“Azərbaycan media
landşaftı üzrə məlumat bazası”
yaradılır
Mətbuat Şurası (MŞ) Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı
ilə “Azərbaycan media landşaftı üzrə məlumat
bazasının yaradılması” adlı layihə həyata
keçirir. İyulun 16-da bununla bağlı ilk toplantı
olub.
MŞ sədri Rəşad Məcid rəhbəri
olduğu qurumun təşəbbüsünə həssas
yanaşdığına görə QHT Agentliyinə təşəkkürünü
ifadə edib. Bildirib ki, ölkəmizin media mühiti daim
inkişafdadır, yeni seqmentlər qazanmaqdadır. Mövcud
dinamika palitra zənginliyi yaradır və ortaya institusional
baxış qoyulmasını zəruri edir. Bu baxımdan belə
bir məlumat bazasının yaradılmasına ehtiyac var. R.Məcid
layihənin icrasına göstərdiyi təşkilati dəstəyə
görə Medianın İnkişafı Agentliyinə və
Jurnalistlərin Həmkarlar İttifaqına da təşəkkürünü
bildirib.
Medianın İnkişafı Agentliyi icraçı
direktorunun müavini Natiq Məmmədli layihənin media məkanındakı
pərakəndəliyin aradan qalxmasına töhfə verəcəyinə,
həmçinin beynəlxalq miqyasda Azərbaycan mediası ilə
bağlı ciddi təəssürat
formalaşdıracağına əminliyini dilə gətirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
layihələrin idarə olunması üzrə meneceri Natiq
Lahıcov da Mətbuat Şurası tərəfindən
qaldırılan təşəbbüsün əhəmiyyətindən
söz açıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov
şuranın “presscouncil.az” saytında yaradılan “Azərbaycanın
media landşaftı” bölməsi haqqında məlumat verib.
Burada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən
qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən
edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın
aparıcı media subyektləri”, “I və II Qarabağ
müharibələri dövründə Azərbaycan
mediası” kimi altbölmələr olacaq.
MŞ idarə heyətinin üzvləri professor Qulu Məhərrəmli,
“Azərbaycan media landşaftı üzrə məlumat
bazasının yaradılması” layihəsinin eksperti
Müşfiq Ələsgərli və digər
çıxış edənlər fikirlərini
bölüşüb, layihənin icrası ilə
bağlı təklif və qeydlərini bildiriblər.
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.2.