Minaaxtaranlar
haqqında film Bolqarıstanda festivalda nümayiş olunub
Tanınmış kinorejissor, ssenarist, Venesiya
festivalının “Gümüş şir”
mükafatçısı Murad İbrahimbəyovun “ANAMA”
tammetrajlı sənədli filmi Bolqarıstanda IV “Rhodope” Beynəlxalq
Sənədli Film Festivalında nümayiş olunub. Festival
11-14 iyul tarixlərində Bolqarıstanın Smolyan şəhərində
keçirilib.
Bu barədə rejissor özü məlumat verib. Azərbaycan
Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətinə
həsr olunan filmin operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan
Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri Tofiq
Musayevdir.
Film işğaldan azad edilmiş yurdunun hər
qarışında mənfur düşmən tərəfindən
basdırılmış minaları təmizləyən fədakar
insanlar haqqındadır. Rejissor deyib ki, Azərbaycan dünyada minalarla ən
çox çirklənmiş ölkələrdən biridir.
İnsanlar öz torpaqlarını bu ölümsaçan təhlükədən
təmizləyirlər.
Qeyd edək ki, “Rhodope” festivalı sənədli film rejissorlarına
öz işlərini nümayiş etdirmək, daha çox
öyrənmək və beynəlxalq kino peşəkarlarının
fikirlərini eşitmək imkanı yaradır. Festival
Almaniyanın Höte İnstitutunun Bolqarıstandakı
nümayəndəliyinin dəstəyi ilə təşkil
olunub.
Lalə
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.8.