Foto filmin pasportudur
“Azərbaycanfilm”in fotolaboratoriyasında söhbət-təəssürat
Bu günlərdə Hindistandan gəlmiş çəkiliş
heyətinin fəaliyyəti haqqında məlumat almaq
üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında oldum. Bura mənim üçün həmişə
sirli məkandır. Sanki labirintdir.
Getməli olduğum otağa, yaxud qalxdığım
mərtəbəyə yalnız bildiyim qapıdan daxil
olmalıyam, əks halda, binanın içində dövrə
vurub qalacağam. Bu dəfə də elə oldu. İstehsalat
və ümumi şöbələrə gedən istiqamətdə
çaşdım.
Uzun qaranlıq dəhlizlə addımlayarkən
baş tərəfdə kölgəsi görünən
adamı əlində köhnə film avadanlığına
oxşar bir əşya ilə işıq düşən
qapıya tərəf gedən gördüm.
Addımlarımı yeyinlədib çatmaq istədim.
Gözdən itdi. Bu an həmin işıq gələn
otağın qapısı açıq qaldığından
divardakı fotolar diqqətimi çəkdi. Məşhur
argentinalı futbolçu Maradonanın böyük fotosu... Tam
səmimi deyim ki, bəlkə də bu foto, ilk olaraq, diqqətimi
cəlb etməsəydi, həm də tələsdiyimdən
qaranlıq məkanın divarlarındakı digər
fotoları görməyəcəkdim.
Halbuki bunlar adi fotolar deyil, kino salnaməmizdən bir
yadigardır. “Azərbaycanfilm”in indi “qızıl” dediyimiz
dövründə çəkilən filmlərdən fotolar.
Sovet kinosu ulduzlarının əks olunduğu plakatlar...
Bu şəkillərə baxdıqca vaxtilə
kinostudiyada çalışan fotoqrafları da
xatırlayıram. Azərbaycan kino salnaməsinin foto
yaddaşının toplanmasında, qorunub saxlanılmasında
onların böyük zəhməti var. Boş otaqda bir
neçə dəqiqəlik dayanıram və bir anlıq
neçə-neçə ekran əsəri gözlərim
önündən keçir. Bu an sanki qəribə bir
sarsıntı keçirirəm. Bunu keçmiş
üçün darıxmaq da adlandırmaq olar. Bəlkə də
elə bu səbəbdən otağın boş olduğunu
görsəm belə, ani olaraq qapını döyüb kimsənin
olub-olmadığı ilə maraqlanıram. Elə bu an
içəridən “Buyurun, kim lazımdır?” sədası gəlir.
Dönüb baxıram. Kölgəsi görünən həmin
adam üzbəüz yan otaqdan çıxıb mənə tərəf
gəlir.
Qısa haşiyə. Kinostudiyanın tarixinə nəzər
salanda görürük ki, müəssisənin adı əvvəlcə
“foto” sözü ilə birgə çəkilib. 1923-cü ildə
Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təşkil olunub
və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki
açılıb. 1923–1926-cı illərdə kinostudiya I
Dövlət Kinofabriki adlanıb. Sonradan AFKİ kinofabrik ilə
birləşdirilərək “Azdövlətkino”, “Azərkino”,
“Azdövlətkinosənaye”, “Azərfilm”, “Bakı
kinostudiyası” və nəhayət, “Azərbaycanfilm”
adlandırılıb. Kinostudiya 1960-cı ildən Cəfər
Cabbarlının adını daşıyır.
Bu qısa məlumatdan sonra keçirəm birbaşa dəhlizdə
rastlaşdığım bu mehriban insanla söhbətimizə.
Natiq İbrahimov – fotoqraf.
– Bura hansı sexdir?
– Bura kinostudiyanın fotosexidir. İndi elə də
aktiv fəaliyyət göstərmir. Amma mən burada
ab-havanı qoruyub saxlamağa çalışıram.
– Otaqlara baxa bilərəm?
– Əlbəttə.
Mənə qarşıdakı otağı göstərir
və işığını yandırır. Bura ötən
əsrin 80-ci illərinə qədər istifadəyə
yararlı olan foto materialları ilə doludur. Lentlər,
avadanlıqlar, foto aşkarlamaq üçün xüsusi kimyəvi
maddələr və s.
– Burada fotolar var?
– Xeyr. Hazırda bütün kinoarxiv fotolarla birlikdə
Dövlət Film Fonduna təhvil verilib. Burada az sayda foto tapmaq
mümkündür.
– Bəs yandakı otaq?
– Bura fotosınaq məkanıdır. Bəzən
televiziyalara lazım olanda gəlib burada fotosınaq edirlər.
– Gördüyümüz bu fotokadrlar kinoda hansı
işə yarayırdı?
– Bu fotolar, ilk növbədə, filmlə birlikdə mərkəzə,
yəni Moskvaya göndərilirdi. Kinoplakatlar
hazırlanırdı, filmin kadrları ilə eyniliyi də bəzən
bu fotolarla yoxlanılırdı.
– Fotoşəkillər çıxarmaq
üçün ləvazimata yenə ehtiyac var?
– Bəzən olur. Məsələn 20 Yanvar hadisələrinə
həsr olunan film lentə alınarkən onlardan çəkilişdə
istifadə edilib.
– Buradakı avadanlıqlar necə də salamat
qalıb. Sanki laboratoriya hazırda tam fəaliyyət göstərir...
– Məndən əvvəl bu laboratoriyada peşəkar
fotoqraflar çalışıb və rəhbərlik ediblər.
Onların qoyduğu izi qorumağa çalışıram.
– Bəs bu köhnə telefon aparatları nə
üçündür?
– Bəzən çəkiliş zamanı lazım
olanda müraciət edirlər. Əfsus ki, indi çəkiliş
yoxdur. Amma bəzən kənardan qısa film və reklam
çəkilişlərində avadanlıq üçün
kinostudiyaya müraciət olunur.
– Bu otağın özü də bir kino səhifəsidir.
Fotoların əhatəsində insan sanki kino tariximizə səyahət
etmiş olur. Zaman çarxı kimi. Kiminlə
çalışmısınız burada?
– Görkəmli fotoqraf Pərviz Quliyevlə burada
çalışmışam.
– Dediniz dublyajda da olmusunuz...
– İbtidai sinifdə oxuduğum zaman uşaq filmlərinin
dublyajında da iştirak edib filmləri səsləndirmişəm.
Bəzən mikrofona boyum çatmırdı,
ayağımın altına stul qoyurdular. Elə o vaxtdan məndə
kinoya sevgi yarandı və fotoqrafiya üzrə təhsil
aldım. Yeri gəlmişkən deyim ki, istəməzdim bu məkan
təkcə kino günü ərəfəsində yada
düşsün. Bir gün gəlib çəkib göstərirlər,
sonra da unudulur... Bir neçə il əvvəl buradakı
işimdən uzaqlaşmışdım. Qayıdandan sonra
yenidən mənə əziz olan bu sexdə əşyalara
böyük diqqət və sevgi ilə baxıram.
Çünki hər biri dəyərlidir, hər birində bir
anın xatirəsi yaşayır.
– Burada nə vaxtdan
çalışırsınız?
– 1981-ci ildən.
– 43 il... Yəqin çoxlu xatirələriniz var...
– Çalışdığım illər ərzində
kinostudiyada görkəmli rejissor və aktyorlarımızı
görmüşəm. Atam kinostudiyada mühafizə sahəsində
işləyib. Uşaq yaşlarımdan, demək olar ki, burada
böyümüşəm. Çalışdığım
illərdə isə kino heyətləri ilə ezamiyyələrdə
olmuşam. Yaddaqalan günlər idi...
– Hansı filmlərdə işləmisiniz?
– “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”,
“Hökmdarın taleyi” və s.
– O vaxtlar kino çəkilişində fotoya tələbat
var idi, bəs indi vəziyyət necədir?
– İndi telefonla çəkirlər bəs edir. Yəni
peşəkar çəkiliş aparılıb neqativlər
saxlanılmır. Əslində, foto filmin pasportudur. Moskvaya
film aparılanda birinci neqativlərə baxırdılar...
Xatirələrə gəlincə, Şamaxıda “Bəyin
oğurlanması” filminin çəkilişləri gedirdi. Bir
az gecikmişdik. Filmdə hadisələr yay aylarında
baş verir. Artıq soyuqlar düşürdü və
aktyorlar danışanda ağızlarından buxar
çıxırdı. Rejissor bu incəlikləri birtəhər
ört-basdır edə bildi...
– Bəs yaddaşınızda ən çox hansı
film qalıb?
– Tarixi film olduğu üçün “Hökmdarın
taleyi”. Ümumilikdə isə 37 filmdə
çalışmışam. Montaj sexi üç növbədə
çalışırdı. 1990-cı ilin 20 Yanvar hadisələrində
üç gün bu sexdə qalmışam. Gizlicə daxil
olan neqativləri çap edib ötürürdük ki,
dünya Bakıda baş verənlərdən xəbərdar
olsun. O zaman burada çalışanların fədakarlığından
çox danışılıb, yazılıb. Hərbçilər
studiyanın çıxışında
dayanmışdılar. Bizi tutsaydılar, yəqin ki, heç
birimiz sağ qalmazdıq...
– Kino və fotoqraf – bu anlayışları necə
xarakterizə edərdiniz?
– Fotoqraf da rejissorla birlikdə çəkilişdə
olur, ezamiyyətə gedir, günəşin, qarın,
yağışın altında operatorla bərabər
çalışır.
– İndi sizinlə söhbət əsnasında
tanınmış fotoqraf, operator Elman Əliyevi
xatırladım.
– Allah Elman müəllimə rəhmət eləsin.
Qalanlara cansağlığı arzulayıram. Əvvəl
burada işçilərin sayı çox idi. Laborant
xanımlar da çalışırdı. Fotoqrafları bu
filmdən o filmə çağırırdılar. Elə
olub ki, bir fotoqraf eyni vaxtda iki filmdə işləyib...
Həmsöhbətimlə sağollaşıb binadan
çıxıram. Fotolarsa gözümün önündədir
sanki. Kino salnaməmizin yaddaş xəzinəsi. Onların
arasında nadir fotolar da var. Vaxtilə bu fotolaboratoriyada
çalışanlar özləri də bilmədən
kinomuzun bu günü ilə keçmişi arasında
körpü yaradıb, gələcəyə qiymətli bir
miras qoyublar.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.7.