Görkəmli
musiqişünas, fədakar pedaqoq
Elm və sənət meyarlarında xüsusi
prinsipiallığı ilə seçilirdi
Musiqişünaslıq elmimizin inkişafı və təbliğində
özünəməxsus yeri olan alimlərimizdən biri də
Xalq artisti, “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov olub. O, elmi fəaliyyətlə
yanaşı, pedaqoq kimi yeni musiqişünaslar nəslinin
yetişməsi üçün də böyük fədakarlıq
göstərib. Bu il görkəmli alimin anadan olmasının
85 illiyidir.
Ramiz Fərzulla oğlu Zöhrabov 2 may 1939-cu ildə
Bakı şəhərində dünyaya göz açıb.
Erkən çağlardan musiqiyə maraq göstərib. Orta məktəbi
müvəffəqiyyətlə bitirdikdən sonra 1947–1958-ci
illərdə Azərbaycan Dövlət Konservatoriyası
(indiki BMA) nəzdində Orta ixtisas musiqi məktəbində təhsil
alıb, 1958–1960-cı illərdə konservatoriyanın
İfaçılıq fakültəsinin simli alətlər
şöbəsində oxuyub. 1965-ci ildə isə bu təhsil
ocağını musiqişünaslıq ixtisası üzrə
bitirib.
Ramiz Zöhrabov təyinatla Gəncə şəhərində
Qəmbər Hüseynli adına Orta ixtisas musiqi məktəbində
əmək fəaliyyətinə başlayır. 1969-cu ildə
konservatoriyada pedaqoq kimi işə götürülür. O,
pedaqoji fəaliyyəti dövründə tədrisin keyfiyyətinin
yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu cəhətdən
onun tərtib etdiyi tədris proqramları, yazdığı dərs
vəsaitləri, dərsliklərində də
özünü göstərir.
Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi
kafedrasında müəllim, baş müəllim,
kafedranın müdiri işləyən Ramiz Zöhrabov
1990-cı ildən 2012-ci ilədək Azərbaycan Bəstəkarlar
İttifaqı idarə heyətinin katibi vəzifələrində
çalışır. Bu müddət ərzində
vaxtının böyük bir hissəsini Azərbaycan
muğamının araşdırılmasına həsr edir.
Alimin “Azərbaycan muğamının nəzəri problemləri”,
“Azərbaycan rəngləri”, “Muğam”, “Azərbaycan modal
musiqisi” adlı elmi əsərləri musiqişünaslar
üçün dəyərli masaüstü kitaba
çevrilir. Eyni zamanda bəstəkarlıq istedadı olan
musiqişünasın kamança və piano üçün
“Monoloq”, xalq çalğı alətləri orkestri
üçün “Laylay”, “Ədəbi lövhələr”
süitası, Bəxtiyar Vahabzadə, Tofiq Mütəllibov,
Rüfət Əhmədzadə və başqa şairlərin
əsərlərinə yazdığı mahnılar maraqla
qarşılanıb. O, mahnı
yaradıcılığından danışarkən bu sahədəki
çatışmazlıqları obyektiv şəkildə dilə
gətirib: “Vaxtilə xalq mahnıları adı ilə tarixə
düşən kiçik həcmli əsərlər
böyük məna yükü daşıyır və bu səbəbdən
də tarix onları yaşadır. Lakin indiki mahnı
yaradıcılığının mətn və musiqisində
düşündürücü məqamlar tapa bilmirik. Bunun səbəbi
sənətə təsadüfi musiqiçi
axınının olmasıdır...”.
Ramiz Zöhrabov mədəniyyətimizin himayədarı
Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə Heydər Əliyev Fondunun
reallaşdırdığı mədəni proqramlarda,
xüsusilə də muğam müsabiqələrində
yaxından iştirak edib. Prinsipial insan olan alim sənətlə
bağlı heç kəsə güzəştə getməyib.
Onun bu yanaşma tərzi musiqişünaslıq sahəsinin
inkişafına xidmət edib. Tamaşaçıların daha
çox estetik zövq alması üçün
muğamın dərin qatlarına nüfuz edib, eyni zamanda yeri
gəldikdə tənqidi qeydlərini də deməkdən
çəkinməyib.
Ramiz Zöhrabovun musiqişünas-alim kimi
yaradıcılığının bir qolu da maarifçiliklə
bağlı olub. Onun televiziya və radioda müəllifi və
aparıcısı olduğu “Bəstəkarlarımızın
portreti”, “Sənətə həsr olunmuş ömür”,
“Poeziya və musiqi”, “Romans axşamı” və xüsusilə
“Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti
haqqında” verilişləri tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Görkəmli alim “Azərbaycan musiqi ədəbiyyatı”,
“Şifahi ənənəli Azərbaycan professional musiqisi”
adlı dərsliklərin, bəstəkarlarımızın
yaradıcılığına dair 20 kitabın, 350
elmi-publisistik məqalənin, eyni zamanda bir sıra musiqi əsərlərinin
müəllifidir. Onun 1983-cü ildə Moskvada, 1991-ci ildə
Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”,
“Azərbaycan zərbi-muğamları”, “Muğam”, “Bəstəkarlarımızın
portreti” kitabları musiqi ictimaiyyətinin diqqətini çəkib.
Bu gün də alimin kitabları musiqişünaslıq
üzrə təhsil alan tələbələr, eləcə
də müəllimlər üçün qiymətli mənbədir.
Onun Azərbaycan musiqişünaslığının
uğuru sayılan araşdırmaları respublikamızın
hüdudlarından kənarda da nəşr olunaraq təqdirlə
qarşılanır.
Professor Ramiz Zöhrabovun musiqi mədəniyyətimizin
inkişafı sahəsində çoxillik səmərəli
fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar
incəsənət xadimi” (1990), “Xalq artisti” (2008) fəxri
adlarına, “Şöhrət” (2009) ordeninə və Prezidentin
fərdi təqaüdünə layiq görülüb.
Ömrünü musiqişünaslıq elminin
inkişafına həsr edən Ramiz Zöhrabov 24 aprel 2017-ci
ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.6.