Azərbaycan Yazıçılar
Birliyi 90 yaşında
Yubileyə həsr olunan ədəbi-bədii gecə
Bu il Azərbaycan Yazıçılar Birliyi (AYB) 90
yaşını qeyd edir. İyulun 14-də Beynəlxalq
Muğam Mərkəzində qurumun yubileyinə həsr olunan ədəbi-bədii
gecə keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra AYB-nin
katibi şair, tərcüməçi, tədbirin moderatoru Səlim
Babullaoğlu gecəni açıq elan edib, şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AYB-nin sədri Xalq yazıçısı Anar
çıxış edərək Azərbaycanın görkəmli
ədiblərini, 1937-ci ilin repressiya qurbanlarını yada
salıb, onların nakam talelərindən söhbət
açıb.
Birliyin 90 illik keşməkeşli, eyni zamanda şərəfli
tarixindən danışan sədr diqqətə
çatdırıb ki, Ulu öndər Heydər Əliyev həm
sovet Azərbaycanına rəhbərliyi dövründə, həm
də müstəqillik dövründə ədəbiyyatımıza,
ədəbiyyat adamlarına həmişə qayğı ilə
yanaşıb. Bu qayğıkeş münasibətin Prezident
İlham Əliyev tərəfindən davam etdirildiyini deyən
Anar dövlətimizin başçısına minnətdarlığını
bildirib. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən
Şuşanın, işğal altındakı bütün
torpaqlarımızın azad edilməsi bizim üçün ən
böyük səadətdir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
çıxışında akademiya ilə AYB-nin sıx əlaqəsinin
elmlə ədəbiyyatın vəhdətinə səbəb
olduğunu nəzərə çatdırıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
nazir Adil Kərimlinin adından 90 illik yubiley münasibətilə
bütün yazıçı və şairləri təbrik
edib, xoş arzularını çatdırıb. O, yubiley tədbirinin
əlamətdar bir tarixə – Ulu öndərin Heydər
Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci
ildönümünə təsadüf etməsinin rəmzi məna
daşıdığını bildirib. Deyib ki, Heydər
Əliyev dövrün tanınmış
yazıçıları ilə daim təmasda olub, onlardan diqqət
və qayğısını əsirgəməyib.
Mədəniyyət Nazirliyi və
Yazıçılar Birliyinin birgə layihələrinə
diqqəti çəkən nazir müavini bildirib ki, dövlət
başçısının müvafiq sərəncamları
ilə ədiblərimizin yubileyləri mədəniyyət
ocaqlarında geniş qeyd olunur. Bu il Məhəmməd
Füzulinin 530 illiyinin qeyd edilməsi, bir neçə gündən
sonra isə Şuşada təşkil olunacaq Vaqif Poeziya
Günləri iki qurum arasında sıx əməkdaşlığın
göstəricisidir.
AYB-nin birinci katibi Xalq yazıçısı
Çingiz Abdullayev indiyə qədər birliyə rəhbərlik
etmiş görkəmli şəxsiyyətləri yada
salıb. O, eyni zamanda Birinci Qarabağ savaşında
övladı şəhid olmuş 11 yazıçı və
şairin xatirəsini ehtiramla yad edib.
Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un sabiq baş katibi
Düsen Kaseinov, türkiyəli şair Ataol Bəhramoğlu,
İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız,
“Türk ədəbiyyatı” dərgisinin baş redaktoru
İmdat Avşar, qırğızıstanlı şair, tərcüməçi
Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar
Birliyinin sədr müavini Minhaciddin Mirzə
çıxış edərək təbriklərini
çatdırıblar.
AYB-nin Ağsaqqallar şurasının sədri Xalq
şairi Nəriman Həsənzadə keçmiş xatirələri
yada salıb, 90 yaşlı ədəbiyyat ocağının
onun və yüzlərlə qələm adamının həyatındakı
rolundan bəhs edib.
Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatın
funksiyası, sözün sehri, yazıçı və
şairlərin əsərlərinin bir xalq üçün
böyük əhəmiyyətindən söhbət
açıb, “Şairlərə borcumuz” adlı şeirini səsləndirib.
Akademik Rafael Hüseynov çıxışında
AYB-nin 90 illik tarixinin qısa icmalını əhatə edib.
Bu müddət ərzində ictimai-siyasi vəziyyətin ədəbiyyata
təsiri, ədəbiyyatın keçdiyi çətin yol
barədə fikirlərini bölüşən akademik AYB-nin
90 illiyi münasibətilə hər kəsi təbrik edib.
AYB-nin katibləri Əməkdar incəsənət
xadimi Elçin Hüseynbəyli, Əməkdar mədəniyyət
işçisi İlqar Fəhmi, “Ulduz” jurnalının baş
redaktoru Qulu Ağsəs, Milli Məclisin Mədəniyyət
komitəsinin eksperti Əkbər Qoşalı yubileylə
bağlı təbriklərini dilə gətirib, şairlər
şeirlərini səsləndiriblər. Həm Birinci
Qarabağ savaşından, həm də parlaq Zəfərimizdən
sonra layiqli ədəbi əsərlərin yarandığı
bildirilib. Vaxtilə Xalq şairi Qabilin “Ümid sənədir
ancaq, Azərbaycan əsgəri!” şeirinin zamanı
qabaqlayaraq təsdiqini tapdığı qeyd edilib.
AYB sədrinin müşaviri şair Sayman Aruz o
taylı-bu taylı ədəbiyyatımızın
ağrılarından, Araz boyda həsrətin ədəbiyyatımızda
inikasından, Azərbaycanda yazıb-yaratmış güneyli
yazıçı və şairlərdən bəhs edib.
Tədbirin bədii hissəsində Akademik Opera və
Balet Teatrının solisti Mütəllim Dəmirov və cənublu
ifaçı Arif Mehmandos çıxış ediblər.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.6.