Milli mətbuat
tariximiz muzeylərdə
İyulun 22-də Azərbaycan milli mətbuatının
əsasının qoyulmasının 149-cu ildönümü
tamam olur. 1875-ci ilin həmin günü böyük maarifpərvər
ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin
redaktorluğu ilə ana dilimizdə ilk mətbu orqan –
“Əkinçi” qəzeti nəşrə başlayıb.
İki il ərzində 56 sayı işıq üzü
görüb.
Bu qısa müddətdə qəzet mədəni-maarif
tariximizdə, Azərbaycan xalqının milli
oyanışı və özünüdərki yolunda tarixi səhifə
açmağa nail olub. “Əkinçi”nin nəşrə
başladığı tarix təqvimimizə Milli Mətbuat
Günü – media işçilərinin peşə bayramı
kimi yazılıb.
***
Muzeylərin səssiz divarları arasında adətən
tarix, mədəniyyət və sənətə aid izlər
axtarırıq. Lakin milli mətbuatımızın səhifələri
də bu məkanlarda öz yerini alır, zamana meydan oxuyan,
xalqın ruhunu əks etdirən sənədlər kimi... Bu mətbuat
nümunələri, bir vaxtlar geniş kütlələrə
yayılmış, insanların gündəlik həyatına
təsir etmiş xəbərlər, məqalələr, ədəbi
əsərlər, elan və afişalardır.
Milli mətbuatımızla bağlı sənədlərin
muzeylərdə nümayişi, sadəcə, kağız
parçasından ibarət deyil. O, bir millətin səsinin, arzularının
və mübarizələrinin aynasıdır. Bu səhifələrdə
xalqın dərdi, sevinci, ümidləri, həmçinin
sıxıntıları, ümidsizlikləri var...
Bizi deyib gələnlər...
Ömrünü həm də milli mətbuatımızın
inkişafına həsr edən Cəlil Məmmədquluzadənin
Bakıdakı ev-muzeyində bu görkəmli ədiblə
yanaşı, mətbuat salnaməmizdən yadigarları
qorunur. Mətbuatımızın bayramı ərəfəsində
muzeydə olduq. Bu məkan, sadəcə, bir ev deyil, bir
dövrün, bir xalqın düşüncələrinin və
arzularının səhnəsidir. Burada milli mətbuatımızla
bağlı eksponatlar xüsusi maraq doğurur. Muzeyin memorial
otağındakı vitrinlərdə səliqə ilə yerləşdirilmiş
qəzetlər, jurnallar və məqalələr zamanın
qızıl sətirləri kimi göz qamaşdırır.
Muzeyin elmi işçisi Fazilə Hümbətova deyir
ki, Mirzə Cəlilin ocağında “Molla Nəsrəddin”
jurnalının bütün nömrələri qorunub
saxlanılır. Jurnala abunə yazılan ölkələr
xüsusi xəritədə nöqtələr şəklində
göstərilib. Otağın divarında “Molla Nəsrəddin”
jurnalı redaksiyasının Tiflisdə yerləşdiyi bina,
mollanəsrəddinçilər – Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir,
Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim
bəy Haqverdiyev, Cahangir Həsənov, Məmmədəli Səfərov,
Məmməd Səid Ordubadi, Oskar Şmerlinq və Əzim
Əzimzadənin fotoları asılıb. Burada “Molla Nəsrəddin”in
ənənələrini davam etdirən “Kirpi” və “Bəhlul”
satirik jurnallarının bir sıra nömrələri də
nümayiş olunur.
“Molla Nəsrəddin” jurnalının saralmış səhifələri
arasında Mirzə Cəlilin məqalələri,
felyetonları və karikaturalar öz əzəmətini
qoruyur. Bu jurnallar, bir dövrün səsi, bir xalqın dili
idi. Jurnalın hər səhifəsində bir tarix yatır, hər
məqalədə bir mübarizə ruhu var. Böyük ədib
öz qələmi ilə xalqın problemlərini, sosial ədalətsizlikləri
və maarifçilik ideyalarını vətəndaş
yanğısı ilə ifadə edib. Bu yazılar muzeyin divarları
arasında sanki hələ də səslənir, ziyarətçilərə
o dövrün çətinliklərini və ümidlərini
xatırladır. Muzeydə Cəlil Məmmədquluzadənin
nigaran ruhu dolaşır. Bu nigaranlığın səbəbi
işıqlı gələcəyi üçün yorulub
usanmadan çalışdığı xalqının
taleyidir.
Yazıçının iş masası, şəxsi əşyaları
və qələmini gəzdirdiyi kağızlar arasında
dolaşarkən Mirzə Cəlilin həyatına və
yaradıcılığına yaxın olmağın həyəcanını
yaşayırıq. Bu məkan, sadəcə, ədibin şəxsi
əşyalarını deyil, onun fikir dünyasını da
bizə tanıdır...
Sözlə fırça arasında körpü
Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı
Əzim Əzimzadənin Xatirə Muzeyi də təsviri sənət
tariximizə dair eksponatlarla yanaşı, mətbuat salnaməmizin
parlaq səhifələrini də əks etdirir. Əzim
Əzimzadə öz fırçası ilə ictimai problemləri,
sosial ədalətsizlikləri və xalqın arzularını
ifadə edirdi. Muzeydə nümayiş etdirilən karikaturalar
və digər əsərlər rəssamın xalqın dərdinə
və sevincinə necə dərin diqqət yetirdiyini göstərir.
Əzim Əzimzadənin muzeydə nümayiş
etdirilən rəsmləri ilə bu məkanda qorunan mətbu
yazılar arasında etibarlı körpü
görürük. Müəllifin “Molla Nəsrəddin”
jurnalında yayımlanan karikaturaları bir dövrün əks-sədasıdır.
Muzeyin direktoru İradə Əzimzadə bildirir ki,
vaxtilə dövrün aparıcı mətbuat orqanlarında
Əzim Əzimzadənin sənət yolu ilə bağlı
müxtəlif səpkili materiallar dərc olunub. Həmin
informasiyaların yer aldığı qəzetlər də
muzeydə qorunur: “Onu da deyim ki, 1940-cı ildə Moskvada
keçirilən sərgidə Ə.Əzimzadənin 1200-ə
yaxın əsəri nümayiş etdirilib. Bu haqda məlumat
“Kommunist” qəzetində işıqlandırılıb. Qəzetin
həmin nüsxəsi də muzeydə nümayiş etdirilir.
Muzeydə qorunan maraqlı eksponatlardan biri də 1927-ci ildə
rəssamın yaradıcılığının 20 illiyi
münasibətilə atlaz parça üzərində həyat
və yaradıcılığı ilə bağlı qeyd
olunmuş məlumatlardır”.
Əzim Əzimzadənin yaratdığı hər bir
rəsmdə bir məqalənin, felyetonun, satira nümunəsinin
ruhu, hər bir bədii mətndə isə bir rəsmin
canlılığı var. Bu əsərlər, sadəcə,
bir sənətkarın işləri deyil, eyni zamanda mətbuat
tariximizin dəyərli nümunələridir.
Sözlərin əbədiyyəti
Tarixi romanlar müəllifi Məmməd Səid
Ordubadi də həmişə mətbuatla əməkdaşlıq
edib, müxtəlif mövzu və janrlarda qələmə
aldığı əsərlərini oxuculara
çatdırıb. Ədibin Bakıdakı xatirə muzeyində
onun mətbu fəaliyyətini əks etdirən eksponatlar da
nümayiş etdirilir. Ordubadinin qələmindən
çıxan hər bir yazı xalqımızın taleyinə
işıq saçan sözlərin gücünü simvolizə
edir.
Muzeyin baş fond mühafizi, direktor vəzifəsini
müvəqqəti icra edən Rasimə Əhmədova
söyləyir ki, Məmməd Səid Ordubadinin istər ədəbi
yaradıcılığında, istərsə də mətbu
fəaliyyətində “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq
xüsusi yer tutur: “Ədib jurnalın 4-cü nömrəsindən
başlayaraq, yəni 25 ilə yaxın bir müddətdə dərgidə
iştirak edib. “Hərdəmxəyal”, “Divanə”, “Qardaşım
İbrahimə” və s. imzalarla jurnalda onlarla felyeton çap
etdirib. Jurnalın həmin nömrələrindən bəziləri
muzeydə qorunur. Bundan başqa, muzeyin ekspozisiya otağında
M.S.Ordubadinin “Kommunist”, “Hümmət” və “Yeni yol” qəzetlərinin
redaksiyalarında çəkilmiş fotoları da
nümayiş olunur”.
***
Bəli, bəzi muzeylər həm də mətbuat
salnaməmizin qorunduğu məkanlardır. Həmin
eksponatlarla tanışlıq ziyarətçini zamanın o
üzünə səyahətə aparır və
dövrün hərtərəfli mənzərəsini gözlərimiz
önündə canlandırır. Bu eksponatlarla
tanışlıq həm də bizlərə onu gələcək
nəsillərə ötürmək vəzifəsini
xatırladır.
Nurəddin Məmmədli
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.7.