Şuşada
söz-sənət büsatı – Vaqif Poeziya Günləri
Qarabağda suverenliyimizin tam bərpasından sonra bu
büsatın dəyəri daha dərindir
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 17-19
iyul tarixlərində Şuşa şəhərində Vaqif
Poeziya Günləri keçirilir.
İyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksinin qarşısında poeziya bayramının
açılışı olub.
Açılış mərasimində dövlət və
hökumət nümayəndələri, respublikanın
tanınmış ədəbiyyat, elm və mədəniyyət
xadimləri, eləcə də bu ilin may ayında doğma
yurda köçmüş Şuşa sakinləri iştirak
ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci
katibi Xalq yazıçısı Çingiz Abdullayev
çıxış edərək Şuşada belə bir
möhtəşəm tədbirdə iştirakından məmnun
olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri
bir çox mühüm əlamətdar hadisələrlə
üst-üstə düşür: “Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinin tam bərpa
edilməsindən sonra keçirilən ilk poeziya
bayramıdır. Bundan əlavə, Şuşa şəhəri
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” missiyasını yerinə yetirir. Bu il həmçinin
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə
90 illik yubileyləridir. Builki tədbirdə
Yazıçılar Birliyinin 100-dən çox üzvü
iştirak edir”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Molla
Pənah Vaqifin yaradıcılığından söz
açıb. Qeyd edib ki, Vaqifi sələflərindən fərqləndirən
əsas cəhətlərdən biri onun ilk dəfə olaraq
Azərbaycan coğrafiyasını açıq və
geniş şəkildə ədəbiyyatımıza gətirməsidir:
“Vaqif öz şeirlərində ellər
yaraşığı olan Azərbaycan gözəllərini tərənnüm
edib. O, xalq danışıq dilini yüksək səviyyədə
ədəbiyyata gətirib. Onun yaradıcılığı hər
şeydən əvvəl, bir azərbaycançılıq
hadisəsidir”.
Akademik bildirib ki, SSRİ-nin məkrli şəkildə
Qarabağda beynəlmiləlçilik hərəkatını,
siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli lider
Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli
məqbərə ucaltması Qarabağa Azərbaycanın
möhürünü vurması demək idi: “Prezident İlham
Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada
ilk olaraq Vaqifin məqbərəsinin yenidən bütün əzəməti
ilə bərpa edilməsi böyük əhəmiyyətə
malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri
də Prezident İlham Əliyevin liderliyi ilə
günü-gündən inkişaf edən Azərbaycanın
şeir, sənət dili ilə ifadə olunan böyük təntənəsidir”.
Xalq yazıçısı Elmira Axundova Ulu öndər
Heydər Əliyevin Azərbaycan dilinə, ədəbiyyatına
sonsuz sevgisindən, qayğısından danışıb. Bildirib
ki, hələ sovet dövrünün ən çətin
vaxtlarında Heydər Əliyev milli düşüncənin,
azərbaycançılıq ideyasının
yaşamasına, inkişafına təkan verib. Bu
düşüncəni yaşadan, gələcək nəsillərə
çatdıran əsərlərə Dövlət
mükafatının verilməsinə nail olub.
Milli Məclisin VI çağırış
deputatı olmuş Fazil Mustafa söyləyib ki, Prezident, Ali
Baş Komandan İlham Əliyevin böyük təşkilatçılıq
qabiliyyəti, Azərbaycan Ordusunun misilsiz rəşadəti ilə
işğal altındakı bütün torpaqlarımız
azad olundu. Bu gün Şuşa Azərbaycanın simvoluna
çevrilən bir məkan olaraq yenidən öz görkəminə,
əzəmətinə qaytarılır.
Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat
Şurasının sədri, AYB-nin sədr müavini Rəşad
Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və birliyin Qazax
bölməsinin sədri Barat Vüsal Şuşanın
füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi,
beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən
danışıb, şeirlər söyləyiblər.
Bədii hissədə Əməkdar artistlər Azad
Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd
Füzuli və Molla Pənah Vaqifin yaradıcılıq
nümunələri əsasında poetik duet təqdim edilib.
Əməkdar artist Nigar Şabanova, solistlər
Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimlinin
ifasında “Qarabağ” kompozisiyası, “Şuşanın
dağları” və “Bura vətəndir” musiqi nömrələri
səsləndirilib. Konsert proqramı alqışlarla
qarşılanıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
Nurəddin Məmmədli
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.1;2.