Nəsillərə örnək
ömrün səhifələri
Abdulla Şaiqin 43 il yaşadığı mənzildən
reportaj
İyulun 24-də görkəmli şair,
yazıçı-dramaturq, pedaqoq, Əməkdar incəsənət
xadimi Abdulla Şaiqin (1881–1959) vəfatının 65-ci
ildönümü tamam oldu. Uşaqların sevimli
yazarının, maarif fədaisinin xatirəsini onun mənzil-muzeyində
yad etdik.
Fotoqrafımızla muzeyin yerləşdiyi Abdulla
Şaiq küçəsi 21 ünvanına çatıb əməkdaşa
zəng edirik. Bu zaman binada yaşayan yaşlı bir xanım
dadımıza çatır. Muzeyə gəldiyimizi xəbər
alır, təsdiqləyirik. Deyir çöldə gözləməyin,
hava çox istidir... Təşəkkür edib binaya daxil
oluruq. Uzaq keçmişin yadigarı olan ensiz pilləkənlərlə
muzeyə qalxırıq.
Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli
bizi səmimi qarşılayır və onun bələdçiliyində
Şaiq ocağı ilə tanış oluruq. Bələdçimiz
əvvəlcə muzeyin tarixi haqqında məlumat verir. Deyir
ki, Abdulla Şaiq 1900-cü, bəzi mənbələrə
görə isə 1901-ci ildə Tiflisdən (doğulduğu
şəhər) Bakıya gəlir. Bu evdə yaşamazdan əvvəl
İçərişəhərdə Mirzə Yusif adlı
bir şəxsin evində kirayədə qalır. 1914-cü
ildə bu evə köçür. Bu mənzilin Abdulla
Şaiqə verilməsində Nəriman Nərimanovun
böyük köməkliyi olub. Abdulla Şaiq 1914-cü ildən
1957-ci ilə qədər burada, 1957-ci ildən
ömrünün sonuna qədər isə Hüsü
Hacıyev küçəsində yazıçılara verilən
binada yaşayıb.
– Bəs, muzey nə vaxt yaranıb?
– Muzey 1991-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı,
ədibin böyük oğlu görkəmli ədəbiyyatşünas-tənqidçi,
akademik Kamal Talıbzadənin təşəbbüsü ilə
yaradılıb. Gördüyünüz kimi, muzeyin binası qədimdir.
Təxminən 1905-ci ildə tikilib. Onu da deyim ki, bina
hazırda qəzalı vəziyyətdədir.
– Bununla bağlı müvafiq qurumlara müraciət
olunubmu?
– Bəli, muzeyin direktoru Ülkər Talıbzadə Mədəniyyət
Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, bina əsaslı
restavrasiya olunacaq.
– Bu zaman muzey fəaliyyətini necə davam etdirəcək?
– Yəqin ki, həmin vaxt bizə işləmək
üçün münasib məkan veriləcək.
– Bu 33 ildə muzeyə kimlər rəhbərlik edib?
– Muzeyin ilk direktoru Kamal Talıbzadə olub. 2006-cı
ildə Kamal müəllim rəhmətə gedib. 2006-cı
ildən 2009-cu ilə qədər muzeyə Kamal müəllimin
həyat yoldaşı Rəfiqə Talıbzadə rəhbərlik
edib. Rəfiqə xanımdan sonra qızı Ülkər
Talıbzadə muzeyin rəhbəridir.
Şaiqanə yad et!
Dörd otaqdan ibarət muzeyi gəzməyə
başlayırıq. İlk olaraq muzeyin girəcəyindəki
mis qablar diqqətimizi çəkir. Elminaz xanım bildirir ki,
bu mis əşyaları Abdulla Şaiqgil özləri ilə
Tiflisdən gətiriblər. Anası Mehri xanım bu
qab-qacaqdan mətbəxdə istifadə edib.
Muzeyin “Şaiqanə yad et!” adlanan birinci
otağındayıq. Otaqda Şaiqin əsərlərinin tərcümə
olunmuş variantları, özünün etdiyi tərcümələr,
ədibin həyat və yaradıcılığı
haqqında yazılan elmi əsərlər, latın, kiril və
əski əlifbada əlyazmaları və s. qorunub
saxlanılır. Əsərlərə nəzər yetiririk.
Onların arasında Nizaminin “İskəndərnamə” və
Firdovsinin “Şahnamə” əsərləri də var. Bələdçimiz
deyir: “Abdulla Şaiq Nizaminin “İskəndərmanə” əsərinin
I hissəsi olan “Şərəfnamə”ni dilimizə tərcümə
edib. Firdovsinin “Şahnamə”sini də dilimizə Abdulla
Şaiq çevirib. Yeri gəlmişkən, Abdulla Şaiq
Nizaminin “İskəndərnamə” əsərinin tərcüməsi
əsasında “Sehrli üzük”, “Fitnə” və
“Nüşabə” əsərlərini yazıb. Həmin əsərlərdən
“Fitnə” həm də səhnələşdirilib. Onun
afişası da bu otaqda nümayiş etdirilir.
Şaiqin doğulduğu ev
Otaqları dolaşmağa davam edirik. Şaiqin nəsil
şəcərəsinin ağac şəklində təsvirinin
qarşısında ayaq saxlayırıq.
– Abdulla Şaiqin əsli indiki Gürcüstanın
Borçalı (hazırda Marneuli rayonu) mahalındandır.
Onlara “axund uşaqları” deyiblər. Bu
gördüyünüz nəsil şəcərəsini vaxtilə
Kamal müəllim özü hazırlayıb. Ədibin
qohumlarının əksəriyyəti hazırda
Borçalıda yaşayır.
Bu zaman bələdçimiz diqqətimizin divardan
asılmış köhnə ev şəklinə yönəldiyini
görür:
– Bu ev Tiflisdə Şeytanbazar məhəlləsində
yerləşirdi. Abdulla Şaiq 1881-ci il fevralın 24-də məhz
bu gördüyünüz evdə anadan olub. Evin ikinci mərtəbəsində
yaşayıb. Tikilinin birinci mərtəbəsində isə
altısinifli “Rüşdiyyə” məktəbi yerləşirmiş.
Şaiq həmin məktəbdə təhsil alıb. Atası
Axund Mustafa isə məktəbin direktorunun II müavini olub, həm
də orada dərs deyib.
İndi isə Şaiqin anası Mehri xanımın
portretinin önündəyik. Mehri xanım Abdulla Şaiqin və
digər övladlarının təhsil almasında
böyük rol oynayıb. O, Şaiqi və digər
övladlarını Xorasana aparır. Şaiq burada
Füzulinin yaradıcılığı ilə tanış
olaraq qəzəllər yazmağa başlayır...
Şərqi Türküstanda həlak olan
qardaşından yadigar “Quran”
Otağın diqqətçəkən eksponatından
biri də üzərində Abdulla Şaiqlə oğlu Kamal
Talıbzadənin birgə təsviri olan xalçadır.
Xalça 2007-ci ildə muzeyin sifarişi ilə rəssam Afət
Mahmudova tərəfindən hazırlanıb. Xalçanın ətrafında
Şaiqin əsərlərindən illüstrasiyalar yer
alıb.
Bu isə Şaiqin qardaşı Axund Yusif Ziya
Talıbzadənin portretidir. Elminaz xanım Şaiqin
qardaşının acı taleyindən söz açır:
“Yusif Ziya dünyanın ilk İslam xəritəsini
hazırlayan şəxs olub. Onlar Xorasanda ikən dini təhsilini
davam etdirib və axund rütbəsi alıb. Bundan sonra
Türkiyəyə yollanır. Orada hərbi təhsil
aldıqdan sonra ordu sıralarına qoşulur, mayor
(minbaşı) rütbəsinə qədər yüksəlir.
Sonra Azərbaycana qayıdır. Azərbaycan sovetləşəndən
sonra Naxçıvana hərbi komissar göndərilir.
Naxçıvanda yerli idarəçilərlə aralarında
problem yaranır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri
Nəriman Nərimanova məktub yazaraq ölkədən getmək
üçün kömək istəyir. N.Nərimanovun köməkliyi
ilə Şərqi Türküstana üz tutur. Burada
Basmaçılar hərəkatına qoşulur.
Basmaçıların sırasında Qırmızı Orduya
qarşı vuruşur və döyüşlərin birində
həlak olur. Gördüyünüz bu qanlı cib “Quran”ı
Yusif Ziya vəfat edərkən üzərindən
tapılıb.
Şaiq 30-cu illər repressiyasından necə xilas
olub?Axund Yusiflə bağlı məlumatdan sonra bir sual bizi
düşündürür: görəsən, repressiya illərində
bütün dostları həbs edildiyi halda, nəyə görə
Şaiqə toxunulmayıb? Şaiq həm də dahi
şair-dramaturq Hüseyn Cavidlə yaxın dost olub... Bu
sualı bələdçimizə ünvanlayırıq.
– Abdulla Şaiqi repressiyanın qanlı pəncəsindən
onun tələbələri xilas edirlər. Onun tələbələrindən
yüksək vəzifə sahibi Ruhulla Axundov Şaiqi gözdən
uzaqlaşsın deyə Şuşaya dərs deməyə
göndərir. Digər bir tələbəsi Mirzə
İbrahimov isə özünün ön sözü ilə ədibin
əsərlərini nəşrinə nail olur və Şaiqi
sırf sovet yazıçısı kimi təqdim edir. Beləliklə,
Şaiq 30-cu illərin repressiyasından xilas olur. Bununla
bağlı hətta Şaiq öz xatirələrində
yazırdı ki, digər qələm yoldaşlarım kimi,
çamadanım çarpayının altında hazır
yatırdım ki, məni də gəlib apara bilərlər.
“Bəxtsiz rəfiqəmə”
Muzeyin qonaq otağındakı masa. Bu masa kimləri
öz ətrafına toplamayıb – Hüseyn Cavid, Mikayıl
Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun...
Hətta Şaiqlə bacanaq olan Xalq şairi Səməd
Vurğunun toyu da bu evdə keçirilib.
– Bildiyimə görə, A.Şaiq Şahzadə
xanımdan əvvəl də ailə həyatı qurub...
– Bəli, ədib Şahzadə xanımdan əvvəl
Raziyə adlı xanımla ailə həyatı qurub. Raziyə
xanım Şaiqin İçərişəhərdə kirayə
qaldığı evin sahibi olan Mirzə Yusif adlı şəxsin
qızı olub. Amma onların evlilikləri uzun sürməyib,
Raziyə xanım vaxtsız vəfat edib. Həkim onlara deyib
ki, Raziyə xanım əməliyyat olunsa belə, əməliyyatdan
sağ çıxmayacaq. Ona görə də qərara gəlinir
ki, Raziyə xanım əməliyyat olunmasın. Beləcə,
gənc xanım dünyasını dəyişir. Şaiq ona
“Bəxtsiz rəfiqəmə” adlı şeir həsr edir.
Nümunə məktəbi
Növbəti otağa keçirik. Burada Şaiqin
pedaqoji fəaliyyəti ilə bağlı sənədlər,
fotoşəkillər, dərsliklər, uşaqlar
üçün yazdığı nağıllara aid rəsmlər
və s. nümayiş olunur. Bələdçimiz müxtəlif
dərslikləri göstərir:
– Abdulla Şaiqin müəllimliyə
başladığı ilk dövrlərdə ölkəmizdə
dərsliklər çatışmırdı. O, qərar gəlir
ki, dərsliklər nəşr elətdirsin.
Gördüyünüz həmin dərsliklərdir. 1918-ci ildə
Cümhuriyyət hökuməti tərəfindən məktəblərin
milliləşdirilməsi ilə bağlı qərar
çıxarılır. O zaman ilk türkdilli məktəbi
Abdulla Şaiq yaradır. Həmin məktəb “Şaiq
nümunə məktəbi” adlanırdı. Bu adı ona
Şaiqin öz tələbələri vermişdi. Bu məktəb
indiki Azərbaycan Dövlət İqtisad Universiteti
binasının 3-cü mərtəbəsində yerləşirdi.
Burada divardan asılmış bütün saatların
əqrəblərinin eyni rəqəmin üzərində
sükuta qərq olmasının səbəbini xəbər
alırıq. Elminaz xanım söyləyir ki, Abdulla Şaiq
1959-cu il iyulun 24-də səhər saatlarında vəfat edib.
Ona görə də muzeydəki bütün saatlar Şaiqin
dünyadan köçdüyü zamanı göstərir.
“Masama” və “Kuzəmə”...
Muzeyin ən maraqlı eksponatlarından biri də ədibin
iş masasıdır. Bələdçimiz bildirir ki, günlərin
birində Şaiqin həyat yoldaşı Şahzadə
xanım oğlu Kamala masanı dəyişmək istədiyini
deyir. Bu sözü eşidən Şaiq çox məyus olur.
Masa arxasında əyləşərək “Masama” şeirini qələmə
alır. Şahzadə xanım bu şeiri oxuyandan sonra fikrindən
daşınır.
Digər bir eksponat da diqqətimizi cəlb edir. Öyrənirik
ki, Şaiqin Borçalıdan olan qohumları ona bir kuzənin
içində şərab göndərir. Rəssam, qrafika
ustası Nəcəfqulu İsmayılov bu kuzəni
illüstrasiyalarla bəzəyir. Şaiq də öz əlyazması
ilə “Kuzəmə” şeirini onun üzərinə həkk
edir.
Şəxsi kitabxana
Muzeydə eksponatlarla yanaşı, içi kitablarla
dolu rəf də var. Bu kitab rəfi də Abdulla Şaiqin
öz dövründən yadigardır. 1903-cü ildə
“Şərqi-Rus” qəzetində bir rus vətəndaş
öz şəxsi kitabxanasını satması haqqında elan
verir. Şaiq həmin kitabları alaraq öz evinə gətirir.
Otaqda həmçinin ədibin şəxsi əşyaları
və oğlu Kamal Talıbzadənin geyimlərinin
saxlanıldığı dolab da sərgilənir.
Bələdçimiz muzeydə nümayiş olunan
eksponatların heç birində dəyişiklik edilmədiyini
vurğulayır. Deyir ki, məqsəd Şaiqin irsinin olduğu
kimi qorunaraq gələcək nəsillərə
ötürülməsidir.
Sonda muzeyi ən çox kimlərin ziyarət etməsi
ilə maraqlanırıq. Bəlli olur ki, şairin
ocağını daha çox məktəblilər ziyarət
edirlər. Çünki şair uşaqları böyük məhəbbətlə
sevib, onların işıqlı gələcəyi
üçün böyük fədakarlıq göstərib.
Onlar muzeydəki eksponatlarla tanış olmaqla yanaşı,
burada keçirilən açıq dərslərdə də
iştirak edirlər. Muzeyə giriş ödənişsizdir.
Bununla da ömrünü Azərbaycan maarifinin, ədəbiyyat
və mədəniyyətinin inkişafına həsr edən
Abdulla Şaiqin ocağı ilə
tanışlığımız başa çatır. Maarif
fədaisi və mədəniyyət ocağı haqqında
maraqlı məlumat verən Elminaz xanıma təşəkkür
edib zəngin təəssüratla muzeydən
ayrılırıq.
Nurəddin Məmmədli
Mədəniyyət .-
2024.-26 iyul, ¹55-56.- S.7.