Poeziya bayramında “Füzuli hücrələri”
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
Şuşada keçirilən Vaqif Poeziya Günləri
açılış mərasimindən sonra rəngarəng tədbirlərlə
davam edib.
İyulun 18-də Xurşidbanu Natəvanın evinin
qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr
olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim
edilib.
Füzulinin əsərləri əsasında hazırlanan
kompozisiyadan əvvəl çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd
Füzulinin yaradıcılığı haqqında söz
açıb. Mütəfəkkir şairin anadilli
poeziyanın inkişafına verdiyi mühüm töhfələrdən
bəhs edib.
Kompozisiya barədə danışan İlqar Fəhmi
söyləyib ki, bədii-musiqili nümunədə Məhəmməd
Füzulinin “Bəngü-badə”, “Leyli və Məcnun”, “Səhhət
və Mərəz”, “Rindü Zahid” və s. əsərlərindən
istifadə olunub.
Tamaşaçıların böyük
marağına səbəb olan kompozisiyanın ssenari müəllifi
İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist
Loğman Kərimovdur.
Kompozisiyada Şuşa Dövlət Musiqili Dram,
Dövlət Pantomima, Dövlət Yuğ teatrlarından
Əməkdar artistlər Nazir Rüstəmov, Azad
Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov,
Qasım Nağı, həmçinin Orxan Abışov,
Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva,
Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad
Nuriyev, Elnur İsmayılov, Nihat Heybətovla yanaşı, Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı
Xoreoqrafiya Akademiyasının tələbələri də
iştirak ediblər.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.2.