi. Müəllif ideyasını deyə bilmərəm,
amma bir tamaşaçı olaraq mən həmin
boşluqları əməllərimizin qeyd edildiyi hesabat qaiməsi
kimi anladım. Axı, mimçilər bizə deyə-gülə
anlatdılar ki, əməllərinizdən muğayat olun.
Haydı, siz bu türlü fikirlərə dalmaqda olun,
ta bir də payızda görüşərsiniz.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.5.