MDB parlamentarilərinin Çingiz Aytmatov mükafatı

 

Bu il mükafata Azərbaycandan rejissor Mehriban Ələkbərzadə layiq görülüb

 

 

Xəbər verildiyi kimi, iyulun 12-də Sankt-Peterburqda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyası Şurasının iclasında qurumun təsis etdiyi Çingiz Aytmatov adına mükafatın növbəti laureatı elan olunub. Bu il mükafata Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə layiq görülüb.

MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir.

Rejissor Mehriban Ələkbərzadə mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.

Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman daimi komissiyasının sədri – Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov iclasda azərbaycanlı rejissorun yaradıcılıq fəaliyyəti haqqında məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib.

Xatırladaq ki, 2024-cü ilin 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (ikihissəli fantastik realizm) tamaşasının premyerası olub. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Azər Hacıəsgərlidir.

MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ildə Qırğız Respublikasının parlamenti – Joqorku Keneşin təşəbbüsü ilə təsis edilib. Namizəd MDB PA-nın daimi komissiyası tərəfindən baxıldıqdan sonra təsdiq üçün assambleyanın Şurasına verilir.

Mükafata ilk dəfə (2013) rusiyalı yazıçı-dramaturq Yuri Polyakov layiq görülüb. 2014-cü ildə MDB PA-nın Çingiz Aytmatov adına mükafatı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Çingiz Aytmatova verilib. İndiyədək bu mükafatla təltif olunanlar arasında Qazaxıstandan Xalq yazıçısı Oljas Süleymenov, Ermənistandan şair, ədəbiyyatşünas-tərcüməçi Qraçya Tamrazyan, Qırğızıstandan Xalq şairi Şayloobek Duyşeyev və Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev, Tacikistandan şair, dramaturq, kinossenarist Məhəmməd Qoib, Belarus Respublikasından ədəbiyyatşünas, akademik Vladimir Qnilomedov, Özbəkistandan Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Şuxrat Sirociddinov var.

Qırğızıstan parlamenti tərəfindən maliyyələşdirilən mükafatın məbləğinin 1 milyon som (təxminən 20 min AZN) olduğu bildirilir.

 

Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.8.