Mədəniyyət
paytaxtımız daha bir beynəlxalq konfransa ev sahibliyi edib
Xəbər verdiyimiz kimi, iyulun 18-də Şuşada ənənəvi
Vaqif Poeziya Günləri başlayıb. Söz-sənət
bayramına dost ölkələrdən də qonaqlar
qatılıb.
Eyni gündə mədəniyyət paytaxtımız
daha bir beynəlxalq konfransa ev sahibliyi edib. Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə Şuşa şəhərində “İslam
dünyasında qadınlar: ənənələr və
çağırışlar” mövzusunda konfrans
keçirilib. Tədbir Nazirlər Kabinetinin sərəncamı
ilə təsdiqlənən Şuşa şəhərinin
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər
planı çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova, Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov,
VI çağırış Milli Məclisin deputatı, Ailə,
qadın və uşaq məsələləri komitəsinin sədri
Hicran Hüseynova, Mərakeş Krallığının həmrəylik,
sosial inteqrasiya və ailə naziri xanım Aavatif Hayar, Azərbaycan
mədəniyyət nazirinin müavini Səadət Yusifova, digər
rəsmilər, müxtəlif dövlət qurumlarının əməkdaşları
iştirak ediblər.
Bahar Muradova giriş nitqində qeyd edib ki, konfransın
məqsədlərindən biri İslam mədəniyyətinin
təbliğində qadınların rolunun gücləndirilməsinin
vacibliyini bir daha vurğulamaqdı.
Ramin Məmmədov Şərqdə ilk qadın opera bəstəkarının,
ilk təyyarəçi xanımın, ilk qadın kinorejissorun
azərbaycanlı olduğunu xatırladaraq bunun İslam
dünyasında mütərəqqi ənənələrin
inkişafına önəmli töhfələr olduğunu
bildirib.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova qadınların əzəldən bəri dialoq tərəfdarı
olduqlarını deyib. O, Azərbaycan qadınının həm
ailədəki, həm də cəmiyyətdəki sarsılmaz
mövqeyinin dövlətimizin uğurlu sosial siyasətinin nəticəsi
olduğunu vurğulayıb.
Konfrans çərçivəsində keçirilən
“İslam dünyasında qadın: ənənələr və
çağırışlar” mövzusunda panel iclasda
Qarabağın bərpasında və dayanıqlı
inkişafında qadınların rolu, qloballaşan dünyada
ümumislam kontekstində qadın hüquqlarının
müdafiəsi, insan və ətraf mühit münasibətlərinə
islami baxış və digər istiqamətlərdə
müzakirələr aparılıb.
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova
Şuşanın tanınmış qadın şəxsiyyətlərinin
şəhərin tarixində rolundan bəhs edib. Rektor
Xurşidbanu Natəvan, Ağabəyim ağa, Fatma xanım Kəminə
kimi ədiblərin Azərbaycanın mədəniyyətinə
böyük töhfələr verdiklərini bildirib.
VI çağırış Milli Məclisin
deputatı Ceyhun Məmmədov Azərbaycan cəmiyyətinin ən
vacib yanaşmalarından biri olan qızların mütləq
şəkildə təhsil almalarının önəmini qeyd
edib.
***
“İslam dünyasında qadınlar: ənənələr
və çağırışlar” konfransının
iştirakçıları Şuşa şəhərinin
tarixi məkanları və əsrarəngiz təbiəti ilə
də tanış olublar.
Qonaqlar “İsa bulağı” istirahət kompleksində
bərpa işləri ilə tanış olublar. Məlumat
verilib ki, Vətən müharibəsindən sonra ərazi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
tərəfindən bərpa edilib. İsa bulağının ətrafındakı
istirahət mərkəzi və restoran milli üslubda təmir
edilib, abadlıq işləri aparılıb.
Qonaqlar həmçinin Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksini ziyarət edib, Şuşa qalasının
divarları önündə, Cıdır düzündə
xatirə şəkilləri çəkdiriblər. Konfrans
iştirakçıları üçün konsert proqramı
təqdim olunub.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.3.