“Batika kəlağayı
sənətinin çağdaş varisi kimi inkişaf edir...”
Tatyana Ağababayeva: “Bu gün ölkəmizdə sənətin
bütün sahələri kimi, rəssamlığa da diqqəti
görürük”
Tatyana Ağababayeva ilə bu ilin may ayında
tanış olmuşdum. Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda “Bir sərgi – bir ailə”
devizi ilə təqdim olunan sərgidə Ağababayevlər
ailəsinin rənglər dünyasına səyahət
etmişdik. Atası – Əməkdar rəssam Odtəkin
Ağababayevin 95, özünün isə 70 illik yubileyinə həsr
olunan sərgidə Tatyana xanım sənət dünyası
haqqında bizə danışdı.
O, 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində
dünyaya gəlib. Anası Valentina Ağababayevanın da rəssam
olması onu rənglərin cazibəsindən
çıxmağa qoymayıb. Əsasən batika janrı
üzrə ixtisaslaşıb. Əsərləri həm
mövzu, həm də bədii xüsusiyyətlərinə
görə seçilir. “Baramaqurdu alleqoriyası” əsəri
bu çətin prosesi – ipəyin yaranmasını əks
etdirirsə, “Xəzərin qoruyucu mələyi” əsəri
ekoloji tarazlığa diqqət çəkir. “Əncir
ağacının odası” təbiət, “Əks olunmuş
dünya” triptixi isə itirilmiş sənət abidələri
haqqındadır. Yəni rəssamın mövzu dairəsi
geniş, ifadə imkanları zəngindir.
Rəssam deyir ki, ailə sərgisinə altı aydan
çox hazırlaşıblar. Atasının ahıl
yaşı və səhhətindəki problemlər ilə əlaqədar
xeyli müddət bu sərgini reallaşdırmaq mümkün
olmamışdı. Nəhayət, 15 may – Dünyada Ailə
Günündə sərginin keçirilməsinə qərar
veriblər. Ekspozisiyaya atasının, anasının və
özünün əsərləri daxil edilib. O, təəssüf
hissi ilə qardaşını yada salır. Deyir, ilk ailə sərgimiz
2001-ci ildə təşkil edildi və o zaman qardaşım hələ
sağ idi...
Onu da qeyd edim ki, Tatyana Ağababayevanın
qardaşı Aleksandr Ağababayev rəssam-fotoqraf olub.
Dağlara qalxaraq maraqlı fotolar çəkərmiş.
2018-ci ildə növbəti çəkiliş zamanı
Kabardin Balkar Respublikasının (RF) dağlıq ərazisində
faciəli şəkildə vəfat edib. Tatyana xanımın
övladları Aleksey və Nikolay da rəssamlıqla məşğul
olurlar.
– Tatyana xanım, niyə məhz batika janrında
işləməyi seçdiniz?
– İpək üzərində işləməyi
sevirəm. İlk təhsilimi Əzim Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
almışam. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye
Məktəbinə (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye
Akademiyası) qəbul olundum. Bədii-toxuculuq üzrə təhsil
alırdım. Biz burada qobelendən əlavə bütün
texnikaları öyrənirdik. Mənim diplom işim qobelen
olub. Yəni birbaşa batikaya gəlməmişəm. İlk
batika əsərimi ali təhsilimi bitərəndən bir
neçə il sonra yaratmışam. “Şam
işığında qadın” adlı həmin əsərimi
Latviyada təşkil edilən qrup sərgisində
nümayiş etdirmişəm.
– Başqa hansı texnikalarda işləyirsiniz?
– Akvarellə işləməyi çox sevirəm. Bu
məndə yaxşı alınır. Düşünürəm
ki, akvarel və batika texnika cəhətdən bir-birinə
yaxındır.
– Pedaqoji fəaliyyətlə məşğul
olmusunuz?
– Bəli, ilk vaxtlarda dərnəklərdə,
Bakıdakı Rusiya Mədəniyyət Mərkəzində
(Rus Evi), uşaq incəsənət məktəbində,
özəl incəsənət mərkəzində rəsmdən,
daha sonra “SABAH” qruplarında batika üzrə dərslər
vermişəm. Hazırda özəl sifarişlər
alıram, Demək olar ki, vaxtımın çoxunu atama həsr
edirəm.
– Sifarişləriniz olurmu?
– Düzünü deyim ki, əvvəllər çox
olurdu. Yəni sovet dönəmində bir sifarişlə bir
mövsüm dolanmaq mümkün idi. Daha sonra zaman dəyişildi,
sənətə tələbat azaldı. Bu gün ölkəmizdə
yenidən sənətin bütün sahələri kimi, rəssamlığa
da diqqəti görürük. Eyni zamanda hazırda batikaya da
maraq artıb. Xüsusilə də, səfirliklər bu janrda əsərlər
sifariş edirlər.
– Əsərlərinizin əksəriyyəti təbiət
mövzusundadır. Bu haradan qaynaqlanır?
– Oğlanlarım balaca olanda vaxtımın çoxunu
onlara həsr edirdim, indi isə atama. Həyatımın
çox hissəsi bağda keçdiyi üçün
mövzular da buradan qaynaqlanır. Fikir vermisinizsə, əncir
ağacı, qum, Azərbaycan regionlarından Şəki mənim
əsərlərimdə daha çox əksini tapır.
– Batika janrı haqqında fikirləriniz maraqlı
olar...
– Batika qədim sənət növüdür. Bir
neçə il əvvəl Malayziyada keçirilən batika
üzrə beynəlxalq qurultayda ölkəmizi təmsil etdim.
Malayziya, İndoneziya batikanın vətəni sayılsa da,
bizim kəlağayıların tarixi də həmin dövrə
təsadüf edir.
– Çağımızda batika sənətinin
inkişafını necə görürsünüz?
– 2011-ci ilin sentyabrında Muzey Mərkəzinin sərgi
qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə ilk dəfə “Bakıda batika həftəsi”
keçirildi. Bu sərgi, həqiqətən, təqdirəlayiq
idi. Dekorativ-tətbiqi sənət növlərindən olan
batika Azərbaycanda xalqımızın qədim ənənələrə
malik kəlağayı sənətinin çağdaş
varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən
başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin
inkişafı ilə əlaqədar xalq sənətkarlarının,
xüsusilə də, qadınların məşğuliyyət
növü kimi bu sənəti yaşadanların sayı
yüzlərlə olub. Qədim ipəkçilik, kəlağayı
sənəti Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev,
Ənvər Qarayev kimi müasir batika ustalarımızın
yaradıcılığı sayəsində Azərbaycan
batikanın inkişaf etdiyi ölkələr arasında önəmli
yer tutur.
– Övladlarınız ailənin sənət ənənələrini
davam etdirirlərmi?
– Aleksey hazırda Rusiyanın Nijni Novqorod şəhərində
memarlıq üzrə dosentdir, ali məktəbdə dərs
deyir. Nikolay isə Bakıda kompüter texnologiyaları sahəsində
çalışır. Hər ikisi bu sənəti də unutmur.
– Maraqlı söhbətə görə təşəkkür
edirəm.
Lalə Azəri
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.5.