Bakıda Özbək Kinosu Günləri
“Tamaşaçılar göstərdiyimiz filmləri
öz filmləri kimi qəbul etdi”
Xəbər verdiyimiz kimi, iyulun 20-dən 23-dək
Bakıda Özbək Kinosu Günləri keçirilib.
Qardaş ölkənin kino günləri Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı
ilə gerçəkləşib.
Nizami Kino Mərkəzində keçirilən
açılış mərasimində Azərbaycan mədəniyyət
nazirinin müavini Murad Hüseynov, Özbəkistan
Respublikası mədəniyyət nazirinin birinci müavini
Avazxon Tadjixanov, “Özbəkkino” Milli Agentliyi baş direktorunun
müavini Əlişer Xocayev və iki ölkənin kino xadimləri
və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Murad Hüseynov çıxışında diqqətə
çatdırıb ki, Azərbaycan və Özbəkistan
arasında kino sahəsində əlaqələrin təməli
1955-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən
çəkilən “Görüş” filmi ilə qoyulub.
Sonrakı illərdə “Azərbaycanfilm”də istehsal
olunmuş “Qızıl qaz”, “Bəyin oğurlanması” filmlərində
özbək aktyorlar da çəkilib. 80-ci illərdə Azərbaycan
aktyorları Rasim Balayev, Tariyel Qasımov, Fəxrəddin
Manafov və digərləri bir sıra özbək filmlərində
rol alıblar. Hazırda Azərbaycan Dövlət Film Fondunda
46 Özbəkistan filmi və digər kino materialları qorunub
saxlanılır.
Avazxon Tadjixanov da iki ölkənin kino sahəsində əlaqələrinin
zəngin tarixi olduğunu vurğulayıb. Bildirib ki, bu gün
Özbəkistanda “Arşın mal alan”, “Qayınana” və s. məşhur Azərbaycan
filmlərinə maraqla baxılır.
***
Kino proqramında dörd ekran əsəri – “Yasha, xotin” (“Yaşa, arvad”),
“Evrilish” (“Təkamül”), “Bahadur Yalanqtuş” və “Hakim”
filmləri nümayiş olunub.
Proqramın sonuncu günü dost ölkənin
müasir ekran nümunələrindən tarixi mövzulu
“Bahadur Yalanqtuş”, eləcə də “Hakim” filmlərinə
baxdıq.
Filmi izləyənlər arasında Xalq artisti,
kinorejissor Vaqif Mustafayev, ARKA-nın direktor müavini Qurban
Pirimov, Özbəkistandan gələn nümayəndə heyətinin
üzvləri də vardı.
Nümayişdən sonra ekran əsərinin
prodüseri Zəfər Yoldaşevdən kino günləri ilə
bağlı təəssüratını soruşduq. O dedi:
“Dörd gündür buradayıq. Nümayiş etdirdiyimiz
dörd filmi biz məxsusi olaraq seçib gətirmişik. Janr
baxımından müxtəlif mövzulu filmləri azərbaycanlı
həmkarlar və tamaşaçılarla bölüşmək
istədik. Vətənə xoş təəssüratla
qayıdırıq. Həm məhsuldar görüşlərimiz
oldu, həm də yüksək qonaqpərvərlik
gördük. Çox şadam ki, Azərbaycan
tamaşaçıları bizim filmləri elə öz filmləri
kimi qəbul etdilər. Biz türksoylu xalqlar olaraq dil, din, tarix
və adətlər baxımından bir-birimizə çox
yaxınıq. Milli-mənəvi dəyərlərimizin
yaxınlığı bizi birləşdirir. Eyni zamanda bu səfər
zamanı azərbaycanlı prodüser, rejissor, aktyor və
kaskadyorlarla görüşümüz oldu. Fikir mübadiləsi
apardıq, birgə layihələr barədə
danışdıq”.
Azərbaycanlı tamaşaçıların “Namus”
adlı özbək serialından tanıdıqları aktrisa,
Özbəkistanın Əməkdar artisti Müyəssər
Berdikulova da təəssüratını bizimlə
bölüşdü: “İlk növbədə, Bakı şəhərində
bu gözəl kino günlərinin gerçəkləşməsinə
görə təşkilatçılara minnətdarlığımı
bildirirəm. Bakıda nümayiş olunan “Hakim” filmində mən
də rol almışam. Bəzi səbəblərdən filmin
baş qəhrəmanları Bakıya gələ bilmədilər.
Filmin baş qəhrəmanı Əzizə uzun müddət
hakimlik edən hörmətli və həddindən artıq
ehtiyatlı bir qadındır. Bütün fəaliyyəti
dövründə o, müxtəlif mürəkkəblikdə
olan bir çox halların öhdəsindən gələ
bilib. Nəzərə alsaq ki, onun arxasında bu qədər zəngin
iş təcrübəsi var, indi onun üçün təəccüblü
heç nə yoxdur. Lakin tezliklə yeni cinayət işi ilə
üzləşir və bu onu böyük stresə salır...
Filmdə Əzizənin şəxsi həyatı ilə
karyerası paralel təsvir olunur. İnanıram ki, azərbaycanlı
tamaşaçılar filmi bəyəniblər. Bu filmdə
bir sıra ənənələrimiz də təqdim edilir”.
Müyəssər xanım səfər zamanı Azərbaycan
Dövlət Film Fondunda olduqlarını da diqqətə
çatdırdı: “Azərbaycan və Özbəkistan
kinematoqrafçıları dəfələrlə birgə
layihələrdə çalışıblar. Çox istərdim
ki, bu mütərəqqi ənənələr bundan sonra da
yaşadılsın. Dövlət Film Fondunun direktoru Cəmil
Quliyev kino əlaqələrimiz haqqında maraqlı fikirlər
söylədi”.
İyulun 23-də Azərbaycanda peşəkar kaskadyor
sənəti ilə məşğul olan, aktyor və
döyüş səhnələrinin rejissoru Sain Fərhad Fərmanlı
da özbəkistanlı kino mütəxəssisləri Zəfər
Yoldaşev, Boir Xolmirzayev və Bəxtiyar Fəttahovla
görüşüb, gələcək əməkdaşlıqla
bağlı müzakirə aparıb.
Qeyd edək ki, bundan öncə ölkəmizdə
Özbək Kinosu Günləri 2022-ci ilin 7-9 dekabr tarixlərində
keçirilib.
Lalə Azəri
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.1;3.