Şahtaxtı kəndində
arxeoloji tədqiqat
AMEA Arxeologiya və Antropologiya İnstitutu
Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun
Şahtaxtı kəndində elmi tədqiqat aparıb.
İnstitutdan bildirilib ki, dosent Qəhrəman
Ağayevin rəhbərlik etdiyi ekspedisiya qazıntı işlərini
əsasən 30 hektardan artıq ərazini əhatə edən
nekropolda aparıb. Ekspedisiya müddətində 7 qəbir abidəsi
aşkar edilərək tədqiq olunub. Ən böyük qəbirin
uzunluğu 2,8 metr, eni 0,90 metr, dərinliyi isə 1,30 metrdir.
Ən kiçik qəbirin uzunluğu 1 metr, eni 0,80 metr, dərinliyi
isə 1 metrdir.
Qəbirlərdən küpə, nehrə, qazan, kuzə,
cam və sair tipli gil qablar, tunc qolbaqlar, əqiqdən
hazırlanmış muncuqlar aşkar edilib. Tədqiq edilən
qəbirlərin hamısı Son Tunc – Erkən Dəmir
dövrünə aiddir.
Aparılan arxeoloji tədqiqatlarla Azərbaycan
arxeologiyasının öyrənilməsi baxımından
maraqlı elmi nəticələr əldə etmək
mümkündür. Şahtaxtıda insanlar Eneolit
dövründən məskunlaşıb, heç bir yerdəyişmə
etmədən intensiv həyat tərzi keçirib.
Şahtaxtı tayfaları yalnız Orta əsrlər
dövründə, çox güman ki, coğrafi şəraitlə
bağlı olaraq qərb və cənub-qərb tərəfə
yönəliblər və bu gün də həmin ərazidə
yaşayırlar. Maraqlı faktlardan biri də ondan ibarətdir
ki, Şahtaxtıda yaşayan qədim tayfalar özlərindən
əvvəl yaşayan tayfalara hörmətlə
yanaşıb, onların yaratdıqları maddi mədəniyyət
qalıqlarına toxunmayaraq öz mədəniyyətlərini
yaradıblar.
Ümumiyyətlə, nəinki Azərbaycan, eyni zamanda
Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyası
üçün əhəmiyyət kəsb edən belə
bir abidənin daha da dərindən öyrənilməsi
vacibdir.
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.6.