İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (22)
Bu günlərdə (17-19 iyul) Heydər Əliyev Fondu
və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Şuşada növbəti Vaqif Poeziya Günləri
keçirildi. Mədəniyyət və ədəbiyyat
tariximizdə mühüm yeri olan bu tədbirin əsası
1982-ci ildə Ümummilli lider Heydər Əliyevin dəstəyi
ilə qoyulub. Söz-sənət bayramı 1989-cu ilədək
ənənəvi olaraq hər il Şuşada təşkil
edilib. Sonra Şuşanın və Qarabağın ağır
günləri başlandı... Şuşada Vaqif Poeziya
Günləri bir də 2021-ci ildə bərpa olundu.
Mətbuat xronikasından bu dəfə 36 il əvvələ
qayıdırıq. Seçmələrdən biri
Şuşada Vaqif adı ilə şərəflənən
söz-sənət bayramı haqqındadır. Digər
seçmədə isə Azərbaycan sənətçilərinin
Fransada keçirilən beynəlxalq folklor festivalında
iştirakından bəhs olunur.
Seçmələrdə dövrün orfoqrafiyası
saxlanılıb...
Şuşada Vaqif Poeziya Günü
Yazılar tarixə bu toy, bu düyün,
Dağlar igidlərtək girib qol-qola,
Xalqın ürəyində yaşamaq
üçün
Gərək Vaqifləşmiş hüququn ola.
Bu misralar keçən bazar günü dağların
qucağında – Şuşada Molla Pənah Vaqifin məqbərəsi
önündə səslənmişdir.
Vaqif poeziya günü məşhur Cıdır
düzündə - şairin məqbərəsi
qarşısında başlandı. Adamların çöhrəsində
sevinc, təbəssüm oynayırdı. Gərgin iş həftəsinin
sonunda poeziyanın sehri onlara bir rahatlıq, dinclik bəxş
edirdi. Qəlbləri fəth edən lirik şair, xalqlar
dostluğunun carçısı M.P.Vaqifə həsr
olunmuş poeziya gününün iştirakçıları
arasında ruslar, ermənilər, ukraynalılar, belaruslar,
qazaxlar, özbəklər və digər xalqların nümayəndələri
var idi.
Mərasimi giriş sözü ilə Şuşa Rayon
Partiya Komitəsinin Birinci katibi N.Hacıyev açaraq yeddinci dəfə
keçirilən ənənəvi Vaqif günlərini ulu
şairə ehtiramdan və hörmətdən doğan bir tədbir
kimi qiymətləndirdi. Dedi ki, şuşalılar
yaxşı işləməklə bərabər şeirin, sənətin
də vurğunudurlar.
Vaqifin şeirləri səsləndi. “Vaqif” pyesindən
səhnələr göstərildi. Şuşada, Stepanakertdə
(Xankəndi – red.), Əsgəranda, Mirbəşirdə (Tərtər
– red.), Ermənistan SSR-in Artaşat rayonunda
yaşayıb-yaradan gənc şairlərdən Əli Mahmud,
Qasım Qırxqızlı, Əyyub Şirlanlı, Allahyar
Xocalı, Ələmdar Quluzadə, İlhami Cəfərsoylu,
Tofiq Yusif, Lətif Vedili öz şeirlərini oxudular. Alma-Ata
şəhərindən olan müəllim Roza Adilbəyovanın
M.P.Vaqifin “Gözün aydın” rədifli şeirini
oxuması, hərbçi Aleksandr Yuşkovun Azərbaycan dilində
dediyi təbrik sözləri alqışlarla
qarşılandı. Ağdam, Martuni (Xocavənd – red.),
Laçın, Mirbəşir, Ucar rayonlarından gəlmiş
nümayəndələr də
danışmışdılar.
Qonaqlar şəhərin görməli yerləri ilə
tanış olmuş, M.P.Vaqifin dərs dediyi mədrəsəyə,
yaşadığı evin yerində ucaldılmış xatirə
kompleksinə baxmışlar. Poeziya günü rayon mədəniyyət
evinin qarşısında - mərkəzi meydanda böyük
bayram konserti və xalq gəzintisi ilə sona
çatmışdır.
Fransaya festivala
İyulun axırlarında Fransanın Konfolan şəhərində
beynəlxalq folklor festivalı açılır. Festivalda
ölkəmizi “Gülüstan” folklor teatrı təmsil edəcəkdir.
Bu teatr Azərbaycan Tibb İnstitutunun “Çinar”, Qutqaşen
rayonundakı Bum kəndinin “Zopu-zopu”, özfəaliyyət
yaradıcılıq ansambllarını, naxçıvanlı
tuluq zurnası ifaçılarını, Bakıdan muğam
üçlüyünü, kəlbəcərli
kuklaçıları birləşdirir.
İl yarım bundan əvvəl yaradılan
“Gülüstan” teatrı Ümumittifaq folklor bayramlarında və
festivallarında çıxışları ilə nəinki
təkcə respublikamızda, həm də ölkədə
musiqisevərlərin rəğbətini qazanmışdır.
O, ikinci Ümumittifaq xalq yaradıcılığı
festivalının laureatıdır.
“Gülüstan”ın proqramı rəngarəng və
maraqlı tamaşadan ibarətdir. Bu tamaşa tələbkar və
incə zövqlü fransızlara Azərbaycanın mahnı və
rəqs sənətini, muğamlarımızın heyrətamiz
gözəlliyini duymağa imkan verəcəkdir.
Tamaşaçılar kənd toyunda olacaq, şən milli
oyunlara baxacaq, kəndirbazların məharətini layiqincə
qiymətləndirə biləcəklər.
Azərbaycanın xalq yaradıcılığı ilə
nəinki təkcə Konfolanın, həm də Fransanın
digər şəhərlərinin sakinləri və
qonaqları tanış olacaqlar.
“Kommunist” qəzeti, 26 iyul 1988-ci il
Mədəniyyət .- 2024.-26 iyul, №55-56.- S.6.