Xəzərin sahilində musiqi dolu
altı gün
“Dream Fest – 2024” festivalı
İyulun 23-də Bakıda, “Sea Breeze” istirahət mərkəzində
“Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı başlayıb.
İyulun 28-dək davam edəcək festivalda əksəriyyəti
postsovet məkanından, eləcə də Türkiyə,
Böyük Britaniya, Kanada və digər ölkələrdən
100-dən çox musiqiçinin çıxışı
gözlənilir.
Onların arasında Rusiyada fəaliyyət göstərən
azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin
Xalq artistləri Aygün Kazımova, Emin, isveçli
müğənni Bosson, rusiyalı sənətçi Ani
Lorak, Azərbaycan əsilli Qazaxıstan müğənnisi Jah
Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və
başqaları var. MDB ölkələri arasında “Ən
yaxşı remiks” nominasiyası üzrə “Qremmi”
mükafatını alan ilk musiqiçi qazax İmanbek Zeikenov
(DJ İmanbek) da festivalın iştirakçısıdır.
Altı gün ərzində “Sea Breeze” istirahət mərkəzində
bir neçə nəsil musiqiçilər populyar
mahnılarla mavi Xəzəri salamlayacaqlar.
Festival tamaşaçılarının rahat
gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
avtobuslar da ayrılıb. Festival məkanına avtobuslar hər
gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metro
stansiyasının cənub çıxışındakı
nəqliyyat mübadilə məntəqəsindən yola
düşür.
Mədəniyyət .- 2024.-26 iyul, №55-56.- S.1.