“Sözün Vətəni –
Qarabağ”: şeir saatı
Vaqif Poeziya Günləri çərçivəsində
iyulun 18-də Xurşidbanu Natəvanın evinin
qarşısında “Sözün Vətəni – Qarabağ”
adlı müasir poeziya saatı təşkil olunub.
Əvvəlcə tədbirin aparıcısı, Azərbaycan
Yazıçılar Birliyi (AYB) Poeziya sektorunun rəhbəri
İbrahim İlyaslı Vaqif Poeziya Günləri haqqında təəssüratlarını
bölüşüb. O, poeziya günlərini söz, sənət
və mənəviyyat bayramı adlandırıb. Qeyd olunub ki,
bu dəfə də poeziya günləri yüksək səviyyədə
təşkil edilib.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professoru Əməkdar
artist, bədii qiraət ustası Ağalar Bayramov vətənpərvərlik
ruhlu şeirlər söyləyib.
Daha sonra söz şairlərə verilib. AYB-nin Quba
bölməsinin sədri Ramiz Qusarçaylı,
yazıçı-dramaturq, şair, tərcüməçi
Seyran Səxavət, AYB-nin Qarabağ bölməsinin sədri
Elçin İsgəndərzadə, şairlər Əməkdar
mədəniyyət işçiləri Qəşəm Nəcəfzadə,
Rafiq Yusifoğlu, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal
Rza, Fərid Hüseyn, İntiqam Yaşar və
başqaları müxtəlif mövzulu şeirlər səsləndiriblər.
Bir sıra müəlliflərin
Şuşaya həsr olunan şeirləri xüsusi maraqla
qarşılanıb.
***
İyulun 18-də axşam Vaqif Poeziya Günləri
çərçivəsində Xurşidbanu Natəvanın
evinin önündəki meydanda etnocaz konserti təşkil
olunub. Konsertdə cazmen, pianoçu, Əməkdar artist Emil
Əfrasiyabın təqdim etdiyi musiqi nömrələri
alqışlarla qarşılanıb.
Şuşada Vaqif Poeziya Günləri iyulun 19-da
başa çatacaq.
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.2.