“Son illər daha
çox simfonik janrda əsərlər yazıram”
Eldar Mansurov: “Təəssüf ki, Azərbaycanda
orkestrin ifasını lentə alacaq imkanları olan səsyazma
studiyası yoxdur”
İncəsənət sahəsində
çalışanlarla bağlı çağdaş mətbuatımızı
ardıcıl izləyəndə belə bir təəssürat
yaranır: sanki teatr deyəndə göz önünə
aktyorlar, musiqi deyəndə müğənnilər gəlir.
Müğənnilərin tanınmasının əsl səbəbkarı
olan bəstəkarlar, aktyorlara rol verən rejissorlar isə bir
qədər diqqətdən kənarda qalıblar. İncəsənətin
digər yaradıcı insanlarını hələ demirəm.
O üzdən də bu seyrəkliyi dolğunlaşdırmaq,
diqqəti haqq edib nəzərdən kənar qalanlara üz
tutmaq lazımdır.
Müsahibimiz son illər mətbuatda da, televiziya
ekranlarında da az görünən bəstəkar, Xalq artisti
Eldar Mansurovdur.
– Eldar müəllim, nədənsə son vaxtlar sizi
az-az görürük, az-az eşidirik.
– Mən işləyirəm, yaradıcılıqdan
uzaqlaşmamışam. Ötən ilin payızında
filarmoniyada müəllif konsertim keçirildi. Əvvəllər
də müəllif konsertlərim olub. Amma simfonik musiqidən
ibarət konsertim ilk dəfə baş tuturdu. Həmin konsertdə
iştirak edən bəzi adamlar məsləhət
gördülər ki, bu əsərləri xaricə
çıxarmaq lazımdır.
– Nə gözəl. Deməli, xəbər
tutduğumuz Budapeşt konsertinə vəsilə olanlar
varmış…– İş belə gətirdi ki, xarici ölkədə
ilk müəllif konsertim Macarıstanda oldu. Konserti Azərbaycanın
Macarıstandakı Səfirliyi təşkil etmişdi. Səfir
Tahir Tağızadə başda olmaqla səfirliyin
bütün əməkdaşları, Azərbaycan diasporu
konsertdə iştirak etdi. Onlar ölkədəki diplomatik
korpusun nümayəndələrini, dövlət xadimlərini
dəvət etmişdilər. Konsertə bilet də
satılmışdı.
İyunun 17-də Budapeştdəki Ferens List adına
salonda Solnok şəhər simfonik orkestrinin konsertində mənim
əsərlərim səsləndi. Solnok balaca şəhər
olsa da, çox sanballı simfonik orkestri var. Təsəvvür edirsiniz, bu orkestr
ildə təxminən 120 konsert verir. Bizim filarmoniyanın
simfonik orkestrinin baş dirijoru, Əməkdar artist Fuad
İbrahimov orkestri idarə etdi. Bizimlə birlikdə Əməkdar
artist, Musiqili teatrın aktrisası Nərgiz Kərimova da
Budapeştə getmişdi, o da mənim “Vokaliz” əsərimi
orkestrin müşayiəti ilə ifa etdi.
Mən konsertdən
fraqmentlərə baxdım. Azərbaycan bəstəkarının
əsərlərini çox bəyənmişdilər…
– Tamaşaçılar təxminən on dəqiqə
alqışlayandan sonra Fuad İbrahimovun bis üçün
hazırladığı bir əsərimi də orkestr ifa etdi.
Konsertdən sonra diplomatlar yaxınlaşıb təəssüratlarını
bölüşdülər, Argentinanın səfiri isə
heyrətlə mənim “Tanqo” əsərimi təriflədi.
Düzdür, orkestrlə cəmi üç məşqimiz
olmuşdu. Proqramı elə tərtib etmişdik ki, dincləyicilər
üçün maraqlı olsun, yorulmasınlar. Həm milli, həm
müasir üslubda əsərləri proqrama daxil etmişdik
ki, hər zövqə uyğun gəlsin. Bilirsiniz, belə bir
stereotip formalaşıb ki, simfonik əsər mütləq
uzun çəkməlidir, ən azı 25-30 dəqiqə
çalınmalıdır. Amma elə deyil. Mən proqrama
“Kosmos” simfoniyamdan yalnız bir hissəni
daxil etmişdim.
– “Bəhramnamə” də
var idi proqramda?
– Yox, “Bəhramnamə” üzərində yenidən
işləyirəm. Onu yəqin ki, gələn il təzədən
təqdim edəcəyəm. Dirijor Mustafa Mehmandarov ilə
birlikdə işləyəcəyik.
– Yəqin ki, Macarıstanda vaxtınız yalnız məşqlə,
ya da Budapeşti gəzməklə keçmədi…
– Macarıstandakı diaspor təşkilatının əsas
üzvləri gənclərdir. Azərbaycan evinin rəhbəri
İbrahim Səfərli bizi onlarla görüşə
çağıranda məmnuniyyətlə
razılaşdıq. Fuad İbrahimov onlara həm cavan baş
dirijor, gözəl musiqiçi kimi sənət barədə
bəhs etdi, həm də əslən şuşalı
olduğu üçün də Şuşanın tarixi, musiqi
mühiti barədə, işğaldan əvvəlki,
işğal vaxtı, işğaldan sonra baş verənlər,
görülən işlər haqqında danışdı.
– Siz nədən danışdınız?
– Belə deyək ki, hər şeydən.
Uşaqları daha çox “Bayatılar” mahnısı
maraqlandırırdı.
– Həqiqətən də, “Bayatılar”la
maraqlanmağa dəyər. Demək olar ki, dünyanı gəzib.–
Özüm də zarafatla deyirəm ki, “Bayatılar” Arktika ilə
Antarktidadan başqa dünyanın bütün qitələrində
olub. Hərdən fikirləşirəm ki, “Bayatılar”ı bəstələməyim
Allahın işidir. Allahın mənə verdiyi istedadı
xalqımla paylaşmışam. Mən bunu qəbul edirəm
ki, azərbaycanlılar niyə bu mahnını bu qədər
çox sevdi. Amma xaricilərin bu mahnıya
bağlanmağı adama bir qədər qəribə gəlir.
– İcazə verin, sizinlə razılaşmayım.
Necə olur ki, bütün dünya az qala yetmiş ildir ki,
yalnız bir mahnısı tanınan gənc ispan
qızının bəstələdiyi “Besomo muço”nu sevə-sevə
oxuyur, – heç kim qəribə qarşılamır, amma
dünya “Bayatılar”ı oxuyanda qəribə olur?
– Nə bilim. Əslində, siz haqlısınız.
Düzünə qalsa, gərək hamımız bir Azərbaycan
mahnısının dünyanı gəzməsinə sevinməliyik.
Amma hərdən görürsən ki…
– Siz də görün, amma baxmayın…
– Mən onsuz da başımı aşağı
salıb işləyirəm. Çalışıram ki,
yazdıqlarım dinləyicilərin xoşuna gəlsin.
– Bəs sizin üçün xoşa gəlmək
meyarı var?
– Lap cavanlığımdan yazdıqlarımı
hamıdan əvvəl ailə üzvlərinə dinlədərdim.
Anam uzun illər mənim ilk dinləyicim olub. Gecəyarı səsyazma
studiyasından evə gələndə görərdim ki, anam
yatmayıb, məni gözləyir. Maqnitofonu qoşardım,
qulaq asardı, sonra da deyərdi ki, filan yerini bir az dəyişsən
necə olar və s. Sonralar da bu işi xanımım görməyə
başladı. İndi də əsər barədə onun,
övladlarımın fikrini soruşuram. Düzdür, mən
yenə də öz fikrimdə qalıram, amma ətrafdakı
insanların da fikrini bilmək lazımdır.
– Yaxşı bədii şuranız var…
– Elədir. Amma yenə də öz əsərlərimi
gərək hamıdan əvvəl özüm bəyənəm.
Atamın bir sözü vardı. Deyərdi ki, səni
ağlatmaq üçün gərək birinci özüm
ağlayam. İnsanlara pis, zəif əsər təqdim etmək
olmaz. Onlara yaxşını göstərmək
lazımdır ki, həmin o yaxşını suçəkən
kağız kimi özünə çəksinlər.
– Nədənsə təzə
mahnılarınızı eşitmirik. Yazmırsınız,
yoxsa geniş yayıla bilmir?
– Son illər mahnı yazmıram. Bir də ki, mənim
əsas dinləyicim internet resurslarındadır. Demək olar
ki, bütün əsərlərim oradadır. Son illər daha
çox orkestr musiqisi, simfonik janrda əsərlər
yazıram. Əsas niyyətim də budur ki, əsərlərim
Azərbaycandan kənarda özünə dinləyici
toplasın.
– Simfonik əsərlərin alətlər
üçün işlənməsi də, onları lentə
almaq da asan iş deyil.
– Orkestr üçün işləməni mən
özüm edirəm. Həm də çalışıram
ki, xarici orkestrlərlə əməkdaşlıq edim.
Neçə il bundan əvvəl Xarkov, Kiyev teleradiosu orkestrləri
ilə bir neçə əsərimi lentə
aldırmışam. Çox təəssüf edirəm ki, Azərbaycanda
orkestrin ifasını lentə alacaq imkanları olan səsyazma
studiyası yoxdur. Yoxsa ki, elə öz orkestrlərimizlə əsərlərimi
lentə aldırardım. Neçə sanballı
musiqiçilərimiz, istedadlı dirijorlarımız var. Bizim səsyazma studiyamız isə
bərbad gündədir. Bu gün simfonik əsərlərimizi,
Azərbaycan simfonizmini xaricə çıxarmaq, təbliğ
etmək, tarix üçün saxlayıb qorumaqdan ötrü
mütləq müasir tələblərə cavab verən səsyazma
studiyamız olmalıdır. Buna görə də
çalışıram ki, əsərlərimi xaricdə lentə
yazdırım.
– Eldar müəllim, axı xaricdə də bizim ala
gözümüzə, qara qaşımıza aşiq olub səsyazma
studiyasının qapısını üzümüzə
açmayacaqlar?...
– Elədir. Mən bütün
qazandığımı elə əsərləriminin təbliğinə
xərcləyirəm. İstəyirəm ki, nə
yazmışamsa, qalsın. Rəqəmsal resurslarda da qalan əsərlərim
yaxşı səviyyədə, sanballı orkestrlərin
ifasında lentə alınıb yadigar qalsın.
– Budapeştdən sonra nələr olacaq?
– Mən arxı hoppanmamış bərəkallah demərəm.
Olacaq, nələrsə olacaq. Təvazökar görünməsə
də, deyim ki, mən heç bir konsertimin proqramını
ikinci dəfə eynilə təkrarlamıram. Əsərlər
nə qədər bəyənilsə də, növbəti
konsertdə ən azı əsərlərin
yarısını təzələyirəm.
***
Bəstəkar Eldar Mansurov onlarla populyar mahnısı
ilə öz yaradıcılığını geniş
auditoriyaya sevdirmiş bəstəkarlarımızdandır. Son
illər isə seçdiyi yaradıcılıq istiqamətində,
simfonik musiqi ölçüsündən baxanda kiçik və
orta həcmli simfonik əsərlər yazmağa həvəslidir.
Bəlkə də daha populyar musiqi janrlarını dinləməyə
meyilli auditoriya elə Eldar müəllimin simfonik əsərləri
ilə daha ciddi musiqiyə yaxınlaşacaq?
Gülcahan
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.5.