Memarlığı
peşəsi deyil, həyatı sanan sənətkar
Azərbaycan milli memarlığının
inkişafına töhfələr vermiş sənətkarlarımızdan
biri də Əməkdar memar, Dövlət mükafatı
laureatı, “İstiqlal”, “Şərəf” və “Şöhrət”
ordenli Rasim Əliyev olub. O, bənzərsiz əsərləri
ilə memarlıq tariximizdə silinməz izlər qoyub. Bu il
görkəmli memarın anadan olmasının 90 illiyidir.
Rasim Əliyev 16 iyul 1934-cü ildə Gəncə
şəhərində görkəmli coğrafiyaşünas-alim,
akademik Həsən Əliyevin ailəsində anadan olub. 1952-ci
ildə orta məktəbi müvəffəqiyyətlə
bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun
Memarlıq fakültəsinə qəbul olunur. 1958-ci ildə
ali təhsilini uğurla başa vurur, təyinatla “Azərdövlətlayihə”
İnstitutunda əmək fəaliyyətinə
başlayır. O, 1965-ci ilə qədər burada memar, daha
sonra emalatxana rəhbərinin müavini vəzifəsində
çalışır.
Görkəmli memar Azərbaycan şəhərlərində
arxitekturanın təkmilləşdirilməsi və
inkişafı üçün böyük səylər göstərir.
Bakının baş memarı olduğu 14 illik (1974–1988)
dövrdə paytaxtımızın müasir simasının dəyişməsi
yönündə böyük əmək sərf edir.
Araşdırmalarda qeyd edilir ki, ötən əsrdə
Bakının sistemli və planlı inkişafı məhz
onun müəllifi olduğu Baş plan əsasında həyata
keçirilir. Şəhərətrafı bir çox
yaşayış massivləri (Əhmədli və Yeni Günəşli,
8-ci və 9-cu mikrorayonlar) salınır.
Rasim Əliyevin ən uğurlu layihələri
sırasında “Ulduz” sarayı xüsusi yer tutur. Azərbaycana
gələn yüksəkvəzifəli dövlət rəsmlərinin
qonaq evi kimi nəzərdə tutulan bina respublikanın rəhbəri
Heydər Əliyevin göstərişi və nəzarəti
altında tikilir. Sarayın memarlıq həllində daha
çox milli ornamentlərə üstünlük verilir.
Binanın xarici və daxili görünüşündə,
sütunların bəzədilməsində milli memarlıq
elementlərindən geniş istifadə edilir. Sarayın
tavanına isə səkkizguşəli ulduzabənzər
naxışlar vurulur.
Müstəqillik dövründə həmin layihələndirmə
və inşaat işlərindən söz düşərkən
Rasim Əliyev demişdi: “Üstündən neçə illər
keçəndən sonra bizə məlum oldu ki, əslində,
səkkizguşəli ulduzun mənası nə imiş və
nəyə görə Heydər Əliyev məhz onun
üstündə dayanırdı”.
Rasim Əliyevin diqqətçəkən memarlıq
işlərindən biri də görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın adını
daşıyan Milli Oftalmologiya Mərkəzinin binasıdır.
Memarın 1970-ci illərdə Moskva Səhiyyə Müəssisələrinin
Layihələndirilməsi üzrə Aparıcı Layihə-Tədqiqat
İnstitutunun mütəxəssisi Viktor Lifşitslə birgə
layihələndirdiyi mərkəzin yaradılması
ideyası akademik Zərifə xanım Əliyevaya məxsusdur.
O vaxt bu layihəni həyata keçirmək üçün
Bakının baş memarı olan Rasim Əliyev və akademik
Zərifə xanım Əliyeva tikinti üçün ərazilərə
yerindəcə baxış keçirir və uyğun yer
seçirlər. Bakının 9-cu və 4-cü
mikrorayonları arasındakı boş sahədə
böyük bir oftalmoloji mərkəzin inşasına
başlanılır. Ancaq həmin dövrdə mərkəzin
tikintisi yarımçıq qalır. Azərbaycan müstəqillik
qazandıqdan sonra Prezident Heydər Əliyevin rəhbərliyi
altında tikinti başa çatdırılır.
Ömrünün böyük bir hissəsini quruculuq
işlərinə həsr edən görkəmli sənətkarın
zəngin memarlıq irsinə Bakı şəhərindəki
teleqüllə (1996), Heydər Əliyev Beynəlxalq Hava Limanı,
Hüseyn Cavid parkı, Bakı Metropoliteninin “Xalqlar
dostluğu” və “Həzi Aslanov” stansiyaları da daxildir.
Onun memarlıq nümunələri paytaxtımızla
məhdudlaşmır. Naxçıvan Beynəlxalq Hava
Limanı, Naxçıvan şəhərində Hüseyn
Cavid məqbərəsi, Heydər Əliyev Muzeyi və
parkı, Quba, Sabirabad, İsmayıllı və Xırdalan
şəhərlərində tikilən meydan və parklar, mədəniyyət
evləri, onlarla inzibati, ictimai və yaşayış
binaları da sənətkarın diqqətəlayiq işlərindəndir.
Ölkəmizin Türkiyədəki səfirliyinin
binasının memarlıq həlli də onun əməyinin məhsuludur.
Ulu öndər Heydər Əliyevin məzarüstü abidə
kompleksinin kompozisiya layihəsinin hazırlanmasında da Rasim
Əliyevin imzası var. Görkəmli heykəltaraş,
akademik Ömər Eldarovla birgə ərsəyə gətirilən
bu əzəmətli abidə kompleksi hər iki sənətkarın
böyük dövlət xadimi Heydər Əliyevə dərin
ehtiramının təcəssümüdür.
Rasim Əliyev atası akademik Həsən Əliyev,
anası Zərqələm Əliyeva və əmisi Heydər
Əliyevin ruhlarına ehtiramla “Xatirələr” adlı kitab da
yazıb. Kitabın ön söz müəllifi Xalq
yazıçısı Anar nəşrin böyük bir
ömrün salnaməsi olduğunu qeyd edir. Bildirir ki, kamil bir
Azərbaycan ziyalısı olan Rasim Əliyevin əsərləri
onun zəngin sənət həyatını əks etdirir.
Görkəmli memarın müəllifi olduğu
“Keçmişdən gələcəyə” kitabı da sənətsevərlər
tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin
sədri Elbəy Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin
inkişafındakı xidmətlərini dəyərləndirərək
deyib: “Onun əsərlərinin əksəriyyətində Vətənə
olan məhəbbətinin təzahürləri hiss olunur. O həm
də gözəl rəssamdır. Çəkdiyi portretlərdə
insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim
Əliyevin rəng seçimi, rəssamlıq texnikası,
tablolarında əks etdirilən lirika onun öz xarakterindən
irəli gəlir”.
Şəhərsalma və memarlıq sahəsindəki
xidmətləri yüksək qiymətləndirilən Rasim
Əliyev “Əməkdar memar” (1979) fəxri adı,
respublikanın Dövlət Mükafatı (1982), eləcə
də müstəqil Azərbaycanın “Şöhrət”
(2000), “Şərəf” (2009) və “İstiqlal” (2014) ordenləri
ilə təltif olunub. Sənətinin şöhrəti
ölkə hüdudlarını aşan Rasim Əliyev Beynəlxalq
Memarlıq Akademiyası, Rusiya Memarlıq və İnşaat
Akademiyası və Şərq
Ölkələri Memarlıq Akademiyasının həqiqi
üzvü olub.
Memarlığı peşəsi kimi yox, həyatı
kimi qəbul edən sənətkar 13 noyabr 2021-ci ildə,
ömrünün 87-ci ilində dünyasını dəyişib,
I Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.6.