Mədəniyyət
paytaxtımızda növbəti Vaqif Poeziya Günləri
Şuşaya hər mövsümdə söz-sənət
bayramı yaraşır
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı, Azərbaycan
Yazıçılar Birliyinin (AYB) iştirakı ilə 17-19
iyul tarixlərində Şuşa şəhərində növbəti
Vaqif Poeziya Günləri keçirilir.
Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət
və elm xadimləri, habelə AYB-nin 90 illik yubileyi münasibətilə
ölkəmizdə səfərdə olan türk
respublikalarından şair və yazıçılar
qatılıblar.
Vaqif Poeziya Günləri çərçivəsində
Şuşanın tarixi məkanlarında rəngarəng tədbirlər
təşkil olunacaq.
***
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuz Şuşanı erməni işğalından azad etdikdən
sonra mədəniyyət paytaxtımız yenidən
“Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya
Günləri kimi möhtəşəm söz-sənət
bayramlarına ev sahibliyi etməyə başlayıb.
2021-ci ilin 30 avqust tarixində Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın iştirakı ilə Vaqif Poeziya Günlərinin
təntənəli açılış mərasimi oldu. Tədbirdə
çıxış edən dövlətimizin
başçısı Şuşanın
çal-çağırlı günlərinə yenidən
qovuşduğunu diqqətə çatdırdı: “44
günlük Vətən müharibəsi bizim şanlı
tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə
tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan
xalqı buna layiq idi və biz Qələbə əldə edərək
düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi
azad etdik, doğma Şuşamızı azad etdik və bu
gün Şuşa artıq dirçəlir və
Şuşanın dirçəlməsi üçün əməli-praktiki
addımlar atılır. Müharibədən sonra mən ilk dəfə
Şuşaya 14 yanvar, bu ilin yanvarın 14-də gəlmişdim.
Bu tarix də təsadüfən seçilmədi.
Çünki ondan, o tarixdən 39 il əvvəl burada Ulu
öndərin iştirakı ilə Vaqifin məqbərəsi
açılmışdı və məhz 14 yanvarda mənim
bura gəlməyimin çox böyük rəmzi mənası
var idi və ilk səfərimdə buraya gəldim və ilk
göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi
bərpa edilsin, çünki vandallar bu məqbərəni
dağıtmışdılar, sökmüşdülər.
İçəridəki Vaqifin barelyefini
sökmüşdülər, sinə daşını
sökmüşdülər. Yəni onlara xas olan vandalizm
törətmişdilər, necə ki, bütün başqa
azad edilmiş torpaqlarda biz bunun şahidiyik və məqbərənin
bərpasını Heydər Əliyev Fondu öz üzərinə
götürdü və bu gün biz bu məqbərənin
önündə Vaqif Poeziya Günlərinə start veririk.
Vaqif Poeziya Günləri də bərpa edildi,
“Xarıbülbül” festivalı da bərpa edildi, bu ilin may
ayında biz çox böyük coşqu ilə bu
festivalı keçirdik və bu tarixi bərpa etdik...
Noyabrın 8-də Azərbaycan xalqına Şuşa
müjdəsini verərkən demişdim ki, Şuşa
artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada
yığışmışıq. Demişdim ki, biz
Şuşaya qayıtmışıq. Bu da həqiqətdir.
Festivallar, poeziya günləri, mədəni tədbirlər və
bir çox başqa tədbirlər artıq keçirilir və
keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz
dirçəldəcəyik. Bu da baş verir, biz
Şuşanı dirçəldirik”.
Bəli, dövlət başçısının bu
fikirləri söylədiyi dövrdən qısa müddət
– üç il keçməsinə baxmayaraq, Şuşada
böyük miqyaslı tikinti-quruculuq və bərpa işləri
həyata keçirilir. Şuşa 2023-cü ildə “Türk
dünyasının mədəniyyət paytaxtı”
missiyasını yerinə yetirib, bu il isə “İslam
dünyasının mədəniyyət paytaxtı”dır.
Qədim şəhərimiz bu günlərdə (6
iyul 2024-cü il) Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi
etdi. Qardaş respublikaların rəhbərləri
Qarabağın tacı – mədəniyyət paytaxtımızın
yeni növrağına şahid oldular...
Builki Vaqif Poeziya Günləri də zəngin
proqramı ilə söz-sənət beşiyi olan
Şuşanın və şuşalıların həyatında
əlamətdar hadisəyə çevriləcək.
Çünki bu ilin mayında 32 illik həsrətdən sonra
Şuşa öz sakinlərini daimi olaraq bağrına
basdı. Vaqif Poeziya Günləri çərçivəsində
təşkil ediləcək tədbirlərin
tamaşaçıları həm də bu əsrarəngiz
şəhərin əsl sahibləri, sakinləri olacq.
***
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin
iştirakı ilə 1982-ci il yanvarın 14-də
Şuşada böyük şair və dövlət xadimi
Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və
Poeziya evinin təntənəli açılışı
olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat
xadimlərimizin bu yöndə təşəbbüsünü
dəstəkləyərək
Vaqif Poeziya Günlərinin keçirilməsi ilə
bağlı göstəriş verib. Söz-sənət
bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
42 illik tarixə malik Vaqif Poeziya Günləri
işğaldan azad edilmiş Şuşada artıq
dördüncü dəfədir təşkil olunur...
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.1.