Tarixi-mədəni
irs və 3D texnologiyaları
Ölkəmizdə bu sahədə vəziyyət necədir?
Son illərdə həyatın bir çox sahələrində
olduğu kimi, tarixi-mədəni irs nümunələrinin, o
cümlədən abidələrin sənədləşdirilməsində
innovativ vasitələrdən geniş istifadə olunur. Məsələn,
3D skan mədəni irsin uzunmüddətli qorunmasına innovativ
yanaşmanın bir hissəsinə çevrilib. Abidələrin
və artefaktların yüksəkkeyfiyyətli 3D qeydləri
bizə ortaq mədəniyyət tariximizi izləməyə,
öyrənməyə və təbliğ etməyə imkan
verir.
Xəbər verdiyimiz kimi, İstanbuldakı dünyaca
məşhur Ayasofya məbədinin elektron surəti
yaradılıb. Bu, 15 əsr tarixi olan tikilinin zəlzələdən
zərər gördüyü halda belə bərpasına
imkan verəcək. Layihə Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi
tərəfindən həyata keçirilib. Mütəxəssislər
iki il ərzində binanın, demək olar ki, hər kvadrat
santimetrini skan edərək Ayasofyanın “elektron kloun”unu
yaradıblar.
Bəs, görəsən, ölkəmizdə əsrlərlə
yaşı olan tarix-mədəniyyət abidələri ilə
bağlı analoji addım atılıbmı? Bu sualla öncə
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinə müraciət etdik.
Qurumdan bildirildi ki, tarix-mədəniyyət abidələrinin
qorunması, tədqiqi, bərpa və konservasiyası, eləcə
də təbliği istiqamətində müasir metodların tətbiqi,
qabaqcıl dünya təcrübəsinin
araşdırılması və praktiki işdə istifadəsi
ilə bağlı addımlar atılır. Bu istiqamətdə
bir sıra ölkələrlə o cümlədən,
Türkiyə və İtaliya ilə əməkdaşlıq əlaqələri
genişləndirilir, təcrübə mübadiləsi
aparılır. Dövlət Xidməti eyni zamanda UNESCO,
Türk Mədəniyyəti və İrsi Fondu, Mədəni
Mülkiyyətin Mühafizəsi və Bərpasının
Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz
(ICCROM), Mədəni İrs üzrə Asiya Alyansı (ACHA)
kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edir.
Ölkəmizdə də tarix-memarlıq abidələrinin
bərpa-konservasiya işləri beynəlxalq standartlara və
müasir metodlara əsaslanır. Artıq abidələrin bərpa
layihə sənədləri hazırlanarkən lazer skan
olunaraq elektron maketləri hazırlanır. Məsələn,
Gədəbəy rayonunda Qız qalası, Qaradağ rayonunda
Miəcik karvansarası, Ağdamda Şahbulaq qəsri,
Maştağada hamam və digər abidələrin elektron surəti
çıxarılıb. Gələcəkdə digər abidələrin
də elektron surətinin çıxarılması və
elektron bazanın yaradılması nəzərdə tutulur.
Qız qalası “World Heritage 3D Scanning”də
Növbəti müraciət etdiyimiz instansiya
İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu oldu. Bununla bağlı bildirildi ki, 2020-ci ildə
qoruq idarəsinin “İçərişəhər” Muzey Mərkəzi
tərəfindən Qız qalası “World Heritage 3D Scanning”
proqramına təqdim olunub. Layihə Almaniyanın “EKÌ Global
Consulting GmbH” şirkəti və mədəni irs üzrə
startaper Səbinə Zülalovanın birgə əməkdaşlığı
ilə həyata keçirilib.
Layihə İçərişəhərin
Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə
birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin
20-ci ildönümünə həsr edilib. Burada tətbiq edilən
“World Heritage 3D Scanning” proqramı ilə tarixi abidələrin
vizuallaşdırılması və sənədləşdirilməsi
həyata keçirilir. Proqram vasitəsilə memarlıq və
mədəni irs obyektinin rəqəmsal arxivləşdirilməsi
üçün xüsusi sənədlər yaradılır.
Hər hansı bir obyekt tam ölçüdə skan edərkən
tikili müxtəlif səbəblərdən dağılmaya məruz
qalarsa, onun yenidən peşəkar şəkildə
qurulması və bərpası zamanı istifadə edilə
bilən rəqəmsal mediada saxlanılır. İlk dəfə
Qız qalası 3D 360 dərəcə bütün mərtəbələr
əks olunmaqla, abidənin yuxarısından şəhərin
panoramik mənzərəsi öz veb-saytınıza yerləşdirə
biləcəyiniz virtual tur üçün keçid kodu ilə
təqdim edilib. Burada məlumatlar Azərbaycan və ingilis dillərində
yerləşdirilib. Mədəni irs obyekti haqqında məlumatların
düzgünlüyü və peşəkar sənədlərin
vacibliyi baxımından 3D skan təqdimat vacib əhəmiyyət
kəsb edir. Bu funksiya gələcəkdə abidələrin
qorunması və bərpa işlərində mütəxəssislərin
işini xeyli asanlaşdıracaq.
Bu layihə eyni zamanda yaşadığı ölkədən
asılı olmayaraq, hər kəsin
rəqəmsallaşdırılmış abidəyə
virtual ekskursiya etmək imkanı yaradır. Bununla hətta hər
çınqıl daşını, bütün mürəkkəb
oyma naxışlarını, hər bir eksponatı araşdırmaq
mümkündür. Elektronlaşdırma zamanı
bütün obyektlərin real ölçüləri və həcmləri
qorunub saxlanılır.
Səbinə Zülalova qeyd edir ki, ilk layihədən
sonra Qara Qarayevin Ev-Muzeyi, İçərişəhərdəki
Bəylər məscidi də 3D skan edilərək
elektronlaşdırılıb.
Qeyd edək ki, lazer skanlama artıq dünyada təkcə
bərpa və yenidənqurma işlərində deyil, bir
çox başqa sahələrdə, məsələn,
kommunal xidmətlərin layihələndirilməsində və
tikinti-bərpa işlərində istifadə olunur. Hazırda
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
həyata keçirilən bərpa və yenidənqurma işlərində
də bu texnologiya tətbiq edilir. Məlumdur ki, erməni
işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurdakı
əksər tarix-memarlıq abidələrimiz vandalizmə məruz
qalıb. Həmin ərazilərdəki tarixi-mədəni
irsin rəqəmsal arxivləşdirilməsi onların vəziyyətini
mümkün qədər dəqiq qiymətləndirməyə
imkan verəcək və bu obyektlərin bərpasına
böyük köməklik göstərəcək.
Bir sözlə, 3D texnologiyaları hazırda mədəniyyətə
çıxışı genişləndirmək, mədəni
irsi qorumaq, yaradıcılıq və innovasiyaya təkan vermək
üçün geniş imkanlar təklif edir.
Lalə Azəri
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.6.