Milli mətbuatımız
149 yaşında...
İyulun 22-də Azərbaycan milli mətbuatının
yaranmasının 149-cu ildönümü tamam olur. 1875-ci ilin
həmin günü görkəmli maarifpərvər və
mütəfəkkir Həsən bəy Zərdabinin
redaktorluğu ilə ana dilimizdə ilk mətbu orqan –
“Əkinçi” qəzeti nəşrə başlayıb.
İki il fəaliyyət göstərən qəzetin cəmi
56 sayı işıq üzü görüb. Bu qısa
ömründə qəzet mədəni-maarif tariximizdə, Azərbaycan
xalqının milli oyanışı və özünüdərki
yolunda tarixi səhifə açmağa nail olub.
“Əkinçi”nin nəşrə başladığı 22
iyul tarixi təqvimimizə Milli Mətbuat Günü – media
işçilərinin peşə bayramı kimi
yazılıb.
“Əkinçi” qəzeti ilə başlanan bu yol
sonrakı dövrlərdə vətənsevər
ziyalılarımızın ərsəyə gətirdiyi digər
mətbu nümunələrimiz tərəfindən davam
etdirilib. XX əsrin əvvəllərində
xalqımızın milli oyanışında, istiqlal
arzularının gerçəkləşməsində mətbuatımız
həmişə öndə olub. 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız
yeni inkişaf mərhələsinə qədəm qoyub,
müstəqil dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilib, istiqlal
ideyalarının yayılmasında üzərinə
düşən missiyanın öhdəsindən layiqincə gəlib.
Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində,
eləcə də sovet dövründə məlum ideoloji
çərçivələrə rəğmən
maarifçi düşüncənin genişlənməsinə,
xalqımızın milli-mədəni inkişafına
davamlı olaraq öz töhfələrini verib.
Mətbuatımızın müstəqillik
dövrü fəaliyyəti xüsusilə zəngindir və
ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli
həmrəyliyin möhkəmləndirilməsində, mənəvi
dəyərlərin qorunması və təbliğində
kütləvi informasiya vasitələri mühüm rol
oynayıb.
Azərbaycan mediası özünün ən çətin
sınaqlarından birini, sözsüz ki, 2020-ci ilin 44
günlük Vətən müharibəsində verdi. Azərbaycanın
haqlı mübarizəsinin yüksək peşəkarlıqla
ölkə və beynəlxalq ictimaiyyətə
çatdırılmasında bütün imkanları ilə səfərbər
oldu. Mediamız şanlı Zəfərimizin salnaməsini
yaratmaqla yanaşı, bu gün azad olunmuş Qarabağ və
Şərqi Zəngəzurda dövlətimiz tərəfindən
həyata keçirilən böyük miqyaslı quruculuq
işlərini də tarixin yaddaşına
köçürür, həm də Böyük
Qayıdışın salnaməsi yazılır. İllər,
qərinələr keçəcək, yeni nəsillər
tariximizin bu şan və şərəf mərhələsi
haqqında arxiv materialına çevrilən qəzetləri səhifələyərək
məlumat alacaqlar.
Milli Mətbuat Günü münasibətilə
ölkəmizin bütün media nümayəndələrini təbrik
edir, cansağlığı və yaradıcılıq
uğurları arzulayırıq.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.1.